Nuşirəvan Məhərrəmli: “Telekanallarla bağlı inzibati metodlara əl atmaq məcburiyyətindəyik”

“Telekanallarda şou proqramlarla bağlı vəziyyət son günlər yenidən əvvəlki vəziyyətinə qayıdıb. Ona görə də biz inzibati metodlara əl atmağa məcburuq”.

APA-nın məlumatına görə, bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli MTRŞ-nın Elektron Mediaya Yardım Fondu birgə bu gün “Şou-proqramlar, şou-problemlər” mövzusunda təşkil etdiyi təlim kursunda bildirib.

Onun sözlərinə görə, əgər Şura inzibati metodlara əl atsa, telekanallar bundan zərər çəkəcək: “Mən bununla onları qorxutmaq istəmirəm. Hələ ki, kanallara tövsiyələr verilir. Əgər şou proqramlarla bağlı vəziyyət belə davam eləsə, telekanallara elə zərbə dəyə bilər ki, həmin proqramlardan əldə etdikləri gəlirlər də heç olar. “Televiziya və radio yayımı haqqında” qanundakı müəyyən maddələri tətbiq etsək, telekanalların vəziyyəti o qədər də yaxşı olmaz. Bu məsələ artıq Şurada müzakirə olunur”.

N. Məhərrəmlinin sözlərinə görə, Azərbaycanın efir məkanında şou proqramlarla bağlı bütün verilişlər bərbad gündədir: “Sanki müğənnilərdən başqa Azərbaycanda aparıcı sima yoxdur. Yenə də həmin bu müğənnilərin efir mədəniyyəti, səviyyəsi, davranış mədəniyyəti olsaydı, buna göz yummaq olardı. Bu problem bu və ya digər dərəcədə bütün telekanallarda var. Efirdə bir-biri ilə zarafat edəndə elə hesab edirlər ki, bununla, verilişə duz-istiot qatırlar. Amma unutmaq olmaz ki, duzu-istiotu çox olanda yeməyin ümumiyyətlə dadı olmur. Radiolarda vəziyyət daha da acınacaqlıdır. Sanki mətbəxdə oturub çay içə-içə söhbət edirlər”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO