Nizami Gəncəvinin əsərlərini əks etdirən rəsm sərgisi keçirildi

Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşəbbüsü ilə təşkil olunan “Ali Səviyyədə Görüş” çərçivəsində Azərbaycanın böyük şairi Nizami Gəncəvinin əsərlərini əks etdirən rəsm sərgisi keçirilib.

Trend-in məlumatına görə, bu barədə Diasporla iş üzrə Dövlət Komitəsindən bildirilib.

Tədbirdə Nizaminin “Xəmsə”sinin əlyazmaları yə miniatürlər nümayiş etdirilib, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldinin N.Gəncəviyə həsr etdiyi “Böyük mütəfəkkirin poeziyası” kitabının və DVD mühazirənin təqdimatı olub.

Tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü Nazim İbrahimov son illər ölkəmizin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsini yüksək qiymətləndirib. Nazim İbrahimov Azərbaycanın böyük şairi Nizami Gəncəvi irisinin təkcə ölkəmizdə deyil, sərhədlərimizdən kənarda da böyük maraqla öyrənilməsinin qürurverici olduğunu deyib.

Latviyanın sabiq prezidenti xanım Vayra Vike-Frayberqa yarandığı qısa müddətdə böyük uğurlara imza atan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin işini yüksək qiymətləndirib: “Prezident İlham Əliyevin dəstəyi ilə fəaliyyətini genişləndirən bu mərkəz Nizami irsinin dünyada təbliğinə öz töhfəsini verir”. Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə qədim Gəncədə olduğunu və orada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təməlqoyma mərasimində iştirakını xatırlayan qonaq deyib ki, yaxın illərdə bu qurum öz missiyasını daha yüksək səviyyədə yerinə yetirəcək.

Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldin isə dünya mədəniyyətinin əfsanəsi, insanlığın ən uca zirvəsinə yüksələn, ən dəyərli əsərlərinin yaradıcısı olan Nizami Gəncəvinin təkcə Azərbaycan ədəbiyyatının inkişafında deyil, eyni zamanda, dünya mədəniyyətinin inkişafında böyük rol oynadığını diqqətə çatdırıb: “XII əsr intibah dövründə Gəncədə yaşayıb-yaradan böyük Azərbaycan şairi Nizaminin yaradıcılığı bütün parametrlərinə görə – istər ideya-tematik, istər bədii-estetik, istərsə də bir çox Şərq xalqları ədəbiyyatlarının, o cümlədən fars, türk, urdu, hind, kürd, özbək xalqlarının ədəbiyyatlarının inkişafına təsiri baxımından bəşər tarixində qlobal hadisədir. Təsadüfi deyil ki, Nizaminin əsərlərinə 500-dək nəzirə yazılıb. Humanist ideyalar carçısı Nizami Gəncəvinin yaradıcılığında Şərq və antik ədəbi, fəlsəfi və mədəni dəyərləri üzvi şəkildə sintez olunub. İnsan xoşbəxt yaşamaq üçün yaradılıb və bu ilahi qədəri heç bir şər qüvvə dəyişdirə bilməz. Budur Nizami yaradıcılığının əsas ideya məğzi”.

Çıxışlardan sonra tədbirdə iştirak edən “Ali səviyyəli görüş”ün iştirakçıları, müxtəlif ölkələrin səfirləri və digər qonaqlar sərgilənən əsərlərlə yaxından tanış olub.

Milli.Az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO