İnsan hüquqlarından yazan jurnalistlər mükafatlandırıldı

Pərviz Həşimli: «Vətəndaşların elə bir hüququ yoxdur ki, dövlət tərəfindən pozulmasın»

Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin təşkilatçılığı ilə 10 dekabr – Ümumdünya İnsan Hüquqları gününə həsr edilmiş tədbir keçirildi. Beynəlxalq təşkilatların və hüquq müdafiə qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Mərkəzin insan hüquqlarına dair elan etdiyi jurnalist müsabiqəsinin qalibləri müəyyənləşdi.

Modern.az xəbər verir ki, Mərkəzin rəhbəri Pərviz Həşimlinin sözlərinə görə, jurnalist müsabiqəsi ilə bağlı çap və elektron mediada 12 yazı dərc edilib: «Bu yazılar arasından iki yazı seçildi. Beləliklə, «Yeni Müsavat» qəzetinin əməkdaşı Samir Kazımlının «Adı olub, özü olmayan Məhkəmə» adlı yazısı, jurnalist Arzu Abdullanın isə axar.az saytında «Səndən sənə şikayətim var» adlı qadın zorakılığı ilə bağlı yazısı qalib elan edildi». Qalibləri təbrik edən P.Həşimli onlara pul mükafatını təqdim etdi.

Daha sonra ölkədə insan hüquqlarının vəziyyətinə dair müzakirə aparıldı.

Hüquq müdafiəçisinin sözlərinə görə, Azərbaycanda insan hüququları sahəsində ciddi geriləmər mövcuddur: «Baxmayaraq ki, Azərbaycan Konstitusiyası ölkədə insan hüquq və azadlıqlarına təminat verir. Konstitusiyamızın üçüncü fəsli bütövlükdə buna həsr olunsa da, vəziyyət real həyatda fərqlidir. Azərbaycanda insan hüquqlarının təmin olunmaması ilə yanaşı, dövlət tərəfindən bu hüquqların məhdudlaşdırılması da ənənə halını alıb. İnsanların elə bir hüququ yoxdur ki, dövlət tərəfindən pozulmasın.
Diqqət edin, ölkə konstitusiyası vətəndaşların sərbəst toplaşmaq azadlığına təminat verir. Amma parlament bir qanun qəbul edib, bu hüquqları məhdudlaşdırır. Yaxud, Konstitusiyasımızın 29-cu maddəsində vətəndaşların mülkiyyəti toxunulmaz elan edilir. Amma Mülki Məcəlləyə edilən dəyişikliklərdjən sonra dövlət tərəfindən mülkiyyət hüquqlarına qəsdlər həyata keçirilir».

İfadə azadlığının əhəmiyyətindən danışan P.Həşimli ölkəmizin buna görə də dünyanın hədəfində olduğunu dedi: «Təəssüflər olsun ki, aparılan siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdən təcrid olunub. Azərbaycanı xarici qurumlardap təmsil edən nümayəndə heyətlərimiz dərsini bilməyən uşaqlar kimi danlanır».

Digər hüquq müdafiəçisi Novella Cəfəroğlu isə insan hüquqlarının müdafiəsi sahəsindəki fəaliyyətlərindən danışdı. Onun sözlərinə görə, hüquq müdafiəçiləri bəzən qınaq obyektinə çevrilir: «Ancaq bu işin necə ağır olduğunu demirlər. Biz insanların hüquqlarını qoruyarkən, döyülmüşük, həbslərə atılmışıq. İllərdir ki, bunu görə-görə gəlirik. Mən sevinirəm ki, ötən illərlə müqayisədə indi insanlar öz hüquqları barədə düşünürlər, onu müdafiə etməyin yolunu bilirlər».

Azərbaycanda ən çox vətəndaşların mülkiyyət hüquqlarının pozulduğu fikriylə razılaşdığını deyən N.Cəfəroğlunun sözlərinə görə, onlara daxil olan şikayətlərin böyük qismi məhz bununla bağlıdır.

«Gender Group» İctimai Birliyinin təsisçisi Xalisə Haşverdiyeva çıxışında qadın zorakılığı məsələlərinə toxundu. Onun sözlərinə görə, məişət zorakılığı da ən ciddi problem olaraq qalır.

Humanitar Təqdiqatlar Mərkəzinin direktoru Əvəz Həsənov ölkədə insan hüquqlarının müdafiəsi sahəsində ortaya çıxan problemlərə toxundu. Onun sözlərinə görə, qanunvericilikdəki boşluqlar səbəbindən ciddi problemlər ortaya çıxır: «Qanunvericlik aktlarında bəzən elə ziddiyyətlərlə qarşılaşırıq ki, bununla bağlı məhkəmələr də istədikləri qərarı çıxara bilirlər».

Həbdə olan jurnalist Eynulla Fətullayevin atası Emin Fətullayev Azərbaycanda siyasi məhbuslar probleminə toxundu. Onun sözlərinə görə, nədənsə, siyasi məhbus elan edilən şəxslər öz hüquqlarının müdafiəsinə o qədər də maraq göstərmirlər: «Mən Eynulla Fətullayevin atası 3 ildir ki, bu işlə məşğulam. Amma yanımda başqa siyasi məhbusların yaxınlarını görə bilmirəm. Siyasi məhbusların özləri də hüquqları uğurunda mübarizə aparmaqda maraqsızdırlar».

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO