Paytaxın bütün uşaq kitabxanaları birləşdirilir

Bakıda fəaliyyət göstərən bəzi uşaq kitabxanaları birləşə bilər. Bu barədə qəzetimizə məlumat Mədəniyyət və Turizm Nazirliyindən daxil olub. Kitabxana sisteminə yaxından bələd olan nazirlik təmsilçisinin sözlərinə görə, Bakıda 30-dan çox uşaq kitabxanası var ki, onların əksəriyyəti sovet dövründə yaranıb.

Bu kitabxanaların Azərbaycanın görkəmli ədəbiyyat xadimlərinin adını daşıdığını deyən müsahibimiz bildirdi ki, qiraətxanaların çoxunun təmiri yoxdur”:Nazirlikdə çoxdandır ki, bəzi uşaq kitabxanalarının birləşdirilməsilə bağlı müzakirələr gedir. Eşitmişəm ki, paytaxtda olan uşaq kitabxanalarının hamısı uşaqlara xidmət eləmir. İndiki uşaqların kitaba və kitabxanaya münasibətini bilirsiniz. Onların çoxu kitab oxumur, məktəbdən verilən tapşırıqları da çox vaxt internet vasitəsilə hazırlayırlar. Şəhərimizdəki uşaq kitabxanalarının çoxu bərbad vəziyyətdədir. Burada nə təmir var, nə istilik sistemi, nə düz-əməlli işıq, nə də ki, kitab oxumaq üçün bir şərait. Demək olar ki, uşaq kitabxanalarının çoxunun oxu zalı uzun müddətdir ki, öz fəaliyyətini dayandırıb. Çünki şərait buna imkan vermir. Söz-söhbət gəzir ki, artıq uşaq kitabxanalarının birləşdirilməsi barədə layihə hazırlanır. Həm binası, həm fondu kiçik olan, həm də işçilərinin sayı çox olmayan kitabxanalar bir ad altında fəaliyyətini davam etdirəcək”.

Həmsöhbətimizin sözlərinə görə, kitabxanaların birləşməsinin müsbət tərəfləri çoxdur: “Uşaq kitabxanaları ya hansısa binanın birinci mərtəbəsində, ya zirzəmidə, ya da tövləyə bənzər uçuq-sökük binalarda fəaliyyət göstərir. Üç-dörd uşaq kitabxanasını çıxmaq şərtilə, o birilərinin vəziyyəti pisdir. Adətən mərkəzi yerlərdə yerləşən uşaq kitabxanalarına qayğı göstərilir. Ucqar qəsəbələrin kitabxanaları isə heç kəsin yadına düşmür. Deyirlər ki, o kitabxanalar prezident sərəncamı ilə çıxan ədəbiyyat nümunələrilə tam təchiz olunub. Nə olsun? Onsuz da uşaqlar buradakı şəraitsizliyin üzündən gəlib kitab oxuya bilmir. Amma baxımsız qalan uşaq kitabxanaları birləşərək təmirli, şəraitli bir binada yerləşsə yaxşı olar. Firudin bəy Köçərli adına uşaq kitabxanası ölkənin baş uşaq kitabxanasıdır. Amma heç onun da yeri geniş deyil. Uşaq kitabxanalarına böyük diqqət göstərilməlidir. Deyilənə görə, uşaq kitabxanalarının birləşdirilməsinə 2012-ci ildən başlanacaq. Olsun ki, hələlik eksperiment məqsədilə bir-iki kitabxana 2011-ci ildə birləşdirilsin. Amma bütövlükdə prosesə iki il sonra start veriləcəyi gözlənir”.

Nazirlik əməkdaşının dediyinə görə, kitabxanaların birləşməsini hazırkı vəziyyət tələb edir. O dedi ki, artıq rayonlarda bu proses başa çatıb. Qurum təmsilçisinin bildirdiyinə görə, həm bu problemin həlli, həm də bölgələrdə fəaliyyət göstərən kitabxana filiallarının ləğvi bu sahədə yeni uğurlara səbəb olub: “Bilirsiz ki, artıq kitabxana sektorunda islahatlara başlanıb.

Bir neçə ildir ki, bu sahədə işlər görülür. Kitabxana sektorunda yaşanan bütün problemlərin aradan qaldırılmasına ehtiyac var. Nazirlik bu çətinlikləri aradan qaldırmağa çalışır. Demək olar ki, kitabxana sahəsində illərdən bəri bir sıra öz həllini tapmayan problem vardı. İndi onların çoxu öz həllini tapıb. Yəqin xəbəriniz var, nazirliyin kitabxana sektoru bölgələrdə böyük layihələr həyata keçirib. Uzun illər yalnız kağız üzərində “fəaliyyət göstərən”, əslində isə oxuculara heç bir xidmət göstərməyən kitabxana və kitabxana filiallarının hamısı ləğv edilib. Müasir standartlara cavab verən kitabxana şəbəkəsi əhalinin ixtiyarına verilib. Hazırda kitabxanaların çoxu kompüterlə təmin olunub”.

Yazı həftənin bazar günü çapa hazırlandığı üçün məlumata nazirliyin rəsmi münasibətini öyrənə bilmədik.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO