“Novxanı – sərvətimiz şəxsiyyətlərimizdir ” adlı kitabın təqdimatı olacaq

Abşeron rayonunun Novxanı kəndinin tarixinə, etnoqrafiyasına və görkəmli şəxsiyyətlərinə həsr olunmuş “Novxanı – sərvətimiz şəxsiyyətlərimizdir” kitabı “Zərdabi nəşriyyat-poliqrafiya” MMC-də nəfis şəkildə çap olunub. Kitabın “Ucalığa gedən yol” sərlövhəli “ön söz”ünün müəllifləri – tarix elmləri namizədi Tofiq Babayev və toplunun baş redaktoru, uzun illər Dövlət Təhlükəsizliyi Komitəsində və Milli Təhlükəsizlik Nazirliyində işləmiş, “Azərbaycan bayrağı” ordenli, istefada olan polkovnik Vaqif Ağayevdir. “Ön söz”də müasir Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə yaranmış dönüş barədə, Prezident İlham Əliyevin ölkənin daha da möhkəmləndirilməsi və inkişafı sahəsində gördüyü işlər haqqında da danışılır. Toplunun “Siyasi xadimlər” bölməsində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri -Məmmədəmin Rəsulzadə (1884-1955), 1966-1967-ci illər Azərbaycan KP MK katibi və büro üzvü olmuş, yazıçı, filologiya elmləri doktoru Şıxəli Qurbanov (1925-1967), “Dövlət xadimləri” bölməsində keçmiş SSRİ-də yeganə ittifaq naziri vəzifəsində çalışmış Sabit Orucov (1912-1981), Xalq Şairi, Sosialist Əməyi Qəhrəmanı, uzun illər Azərbaycan SSR Ali Sovetinin sədri olmuş Süleyman Rüstəm (1906-1989), ötən əsrin 70-80-ci illərində respublika KP MK-nın inzibati orqanlar şöbəsinə rəhbərlik etmiş, daxili işlər naziri olmuş Cəfər Vəliyev haqqında məlumatlar öz əksini tapıb. Kitabda, Azərbaycanın digər tanınmış şəxsiyyətləri haqqında da məlumat verilir. İyunun 17-də Novxanı kəndində kitabın təqdimatı reallaşacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO