Parlament jurnalistləri deputat Baba Tağıyevi necə xarakterizə edirlər?

Milli Məclisdə akkreditə olunan jurnalistlər deputatların şəxsi keyfiyyətləri barədə nə düşünür, onları ayrı-ayrılıqda necə xarakterizə edirlər? Həmkarlarımız bu dəfə deputat Baba Tağıyev barədə fikirlərini bildirirlər.
Beləliklə, bu deputatı necə xarakterizə edərdiniz?

“Ayna” qəzetinin parlament müxbiri Fərəh Sabirqızı: “İlk vaxtlar Baba müəllim çox həvəsli görünürdü. Nəsə sonradan bu abi-hava yox oldu. Onun çıxışları da maraqlı olur. Mövzuya aid danışmasa da, həmişə maraqlı təkliflə çıxış edir. Jurnalistlərlə də münasibətləri pis deyil. Bəzi jurnalistlərlə xüsusi münasibəti var”.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy: “Parlamentdə Baba müəllimə söz veriləndə xoş əhval-ruhiyyə yaranır. Açığı, təxminən iki il əvvəl Hüseyn Abdullayev məsələsində Baba müəllimin tribunaya çıxmasının səbəbini hələ də aydınlaşdıra bilməmişəm. Heç özü də buna aydınlıq gətirməyib. O, daha çox “Avropa qapıları” ilə tanınır. Milli Məclisdə türkçülüklə bağlı fikirlər səsləndirib. Hesab edirəm ki, Azərbaycan üçün millət vəkilinin ən faydalı cəhəti elə budur”.

“Xəbərlər Azərbaycan” İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadov: “Milli Məclisin unikal deputatlarındandır. Bəzi hərəkətləri, çıxışları ilə yadda qalan deputatlardan biridir. Jurnalistləri diplomatik yolla yola verir. Onu cəmiyyətdə daha çox sahibi olduğu “Avropa qapıları” şirkətindən tanıyırlar”.

“Media forum” portalının əməkdaşı İmdad Əlizadə: “Hiss olunur iclaslarda fəallıq göstərməyə çalışır. Bəzən bu alınmır. Onun təşəbbüsü ilə sərhəd bölgəsində əsgərlərlə görüşə getmişdik. İnsan kimi səmimidir, jurnalistlərə münasibətində də heç bir fərq qoymur”.

“525-ci qəzet”in əməkdaşı Kamil Həmzəoğlu: “Baba müəllim nə siyasətçi kimi, nə də deputat kimi özünü doğrultmayan insanlardandır. Sadəcə, yadımda belə qalıb. İnanmıram ki, bunadan sonra deputatlıq fəaliyyətində yeniliklər olsun”.

APA-nın əməkdaşı Elbrus Seyfullayev: “Milli Məclisin ən vətənpərvər deputatlarından biridir. Bunu o, öz çıxışında dəfələrlə sübut edib. Düzür, deputat kimi çox az danışıb. Amma çıxışları Qarabag, Güney Azərbaycan, Türk dünyası ilə bağlı olub. Ən azı bunu dəyərləndirmək lazımdır. Yaxından tanıyan adam kimi bilirəm ki, çox vətənpərvərdir. Dəfələrlə jurnalistlərin sərhəd bölgələrinə, hərbi hissələrə səfərlərini təşkil edib. Seçicilərlə necə işlədiyi barədə isə məlumatım yoxdur”.

“Bizim Yol” qəzetinin əməkdaşı Pərviz Həşimli: “Türkçü deputatdır. Milli Məclisin iclaslarında inamla danışır”.

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı: “Doğrusu onun fəaliyyəti barədə heç bir məlumatım olmadığı üçün heç bir söz deyə bilmərəm”.

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan: “Parlamentdə millətini sevən, türkçü deputatlardan biridir. Bir neçə dəfə Güney Azərbaycan məsələsini qaldırıb. Qanun yaradıcılığı məsələsinə gəldikdə isə bu sahədə fəaliyyəti görünmür”.

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı: “Jurnalistlərlə münasibəti pis deyil. Məsələ ondadır ki, düz 3 ildir ondan müsahibə ala bilmirəm. Hər dəfə müsahibə üçün müraciət edəndə, “sonra-sonra” deyib cavab verir. Milli Məclisə vaxtında gəlir, vaxtında da gedir”.

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev: “Parlamentin biznesmen deputatlarındandır. Məncə, özünü tam göstərə bilmir. Milli düşüncələri güclüdür. Bəzən bu düşüncələr siyasi sərhədləri aşır. Bu da onun üçün müəyyən problemlər yaradır. Belə görünür ki, deputatlıq onun üçün əlavə yükdür. Seçiciləri ilə necə işlədiyi barədə isə heç bir məlumatım yoxdur”.

“Trend” İnformasiya Agentliyinin əməkdaşı Azər Hüseynbala: “Vətənpərvər insandı. Jurnalistlərlə çox mehribandır. Onunla bir neçə dəfə səfərdə olmuşam. Parlamentin iclaslarında isə aktiv deyil, bunun səbəbini isə bilmirəm”.

Modern.az portalının əməkdaşı Elşad Eyvazlı: “Baba müəllim indiki bəzi deputatlarımızdan o qədər də fərqlənmir. Sadəcə onun özəl xarakteri var. Yalnız onu deyə bilərəm ki, Baba Tağıyev çoxlarının düşündüyü qədər sadəlövh deyil”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO