Nyu Yorkda keçirilən Türk yürüşündə Bakı-2015 stendi nümayiş etdirilib

ABŞ-ın Nyu York şəhərində keçirilən ənənəvi 34-cü Türk Günü Yürüşündə Bakı-2015 ilk Avropa Oyunları təbliğ olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Nyu Yorkun Mahnetten səmtində minlərlə insanın iştirakı ilə baş tutan yürüşdə Azərbaycan diasporu Bakı-2015 birinci Avropa Oyunlarını Nyu York sakinlərinə və şəhərin qonaqlarına təqdim edib. Belə ki, Oyunların loqosu əks olunmuş mobil stend yürüş boyu bir neçə saat ərzində şəhərin mərkəzi prospekti ilə hərəkət etdirilib.
34-cü Türk Günü Yürüşünə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov, Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Halit Çevik və bu ölkənin Nyu Yorkdakı baş konsulu Ertan Yalçın, o cümlədən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan olan nümayəndələr qatılıblar.
Yürüşdə türkdilli xalqların diaspor təşkilatları, o cümlədən Azərbaycan Nyu York Assosiasiyası fəal iştirak edib. Yürüşə əsasən milli geyimdə qatılan diaspor fəalları əllərində Azərbaycan, Türkiyə, ABŞ bayraqları və Ermənistanın Azərbaycana təcavüzünü əks etdirən şüalarla yürüş ediblər.
Türk Günü Yürüşündə türk milli rəqs qrupları və musiqiçiləri maraqlı çıxışlar edib.
Qeyd edək ki, hər il Türk Günü Yürüşünə qatılmaq üçün ABŞ-ın müxtəlif ştatlarında yaşayan türkdilli xalqların minlərlə nümayəndəsi Nyu York şəhərinə gəlir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO