İnternet mediası: elektron poçta nə gəlir, nə gündə gəlir?

İnternet mediası: elektron poçta nə gəlir, nə gündə gəlir?İnternetdə, onlayn rejimdə işləyən jurnalist kollektivlərinin bir ciddi problemi var: elektron poçta dayanmadan keyfiyyfətsiz məlumat axır. Portalda çalışan jurnalist öz elektron poçtunu qapamır, tez-tez onu nəzərdən keçirir, bu isə gündə azı 150-200, bəzən bundan da artıq məlumatı nəzərdən keçirmək deməkdir. Bu məlumatların hətta bir dəfə açılıb-bağlanması az qala bir iş gününün yarısı deməkdir. Üstəlik, çoxunun bərbad gündə olması, yəni bir informasiya kimi zay tərtib edilməsi də ciddi başağrısına gətirir.

İnternet mediasının elektron ünvanlarına məlumat göndərən mənbələri bir neçə qrupa bölmək olar: dövlət strukturları; biznes sahəsi; QHT sektoru; siyasi partiyalar; diaspor təşkilatları; media qurumları və jurnalistlər; şikayətçilər; yazı göndərən müəlliflər.

Elektron poçta gələn məlumatlar müxtəlif formada olur: press-reliz, şikayət məktubu, spam, müəllif yazıları, reklam, tədbirə dəvət və s.

Dövlət strukturlarından press-reliz gəlir. Adətən bu press-relizlər iri həcmli olur, məlumatın məzmunu söz yığını içində itib-batır, adı çəkilən şəxslərin vəzifələri, titulları press-relizdə təkrar-təkrar göstərilir. Belə məlumatı alan jurnalist seçim qarşısındadır: ya qızıl kimi qiymətli vaxtını materialın ixtisarına, redaktəsinə sərf etməli, onu oxunaqlı hala salmalı, ya da imkanı yoxdursa, elə olduğu kimi verməlidir. Həmişə informasiya ötürməkdə birinciliyə can atan bəzi media strukturları elə belə də edir, press-relizləri dəyişmədən, ya da səthi düzəlişlərlə virtual məkana yerləşdirir. Bu məlumatın oxunub-oxunmaması başqa məsələdir, çünki internet oxucusu iri həcmli yazıları sevmir. Çox vaxt heç jurnalistin özünün anlamadığı materialı oxucu necə anlasın?

Dövlət idarələrindən press-relizlər bir qayda olaraq yalnız Azərbaycan dilində gəlir. Saytların isə əksərinin rus və ingilis dilində də versiyaları var. Onlar da xəbəri operativ verə bilmir, çünki tərcümə vaxt aparır, bəlkə də medianın xəbəri tərcümə etməyə nə vaxtı, nə də kifayət edəcək qüvvəsi var. Xəbərin yalnız ölkədaxili tələbatı ödəməsinə yönəlməsi hətta bəzi dövlət idarələrinin mahiyyətinə də ziddir. Məsələn, Diaspor Məsələləri üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi. Bu strukturların Azərbaycan dilində hazırlayıb göndərdikləri press-relizlər peşəkarcasına tərtib edilir, amma fəaliyyəti bütün dünyada izlənən bu cür dövlət qurumlarının məlumatları niyə yalnız azərbaycanca olsun? Niyə bu qurumlara press-relizləri başqa dillərə çevirmək üçün tərcüməçi qrupları verilmir?

Böyük şirkətlər, biznes strukturları da elektron ünvanlara press-relizlər yollayırlar, ya şirkətin öz mətbuat və ya PR xidmətindən, ya da hər hansı müstəqil PR şirkətinin vasitəsilə. Bu press-relizlərin bir çoxu əslində ictimai əhəmiyyətli xəbər funksiyası daşımır, sadəcə, gizli reklamın bir formasıdır. Şirkət məlumatın pulsuz yayılmasında, mətbuat isə peklam müqaviləsinin bağlanmasında maraqlıdır.

Biznes-media münasibətlərinin hələ də dəqiq formalaşmaması əslində hər ikisinin maraqlarına ziyan vurur. Böyük şirkətlər əsas reklam vəsaitini televiziyalara yönəldir, sürətlə inkişaf edən internet mediası hələ də iş adamlarının diqqətindən kənardadır. Adətən bu sahəyə çox cüzi maliyyə ayrılır, bir balaca bazarda təsdiqlənən şirkət internetdə reklam bannerlərinin və press-relizlərin yerləşdirilməsinə marağını itirir. Sovet sistemindən çıxmış mətbuat da üzünü biznesdən uzaq tutur, maraqlarını anlamır, onu sevmir. Qəzetçilikdən internet mediasına gələn jurnalistin tədbir keçirən şirkətə münasibətini darıxan simasından və sonra redaksiyasına təqdim etdiyi formal yazısından aydın hiss etmək olar.

Qərbdə təhsil almış, marketinq, menecment haqda biliklərlə silahlanmış, ingilis, rus dillərini tum kimi çırtlayan orta səviyyəli şirkət işçisi elektron ünvanlara yolladığı press-relizlərin nə qədər bərbad olduğunu duymur, çünki Azərbaycan dilini mükəmməl bilmir. Məlumatlarda uzunçuluq və yaradıcı potensialın işlədilməməsi adi hala çevrilib.

QHT sektoru, siyasi partiya, diaspor təşkilatları, media qurumları və jurnalistlərin göndərdiyi məlumatlar da eyni qüsurla doludur, çünki öz maraqlarını oxucu və mətbu oqranın marağından üstün tuturlar. Xəbərin yığcam və qısa verilməsini qısqanclıqla qarşılayır, etiraz bildirirlər.

İnternet mediasına yazı göndərən müəlliflərin bir çoxu hələ də qəzetlə saytın fərqinə varmır. İnternet oxucusu 500 işarəlik məlumatı güclə oxuyur, 25-30 minlik mətni oxuyarmı? Uzun-uzadı başlangıca ehtiyac yoxdur, elə birinci cümlədən məsələnin mahiyyətindən yazılsa, oxucunu cəlb etmək şansı çoxalar.

Medianın elektron ünvanlarına lazımsız kommersiya, reklam xarakterli xüsusi proqramlarla yollanan fayllar da çox gəlir. Buna spam deyilir. Spamla bütün internet istifadəçiləri bacardığı kimi mübarizə aparır, lakin hələ ki, effektiv yollar tapılmayıb.

İnternet jurnalisti gündəlik praktikasında maraqlı hallarla çox rastlaşır. Məsələn, hər hansı dəvət bəzən tədbir başlayandan sonra gəlir və ya məlumat məktuba qoşmada yox, elə birbaşa poçta yazılırsa, oxunması mümkün olmayan cızma-qara şəklində görünür. Sadəcə, “Mail.ru” ünvanında qeydiyyatda olan istifadəçi Azərbaycan şriftindən istifadə etməməlidir, bunlar oxunmur, xüsusilə – ə, ö, ü, ş, ğ hərfləri. Bu sistemin bütün dillərdəki işarələri oxumaq imkanı olan unikod kodlaşdırma standartı yoxdur. Məlumat göndərən istifadəçi bunu bilməlidir. Bəzi sistemlər rus şrifti ilə yazılan məlumatı da oxumur.

Gülməli hadisələr də olur, elektron ünvana dalbadal kimlərinsə yazışması gəlir. Bu, necə baş verir? Hansısa bir elektron ünvandan birdən-birə 50-100 ünvana məlumat yollanır, sonra kimsə bu məktuba cavab yazarsa, iki cavab variantından səhvən “Reply” əvəzinə “Reply all” seçir. Yəni hamıya cavab vermək. Beləliklə, kimlərinsə yazışması hamının ünvanına göndərilmiş olur.

Elektron ünvana məlumat göndərməklə vətəndaşlar medianın xəbər siyasətində mühüm vasitəyə çevrilirlər. Sayt ünvanına dünyanın hər yerindən məlumat gəlir, internet də bu xəbərlərin dəqiqləşdirilməsi, ictimailəşdirilməsində mühüm vasitədir. Poçta gələn şikayət məktublarının araşdırılması da xəbər departamentinin əsas işidir.

İntertet xəbər mediası hələ inkişafdadır, gərgin rejimdə çalışır. Elektron poçtlara göndərilən məlumatların keyfiyyətli olmasına ehtiyac var.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO