“Çoxlu təkzib verən qəzeti etibarlı informasiya mənbəyi saymaq olmaz”

“Çoxlu təkzib verən qəzeti etibarlı informasiya mənbəyi saymaq olmaz”“Bizim yol» qəzetinin baş redaktoru Bahəddin Həziyev hesab edir ki, bir qrup insan «qara piar»la pul qazanır

Son vaxtlar mətbuatda «qara piar»dan istifadə halları artıb. Müxtəlif qəzetlərin səhifələrində bununla bağlı xoşagəlməz hallara rast gəlmək mümkündür. Bəzi qəzetlər insanların, dövlət məmurlarının şəxsi həyatları ilə bağlı yoxlanılmamış, qeyri-dəqiq məlumatlar yayaraq, sonradan onları təkzib edirlər. Təbii ki, parlament seçkiləri öncəsi mətbuatda bu cür halların artması narahatlıq doğurur. Ölkə mətbuatının, hökumətin diffamasiya haqqında qanunvericiliyin qəbuluna çalışdığı bir məqamda mətbuatda «qara piar» elementlərin artması ilk növbədə mətbuatın özünün ziyanındadır. Cəmiyyətimiz də belə hallardan az zərər çəkmir. Təsadüfü deyil ki, artıq Mətbuat Şurası yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edərək mətbuatda «qara piar»ın artması ilə bağlı tədbirlərə start verib. Şura ATƏT-in Bakı Ofisi ilə birgə Jurnalistlərin Peşə Etikası Kodeksinin yeni variantını hazırlayıb. Bütün bu məsələlərlə bağlı suallarımızı «Bizim yol» qəzetinin baş redaktoru Bahəddin Həziyevə ünvanladıq:
– Seçki öncəsi mətbuatda «qara piar» halları artıb. Sizin buna münasibətiniz necədir?

– Əslində «qara piar» həmişə var. Seçkilər zamanı isə bu, bir az da artır. Bunun bütün günahını mətbuatın üzərinə atmaq da doğru deyil. Normal siyasi mübarizənin meydanı genişlənsə, belə hallar da azalacaq.
– Sizcə «qara piar»ın yenidən çiçəklənməsi nə ilə əlaqələndirilə bilər?

– «Qara piar» ona görə çiçəklənir ki, «qara piar»çıların özləri ilbəil «çiçəklənirlər». Müəyyən qrup insanları da bu yolla pul qazanır.
– Adətən «qara piar»dan şikayətlənənlər «Bizim Yol»un adını çəkmirlər. Buna necə nail olunrsunuz?

– «Qara piar»la məşğul olmamaqla nail oluruq. Mənim və qəzetimizin mövqeyi belədir: heç kimin nə lehinə, nə də əleyhinə kampaniya aparmaq doğru deyil. Əsassız tənqid də, əsassız tərif də yolverilməzdir. Biz «qara piar»la məşğul olmuruq. Amma bu, o demək deyil ki, bizdə ümumiyyətlə, başqa səhvlər yoxdur. Belə səhvlər vicdanlı yanılma, yaxud informasiyanı dəqiqləşdirməyin çətinliyi ilə bağlı ola bilər. Çünki Azərbaycanda informasiyanın gizlədilməsi daha çox dəbdədir, daha sərfəli sayılır, nəinki onun cəmiyyətlə paylaşılıması. Xüsusilə, bir sıra rəsmi qurumlar «susmaq qızıldır» prinsipi ilə hərəkət edirlər. Bu da bir çox hallarda ya zəruri informasiyaların vaxtında cəmiyyətə çatdırılmamağı, ya da yarımçıq və ya qeyri-dəqiq çatdırılması ilə nəticələnir.
– Bəzi qəzetlər tirajlarını artırmaq naminə həqiqətə uyğun olmayan məlumatlar yayırlar. Sonra da bu məlumatlar təkzib olunur. Sizcə bunlar ictimaiyyətin mətbuata olan inamını azaltmırmı?

– Tirajları artırmağa çalışmaq qəbahət deyil, normal, hətta zəruridir. Ancaq bu məqsədlə, yaxud hər hansı başqa məqsədlərlə yalan xəbərçilik etməyi yolverilməz sayıram. Bununla yanaşı onu da demək istəyirəm ki, iş olan yerdə səhv də olur. Bu səhvi aşkara çıxarıb tam həə və vaxtında düzəltmək də peşəmizin tələbidir. Ancaq təkziblərin də özünün bir həddi var, o hədd keçiləndə bu, bir tendensiyadan xəbər verir. Təkzib olunan xəbər təsdiqlənən xəbərdən çoxdursa, bu o deməkdir ki, həmin mətbuat orqanını etibarlı informasiya mənbəyi saymaq olmaz.
– Bu istiqamətdə həmkarlarınıza nə tövsiyə verərdiniz?

– Mən heç kimə dərs keçmək istəmirəm və bu iddiada da deyiləm. Azərbaycanda bəlli ali məktəblərdə jurnalistikanın pedaqoqları, avtoritetli müəllimləri var. Mənim tövsiyələrim maraqlı olmaya bilər.
– Mətbuat Şurası seçki öncəsi mətbuatda «qara piar»ın artmasından narahatdır, bununla bağlı tədbirlər də keçirilib. Sizcə şura başqa nə etməlidir?

– Məncə, bu sualı Mətbuat Şurasının sədrinə, İdarə Heyətinin üzvlərinə vermək lazımdır. Mən həmin qurumlarda təmsil olunmuram, ona görə də Şuranın nədən narahat olub-olmadığını bilmirəm. Sadəcə, onu deyə bilərəm ki, hansısa tədbir keçirməklə işi bitmiş saymaq olmaz. Məsələlərə obyektiv və prinsipial yanaşma ortaya qoyulmalıdır. Nəticələri aradan qaldırmaqla problem həllini tapmayacaq, «qara piar»ın mənbəyini tapıb, dəqiq göstərib oradan başlamaq gərəkdir.
– Jurnalistlərin peşə etikası kodeksinin yeni variantı hazırlanır. Sizcə həmin sənəddə hansı məqamlar yer almalıdır?

– Sənədlə tanış deyiləm, bu barədə ətraflı bir məlumatım yoxdur. Sadəcə, istərdim ki, bu Kodeks mətbuat azadlığına daha çox xidmət eləsin, senzuranın yeni formasına çevrilməsin.

İlham Quliyev

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO