İnternet Azadlığının Müdafiəsinə yönələn bəyanət qəbul etmək qərara alındı

Beynəlxalq Mətbuat Azadlığı Gününə həsr edilmiş dəyirmi masada internet azadlığı əsas müzakirə mövzusu olub. Tədbir mayın 3-ü Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda jurnalistlərin və hüquq müdafiəçilərinin iştirakı ilə keçirilib.

“Turan”ın məlumatına görə, iştirakçılar hakimiyyət nümayəndələrinin internetin tənzimlənməsi və internet televiziyalarının lisenziyalaşdırılması zərurəti haqda son bəyanatları ilə bağlı narahatlıq ifadə ediblər. Hüquqşünas Ələsgər Məmmədli bildirib ki, Azərbaycanda internet mövcud qanunlar və məcəllərlə, xüsusən interneti kütləvi informasiya vasitələrinə aid edən KİV haqqında qanunla tənzimlənir: “Əlavə qanun qəbul edilməsinə ehtiyac yoxdur, mövcud qanunvericilik bazası internet mediasının, bloqçuların və digərlərinin diffamasiya, dövlət sirri və sair məsələlər üzrə məsuliyyətini müəyyən edir. Televiziya anlayışının hüquqi tərifinin isə internetə heç bir aidiyyəti yoxdur”.

Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılının fikrincə, internet televiziyalarının lisenziyalaşdırılması mənasızdır: “Dünyanın heç bir yerində belə qayda yoxdur. Həm də televiziyanın rəqəmsal yayıma keçməsi ilə əlaqədar bir çox ölkələrdə lisenziyalaşdırmaya arxaizm kimi baxılır”.

Debat iştirakçıları hesab edirlər ki, internetin lisenziyalaşdırılması cəhdlərinin arxasında hakimiyyətin interneti inhisara almaq istəyi durur. “Hakimiyyətin narahatlığı sosial şəbəkələrin təsirinin get-gedə artması ilə bağlıdır. İki bloqçunun həbsi və hökuməti tənqid edən bloqlara, saytlara hücumlar bunu təsdiq edir”. Məşhur jurnalist Şahvələd Çobanoğlu belə deyib.

Dəyirmi masada vətəndaş cəmiyyəti qurumları adından Azərbaycanda internet azadlığını müdafiəyə dair bəyanat qəbul etmək qərara alınıb.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO