Pirquluda Şuşalı günlər

Təmiz hava almaq üçün həmişə Şuşaya üz tutduğum halda bu dəfə Pirquluya gedəsi oldum. Aylarla, illərlə ciyərimə udduğum çirkli havanın fəsadlarını üç günə yumaq istəyirdim…

Şamaxıdan Pirquluya gedən iyirmi beş kilometrlik yol isə məni xatirələrimə qovuşdurdu. Sanki Şamaxıdan Pirquluya yox, Ağdamnan Şuşaya gedirdim. Enişli-yoxuşlu, əyri-üyrü yolda  Şuşanın dolamalarını və Qar-qar çayını görə bilmədiyimə təəsüflənirdim… 

Xatirələrim məni ötən əsrə apardı. Yetmiş səkkizinci il idi. Qoşafara “03”müzlə Şuşaya “dom otdıxa” istirahətə gedirdik. O vaxtlar istirahət evinə belə deyərdilər. Sanki  keçmiş sovet imperiyası tək torpağımızı deyil, həm də dilimizi zəbt etmişdi…

Qarşıdan qora bişirən ay gəlirdi. İyirmi dörd gün istirahət edəcəkdik. Dolamaları qalxıb “Səkili” bulaqdan sol tərəf donməklə şəhərə daxil olduq. Çox asan və rahat şəkildə istirahət evinə gəldik. Əsas korpusda səkkizinci otağı bizə verəsi oldular. Böyük bir otaqda dörd çarpayı, güzgü və şkaflar var idi. Yerləşdik…

Bir həftəydi ki, istirahət edirdik. Günlərimiz bir birindən maraqlı keçirdi.  Bir gün isə səhər yeməyindən sonra yeməkxanadan çıxar-çıxmaz qohumlardan  faciəli xəbər eşitdik. Yevlax şəhərinə maşına nömrə almağa gedərkən ailə dostumuz Əvəz kişi və əmim yolda qəzaya düşmüşdülər. Nəticədə Əvəz kişi dünyasını dəyişmiş, əmimi isə xəstəxanaya yerləşdirmişdilər. Xəbər hamını sarsıtmışdı. Atamgil mənə “domotdıxda” qalmağıma qərar verdilər.  Özləri isə kəndə başı alovlu yas yerinə getdilər. Həm də hadisə nəticəsində yaranan söz-söhbətə aydınlıq  və sərinlik gətirmək lazım idi…

Çox pis olmuşdum. Ölüm-itimin nə olduğunu yaxşı bilirdim. Hətta o vaxtlar belə bu hisslər mənə yad deyildi…

Belə hissləri indinin özündə, anam rəhmətə gedəndə belə büruzə verməməyə çalışıram…

Rəhmətliyin bir oğlu mənimlə oxuyurdu. Digər övladlarıyla da yaxşı münasibətim indi də var…

Beləcə, on günü tək qalası oldum. Hadisəni unutmaq istəsəmdə alınmırdı…

Amma on gün ərzində sərbəst, azad olmağım bir növ əhvalıma yeni rəng qatmışdı. Bu gündən hara getməyim barədə qərarı özüm verəcəydim axı. O günə kimi bir yerdə tək sərbəst qalmamışdım…

“Domotduxun” evlərinin hamısı bəy evləri idi. Yadımdadı ki, korpusların birinin divarında “Nəcəf bəy Vəzirov və Firudun bəy Köçərli  bu binada yaşamışdır” sözləri yazılmışdı. Bizim qaldığımız bina da bəy evi olmuşdu. Binalarda bəzi xırda dəyişiklik etməklə istirahət evinə çevirmişdilər.  Bina ilə üzbəüz yeməkxana, o arada sol tərəf istiqamətdə isə kino zalı var idi. “Kleopatra” filminə ilk dəfə məhz orada baxmışam.

Qaldığım binadan çıxıb sağ tərəfə gedəndə isə yenicə istifadəyə verilmiş “Turşsu” qalereyasına gedirdin. Bura gəlib su içməyin özü bir ritual idi. Oradan aşağıya doğru qala divarlarına çatırdın. Həmin illərdə qala divarları  əsaslı şəkildə bərpa olunmağa başlamışdı. Qalereyanın üst tərəfi qayalıq idi. Qayalıq başdan ayağa böyürtkənlik idi. On gün ərzində yaddaşımda qalan ən maraqlı məqamlardan biri yeni tapdığım dostlarla böyürtkən yeməyə getməyim oldu…

On gün mənə on il kimi gəldi…

Binamızdan dik yuxarı pilləkənlə qalxdıqca pioner qalstuklu məktəblilərin heykəli adamın az qala üstünə gəlirdi. Burada olan şir heykəlləri ilə şəkil çəkdirmək isə ənənəyə çevrilmişdi. Bu səmtdə olan rəqs meydançasında hər gün müxtəlif  konsertlər, oyunlar təşkil olunardı. İndi tanınmış ifaçıların bəziləri məhz “domotdux”da konsert verməklə məktəb keçmişdilər…

Maraqlı məqamlardan biri də dostlarla dama oynamağım idi. Bu oyunda çoxlarını məğlub etsəm də iki nəfərlə heç cür bacara bilmədim…

Digər bir maraqlı məqamda  qonşu otaqda qalan ailənin qızına   vurulmağım olmuşdu…

Yaxşı ki, tez getdilər. Yoxsa əməllicə bənd olacaqdım…

Son günlərin birində , yəni “quyruq doğan”  günün səhəri Şuşada hava qəflətən dəyişdi. Axşama doğru yağış yağmağa başladı. İldırım çaxdı. Aləm bir birinə dəydi. Həyətdə olanları yağış əməllicə tumuşdu. Mən  isə evdə olmağıma sevinirdim.  İslanmamışdım axı…

O gündə də Pirquluda güclü yağış yağırdı. İldırımın şaqqıltısından yer az qala titrəyirdi. Mən isə evdəydim, yenə də islanmamışdım…

Amma bu dəfə Şuşada deyildim…         

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO