Prezident İlham Əliyev: Manatın məzənnəsinin dəyişdirilməsi qaçılmaz bir hal idi

“Baxmayaraq ki, fevral ayında manatın məzənnəsində dəyişiklik edilmişdir və bu da istər-istəməz idxal olunan malların qiymətinə təsir edə bilərdi. Ancaq görülən tədbirlər nəticəsində istehlak bazarında vəziyyət tam sabitdir. Qiymətlərin qalxmasına imkan vermədik, qiymətlər sabitdir, sabit də qalmalıdır”. Trend-in AzTV-yə istinadən verdiyi məlumata görə, bunu Prezident İlham Əliyev aprelin 10-da Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.

Prezident qeyd edib ki, ümumiyyətlə, manatın məzənnəsinin dəyişdirilməsi qaçılmaz bir hal idi: “Çünki biz 2005-ci ildə pul islahatını apararkən bir manatı bir dollara bərabərləşdirdik. O vaxta qədər bir dollar 5000 manat idi və bu balans saxlanılmalı idi. Əslində biz imkan verməməliydik ki, manat çox bahalaşsın. Çünki bu, yerli istehsalçılara da mənfi təsir göstərir, bizim ixrac imkanlarımıza da əngəllər törədir. Ancaq ölkə iqtisadiyyatının çox sürətli inkişafı və neft gəlirlərinin kütləvi şəkildə xəzinəyə daxil olması manatı çox gücləndirdi. 2005-ci ildə biz pul islahatını apardıq, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşdü və böyük gəlirlər gəlməyə başladı. Nəticə etibarilə biz gördük bir manat artıq 1,3 dollar səviyyəsindədir. Ondan sonra gördük ki, hətta bir manat bir avrodan da qiymətlidir və bahalıdır”.

İlham Əliyevin sözlərinə görə, bu, tamamilə qeyri-təbii bir məzənnə idi. Buna son qoyulmalı idi: “Bu gün bütün mötəbər beynəlxalq maliyyə qurumları bizim addımızı dəstəkləyir, alqışlayır. Eyni zamanda əhali də görür ki, məzənnənin dəyişdirilməsinin əhalinin gündəlik həyatına təsiri olmamışdı. Ona görə ki, ilk növbədə vaxtilə görülən işlər nəticəsində biz gündəlik təlabat məhsullarının böyük hissəsini özümüz istehsal edirik. Digər tərəfdən istehlak bazarına nəzarət gücləndirilmişdi və möhtəkirlərə qarşı çox ciddi mübarizə aparılmışdı”.

Prezident daha sonra deyib: “Bilirsiniz ki, biz istəyirdik ki, məzənnəni tədricən, yavaş-yavaş dəyişdirək. Amma ondan sonra ajiataj yarandı. Hər gün 500 milyon dollar vəsait bazarlardan yığışdırılırdı, alınırdı. Belə getsəydi, bizim Mərkəzi Bankın valyuta ehtiyatları kəskin şəkildə aşağı düşə bilərdi. Ona görə də görülən tədbirlər nəticəsində iqtisadiyyatımızın şaxələndirilməsi, sosial siyasətimiz, eyni zamanda biz imkan vermədik ki, bu vəziyyətdən natəmiz insanlar istifadə etsin, bütün bu məsələlər vəziyyətin sabit qalmasına xidmət göstərdi”.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan yeganə ölkə deyildi ki, milli valyutası devalvasiya uğramışdı: “Son vaxtlar bizim qonşuluğumuzda, bölgədə vəziyyət bundan ibarətdir – Qazaxıstanda milli valyuta 20 faizdən çox aşağı düşdü, Türkmənistanda 20 faizdən çox devolvasiya uğradı, Gürcüstanın milli valyutası 30 faizdən çox qiymətdən düşdü, Türkiyədə 2013-2015-ci illərdə türk lirəsi 40 faiz qiymətini itirdi, İranda 2013-2015-ci illərdə milli valyuta 113 faiz aşağı düşdü, Rusiyada son vaxtlar rubl 80 faiz aşağı düşdü, Avro dünyanın aparıcı iki-üç valyutalarından biri 25 faiz qiymətini itirdi, Norveç milli valyutası 34 faiz qiymətini itirdi. Sadəcə olaraq müqayisə üçün bu rəqəmləri səsləndirdim”.

İlham Əliyev qeyd edib ki, Azərbaycanda məzənnənin dəyişdirilməsi əslində məzənnənin bərpası deməkdir: “Biz 2005-ci ildə müəyyən etdiyimiz məzənnəni bərpa etdik. O vaxt bir manat bir dollar idisə, bu gün də bir manat bir dollardır. Hesab edirəm ki, bundan sonra da belə olmalıdır.

Eyni zamanda biz inhisarçılığa qarşı mübarizəni daha da gücləndirməliyik, əlavə tədbirlər görülməlidir, yerli istehsalın stimullaşdırılması ilə bərabər bu sahəyə də diqqət verilməlidir. Əgər hansısa əlavə tədbirlər – ya qanunvericilikdə, ya tənzimləyici qərar lazımdırsa, biz bunu etməliyik Biz azad, ədalətli rəqabəti təmin etməliyik”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO