İnternet televiziyası qanun çərçivəsinə salınacaq?

Azərbaycanda internet televiziyası haqda qanunun yoxluğuna baxmayaraq, Milli Televiziya və Radio Şurası bu sahədə fəaliyyətin nizamlanmasını vacib hesab edir. Belə ki, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə açıqlamasında internet televiziyası yayımının dövlət tərəfindən tənzimlənməli olduğunu qeyd edib. Bu sahənin mütəxəssisləri isə hesab edir ki, ilk növbədə internet televiziyasının yayımı qanunla müəyyən olunmalıdır.

İnternet televiziyasının dövlət tərəfindən qeydə alınmasının çox vacib olduğunu vurğulayan “Kanal 13” televiziyasının yaradıcısı Anar Orucov bunun həm də internet media qurumları üçün bir məsuliyyət yaratdığını deyir. Ancaq o, bunun üçün ilk növbədə internet televiziyasının qanunla müəyyən olunmasını vacib sayır.

“Əslində bunların hamısı bir qanuna salınmalıdır. Yəni bu çərçivələr daxilində fəaliyyət göstərən internet media qurumları internet KİV hesab olunur. Qeydə alınmanı həyata keçirəndə, biz avtomatik olaraq bir KİV-ə çevrilirik. Biz qeydə alınmaqla, bir öhdəlik götürmüş oluruq. Və bu öhdəliyin ən vacib tərəfi odur ki, burada jurnalistlərin etik kodeksinə əməl edilmiş olur”, – deyə o vurğulayıb.

Qeyd edək ki, nəinki internet televiziyalarının, ümumiyyətlə internet media orqanlarının fəaliyyəti hal-hazırda Azərbaycanda qanunla tənzimlənmir. Belə ki, hər hansı bir şəxsin xəbər saytı və ya veb-portal açması üçün Azərbaycan qanunvericiliyi çərçivəsində heç bir məhdudiyyət yoxdur. Bu isə internetdə istənilən veb-saytı açmaqla, dini-irqi ayrıseçkilik salmaq, müharibəyə çağırış etmək kimi qanunvericiliklə qadağan olunan fəaliyyətlərin yayılmasına geniş yol açır. İnformasiya texnologiyalarının inkişaf etdiyi və bunun sayəsində digər televiziyalar kimi internet televiziyalarının da gündəlik həyatımıza mütəmadi olaraq daxil olduğunu vurğulayan “Səs” internet televiziyasının rəhbəri Bəhruz Quliyev də bu media qurumlarının dövlət tərəfindən qeydə alınmasını vacib sayır: “İnternet televiziyalarının da efir televiziyaları kimi tezlikdən verilən televiziyalar kimi lisenziyalaşmasına ehtiyac var və bu çox zəruridir. Ona görə ki, artıq bunun bir hüquqi tənzimləmə mexanizmi yaranmalıdır”.

İnternet televiziyaları onların dövlət tərəfindən tətbiqi nəzərdə tutulan tənzimlənməsinin beynəlxalq təcrübəyə əsaslanmasını istəyirlər. Xatırladaq ki, Avropa Şurasına üzv ölkələr bu məsələ ilə bağlı bir araya gəlsələr də, yekdil qərar qəbul edə bilməyib. Bütün bunlara baxmayaraq, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bu məsələdə Azərbaycanın Avropa ölkələrinin tərcübəsindən yararlanmaq niyyətində olduğunu qeyd edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO