Niyə press-reliz gələndə çör-cöp də gətirir?

Hər bir kütləvi informasiya vasitəsi gündə onlarla təşkilatdan press-reliz alır. Bu press-relizlərin heç də hamısından istifadə olunmur. Bunun səbəbi nədir? Press-relizlər necə hazırlanır? Jurnalistlərin iradları nədir?

“Media forum” saytı hər iki tərəfə – həm press-relizlərdən istifadə edən media nümayəndələrinə – Üç nöqtə” qəzetinin redaktoru Şahin Əliyevə, “Yeni Müsavat” qəzetinin redaktoru Zabil Müqabiloğluna, “Zerkalo” qəzetinin şöbə müdiri Azər Rəşidoğluna; həm də onu hazırlayaraq KİV-ə təqdim edən mətbuat katiblərinə – Müsavat Partiyası başqanının mətbuat və informasiya məsələləri üzrə müavini Mehman Cavadoğluna, Sosial Müdafiə Fondu mətbuat xidmətinin rəhbəri Elman Babayevə müraciət edib.

Media nümayəndələri press-relizlərdən əsasən narazı qaldıqlarını, onların normal hazırlanmadığını bildiriblər. Qarşı tərəfin təmsilçiləri isə press-relizi hazırlayarkən daha çox baş verən yeniliyin mahiyyətini çatdırmağa üstünlük verdiklərini bildiriblər.

Virtual ensiklopediya olan Vikipediyada press-relizə belə bir tərif verilib: bu və ya digər təşkilat (şəxs) haqqında yığcam və dolğun informasiyanın yer aldığı, hansısa vacib məsələyə münasibət əks olunan rəsmi məlumat. Bu baxımdan press-reliz təşkilatın əsas piar sənədi anlamına gəlir.

Jurnalistika dərsliklərində press-reliz hazırlanması texnologiyasına toxunarkən adətən onun göndərildiyi KİV-in auditoriyası üçün maraqlı və gərəkli olmasının vacibliyi, gündəmə uyarlığı və aktuallığı, ictimai əhəmiyyət daşıması kimi məsələlərə diqqət yetirilir.

Ş.Əliyev dövlət qurumlarından, ictimai birlik və təşkilatlardan, siyasi partiyalardan redaksiyaya göndərilən press-relizlərdən razı olmadığını ifadə edir: “Mənə elə gəlir ki, press-reliz hazırlayan əksər məsul şəxslər Azərbaycan dilindən xəbərsizdir. Onların bu dilin qrammatik qaydalarına uyğun olaraq cümlə qurmaq bacarıqları yoxdur. Əksər hallarda hiss olunur ki, material rus dilindən tərcümə olunub. Press-relizləri qəzet səhifəsinə olduğu kimi qoymaq mümkün deyil. Onların üzərində çox işləmək lazım gəlir”.

Redaktor əlavə edir ki, uzun illərdir press-relizlərin hazırlanması prosesində heç bir inkişaf getmir: “7-8 il bundan əvvəl hansı qüsurlar vardısa, o minvalla da davam edir”.

Ş.Əliyevin sözlərinə görə, əksər press-relizlərdə ictimaiyyətə çatdırılması vacib olan məqam, xəbər mətnin sonda verilir: “Əvvəl dövlət rəhbərliyinin tərifi gedir, sonra press-relizi yayan təşkilatın tərifi başlayır, lap sonda iki cümlədən ibarət xəbər verilir ki, yenilik nədən ibarətdir. Bəzən press-relizdə nədən danışıldığından baş açmaq mümkün deyil. Yəni həmin press-reliz yalnız bir kənara tullamağa yarayır. Nadir hallarda müxbirə həmin təşkilata zəng edib xəbərin mahiyyətini öyrənmək tapşırığı veririk”.

Zabil Müqabiloğlu da əksər press-relizlərin normal hazırlanmadığı qənaətindədir: “Press-relizlərin əksəriyyəti dil-üslub baxımından çox qüsurludur. Xüsusən də xarici kompaniyalardan, böyük şirkətlərdən göndərilən press-relizlərdə ciddi dil problemi olur. Bəzən informasiya yanlış cümlə quruluşunun arxasında gizlənir, onu üzə çıxarmaq da mümkün olmur. Bu da onunla bağlıdır ki, mətbuat xidmətlərində çalışanların böyük qismi peşəkar jurnalistlər deyil”.

Redaktorun sözlərinə görə, yalnız çox ciddi informasiya olduğu halda anlaşılmaz press-relizi dəqiqləşdirmək üçün həmin quruma müraciət olunur: “Amma daha çox həmin press-relizi dəfələrlə oxuyub birtəhər xəbər çıxarmağa çalışırıq”.

Z.Müqabiloğlu çıxış yolunu mətbuat xidməti işini peşəkarlara tapşırmaqda gördüyünü deyir.

“Zerkalo” qəzetinin şöbə müdiri Azər Rəşidoğlu da press-relizlərin hazırlanmasından şikayətçidir: “Jurnalistika qaydaları baxımından çox zəif hazırlanır. Bir qayda olaraq əksər press-relizlərdə nədən danışıldığı bilinmir. Çox nadir hallarda oxucu marağını çəkəcək məlumata rast gəlirsən”.

A.Rəşidoğlunun bildirdiyinə görə, bir çox hallarda press-relizlərdən istifadə olunmur: “Azərbaycanda bu gün istənilən qurumun, təşkilatın mətbuat xidməti var. Onlar öz mövcudluqlarını göstərmək üçün arada bir press-reliz yaymaqla guya iş görürlər mənzərəsi yaradırlar”.

M.Cavadoğlunun sözlərinə görə, press-reliz hər hansı bir qurumda, təşkilatda baş verən hadisələr haqqında rəsmi mövqedir: “Qəzet informasiyası, qəzet xəbəri isə fərqlidir. Orda müxtəlif tərəflərin mövqeyi yer alır. Press-relizlər adətən bir mənbənin məlumatını, bir mənbənin hadisəyə baxışını əks etdirir. Press-relizin dili rəsmi olmalıdır, orada bədii üslub heç lazım da deyil. Hərçənd mən quru rəsmiyyətçiliyin də tərəfdarı deyiləm, press-relizlər anlaşıqlı, sadə dildə yazılmalıdır. Yayılan informasiyanın mahiyyətinə bağlı olmalıdır”.

M.Cavadoğlu qeyd edir ki, partiyanın göndərdiyi informasiyalardan hər KİV öz zövqünə uyğun yararlanır, çox zaman press-relizin tam mətni verilməsə də, informasiyalardan istifadə olunur: “Bu baxır mətbuat orqanın profilinə, yaxud qəzetlərin, informasiya agentliklərinin Müsavat Partiyasına münasibətinə”.

Başqan müavini press-relizlərlə bağlı hər hansı yanlışlığı mətbuat orqanı rəhbəri ilə dostcasına həll etməyə üstünlük verdiyini deyir: “Düşünürəm ki, bu təhrif informasiyanı hazırlayan jurnalistin, yaxud redaktorun diqqətsizliyi ucbatından baş verib. Əgər əhəmiyyətli xəbərlə bağlı belə hal olubsa, onda dostcasına həmin mətbuat orqanının rəhbərinə irad bildirirəm”.

Partiyadan göndərilən press-relizlərlə bağlı jurnalistlərdən şikayət eşitmədiyini vurğulayan M.Cavadoğlu xırda qüsurları istisna etmir: “Ola bilər ki, nə vaxtsa, hansısa cümlədə bir uyğunsuzluq olub. Amma bu, xarakterik qüsur olmayıb. Ona qalsa, bu gün istənilən qəzetdə istənilən müəllifin yazısını diqqətlə oxuyub onun dil-üslub xətasına yol verdiyini demək mümkündür”.

Sosial Müdafiə Fondun mətbuat xidmətinin rəhbəri Elman Babayev hesab edir ki, press-relizin hansısa xüsusi forması yoxdur: “Mən uzun illər jurnalist işləmişəm və bu gün press-reliz hazırlayarkən öz təcrübəmə əsaslanıram. Press-relizi ən çoxu 2500 kompüter işarəsinə sığışdırıram, çalışıram ki, jurnalistlər onu oxuyub kənara tullamasınlar. Elə ilk cümlədən fondla, onun fəaliyyəti ilə bağlı yenilik, xəbər nədən ibarətdirsə, onu vurğulayıram. Sonda qısa xatırlatma verirəm ki, xəbərdə nədən danışıldığı jurnalistlər üçün aydın olsun”.

Mətbuat xidməti rəhbəri deyir ki, bir ildir bu vəzifəni daşıyır və indiyə qədər heç vaxt hazırladığı press-relizlərin ixtisar olunması faktına rast gəlməyib.

E.Babayev onu da bildirir ki, hər bir informasiya qurumunun press-relizlərə öz yanaşması mövcuddur: “Misal üçün, AzərTAc-ın xəbərə öz yanaşma tərzi var, “İnterfaks”ın isə öz yanaşma tərzi. Bizim üçün əsas odur ki, istədiyimiz xəbərin mahiyyəti yayılsın. Mən heç bir mətbuat orqanından narazı deyiləm. Elə onların da bizdən narazılığı yoxdur”.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO