Ombudsman yaşayış binasında baş vermiş yanğından zərərçəkən şəxslərə baş çəkib

Məlum olduğu kimi, 19 may 2015-ci il tarixdə Binəqədi rayonu, Azadlıq prospektindəki 16 mərtəbəli yaşayış binasında baş vermiş güclü yanğın zamanı ümumilikdə 15 nəfər həlak olmuş, onlarla şəxs isə müxtəlif dərəcəli xəsarətlər alaraq, respublikamızın xəstəxanalarına yerləşdirilmişdir.

Yaralıların əksəriyyəti həmin gün 1 saylı şəhər Klinik Tibb Mərkəzinin Toksikologiya şöbəsinə zəhərlənmə diaqnozu ilə qəbul edilmişdir. Digər yaralılar isə Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 6 saylı Bakı şəhər xəstəxanasına və Respublika Yanıq mərkəzinə yerləşdirilmişdir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova yanğından zərərçəkmiş şəxslərin yerləşdirildiyi xəstəxanalara gedərək, onlara baş çəkmişdir.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ombudsman əvvəlcə 1 saylı şəhər Klinik Tibb Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovla birlikdə hazırda burada müalicə alan 3-ü azyaşlı uşaq olmaqla 12 zərərçəkmiş şəxsə baş çəkmiş, onların vəziyyəti, sağlıq durumu, müalicənin gedişatı ilə maraqlanmış, problemlərini öyrənmişdir.
Zərər çəkmiş Rəhilə Ələkbərova, Günay Məhərrəmova, Nərminə Həsənova, Şahnaz Yəhyayeva, Nigar Yəhyayeva Bilal Rəsulov, Elvira və Səbinə Manafovalar və digər xəstələr müalicənin normal aparıldığını, həkimlərin onlara qayğı ilə yanaşdığını, keyfiyyətli qida və zəruri dərman preparatları ilə təmin olunduqlarını söyləmişlər.

Zərərçəkmişlər dəhşətli yanğınla bağlı ağır stress yaşadıqlarını söyləmiş, ölkə Prezidenti cənab İlham Əliyevin bu faciə ilə bağlı böyük narahatlıq keçirməsinə, onun hadisə yerinə baş çəkməsinə, yanğının nəticələrinin tezliklə aradan qaldırılması, xəsarət alanların müalicəsi, evsiz qalmış ailələrin yerləşdirilməsi ilə bağlı konkret tapşırıqlar verməsinə, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın onlarla görüşməsinə, ehtiyacları və problemləri ilə maraqlanmasına görə razılıqlarını bildirmişlər. Müvəkkil anaları ilə birlikdə müalicə alan azyaşlı uşaqlar– Rəsul Muradov, Leyla və Sevil Yəhyayevalarla da görüşmüşdür. Analar onlara göstərilən diqqət və qayğıya görə razılıq etmişlər. Ombudsman zərərçəkmişlərin səhhətini, vəziyyətini nəzarətdə saxlamağı toksikologiya şöbəsinin müdirinə tövsiyə etmişdir. Şöbə müdirinin verdiyi məlumata görə, hazırda xəstələrin vəziyyəti stabildir, onlara yüksək səviyyədə tibbi yardım göstərilir. Xəstəxanalarda olan yaralıların həyatı üçün təhlükə yoxdur.

Qeyd edilməlidir ki, Ombudsman bu tibb müəssisəsində xəstələrə verilən yeməklərin keyfiyyəti ilə tanış olmuş, qida rejiminə riayət olunduğunu, onlara keyfiyyətli və kalorili qida məhsulları, meyvə-tərəvəz verildiyini müşahidə etmişdir.

E.Süleymanova 6 saylı Bakı şəhər xəstəxanasında da olmuş, burada müalicə alan zərərçəkmiş, 1996-cı il təvəllüdlü Ülvi Sadıqova baş çəkmişdir. Azərbaycan Texniki Universitetinin tələbəsi olan bu gənc hazırda xəstəxananın reanimasiya şöbəsində müalicə olunur.

Xəstəxananın baş həkimi Nəriman Məmmədov xəstənin orta-ağır vəziyyətdə tibb müəssisəsinə gətirildiyini, hazırda vəziyyətinin kafi olduğunu bildirmişdir.

Qeyd edilməlidir ki, yanğının nəticələrinin tezliklə aradan qaldırılması ilə bağlı ölkə Prezidentinin Sərəncamı ilə dərhal Dövlət Komissiyası yaradılmış və ilk toplantısı keçirilmişdir. Dövlət başçısının tapşırığı ilə hazırda Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən bütün zərərçəkənlərin müvəqqəti kirayə evlə təmin olunması sahəsində işlər görülür, xüsusi qərargah yaradılmışdır.

Yanğın zamanı həlak olanların və xəsarət alanların hadisə yerindən çıxarılmasında Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə və xilasedicilər dəstəsinin fədakarlığı, müvafiq dövlət orqanlarının və əhalinin köməyi, təəssübkeşliyi xüsusi qeyd olunmalıdır.

Yanmış yaşayış binasında qeydiyyatda olan ailələrə kompensasiya ödənilmişdir. 40 ailə onlara verilən məbləğ hesabına kirayə evlərdə, yaxud qohumlarının evlərində yerləşmişdir. 7 ailə isə öz razılıqları ilə Görədildə yerləşən “Sərhədçi” pansionatında yerləşdirilmişdir və bu proses davam etdirilir. Zərərçəkmiş ailələr ərzaq və zəruri geyimlə təmin olunacaq, əmlakla bağlı itkilər dəyərləndirilərək, onlar əlavə kompensasiya ilə təmin ediləcəkdir.

Onlar Müvəkkilə da göstərdiyi qayğı və diqqətə görə təşəkkür etmişlər.

Ombudsman Elmira Süleymanova faciə nəticəsində dünyasını dəyişən insanlara Allahdan rəhmət, ailələrinə, yaxınlarına və doğmalarına səbr diləyir, xəsarət alanlara isə tezliklə şəfa tapmalarını arzulayır.

Trend.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO