Redaktor, ya baş redaktor?

[thumb=left]http://azfreespeech.az/uploads/posts/2009-11/1258535121_1249559325_mektub-qelem.jpg[thumb]Azərbaycanda, demək olar, bütün qəzetlərin baş redaktoru var. Ayda-ildə bir yol çıxan nəşrlərə də, gündəlik qəzetlərə də baş redaktorlar rəhbərlik edir. 20 il əvvəl tamam başqa mənzərə vardı – o zaman sovet Azərbaycanında qəzetlərin birinci şəxsi redaktor sayılırdı. Sadəcə redaktor, baş redaktor yox.

O çağın aparıcı qəzetləri “Kommunist”də də belə idi, “Azərbaycan gəncləri”ndə də. Bu qəzetlərin üst-üstə tirajı milyon nüsxəni ötürdü. Xalq hərəkatı illərində nəşrə 200 min tirajla başlamış “Azadlıq” kimi nüfuzlu qəzetdə də uzun illər birinci şəxsin vəzifəsi redaktor olub.

İndi isə az qala hər qəzetin baş redaktoru var. Bu düzgündürmü? Hər qəzet rəhbəri baş redaktor sayılmalıdır, yoxsa dövriliyinə, yayılma arealına görə qəzetdən qəzetə fərq qoyulmalıdır?

“Media forum” saytının suallarını cavablandıran “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov sovet dövrünü xatırlayıb: “Ötən əsrin 90-cı illərinə qədər “Kommunist” qəzeti 620 min, “Azərbaycan gəncləri” 420 min tirajla dərc edilirdi. Bu qəzetlərə rəhbərlik edən adamın vəzifəsi redaktor idi. İndi isə ayda-ildə bir dəfə dərc olunan qəzetlərin rəhbərləri özlərini baş redaktor adlandırırlar. Bilmirəm bu misal yerinə düşər, ya yox, kasıb itinin adını Gümüş qoyar. Bu gün qəzet açmaq o qədər asandır ki... Gedib Ədliyyə Nazirliyinə bir ərizə verir, qəzet açıb özünü təsisçi və baş redaktor adlandırır. Bir-iki nəfər də işçi götürüb adını redaktor müavini, məsul katib qoyur, bununla qəzetdə ştat vahidi bitmiş olur. Bu vəzifələr yalnız kimlərinsə qulağını kəsmək üçündür”.

B.Sadıqov “Azərbaycan” qəzetinin redaksiya strukturu haqda danışıb. Onun sözlərinə görə, redaksiyada 9 şöbə var: “Onun 2-si texniki şöbədir – reklam və foto-illüstrasiya şöbələri. Onların rəhbərlərinin vəzifəsi müdir gedir. Yerdə qalan 7 şöbəyə isə redaktorlar başçılıq edir. Bu şöbələrin hər birinin 4-6 işçisi var. Mənim vəzifəm ona görə baş redaktor adlanır ki, bu redaktorlara rəhbərliyi mən edirəm, yəni mən bir baş onlardan böyüyəm və bunun əsası var”.

“Azərbaycan”ın baş redaktoru onu da bildirib ki, bu gün hətta ən yüksək tirajla dərc olunan qəzetlərin yayım arealı haqda danışmaq düzgün deyil: “Əvvəllər 550-600 min tirajla çıxan “Kommunist” qəzetini ən geci günortaya qədər istənilən kənddə oxumaq olardı. Amma indi qəzetlərin rayon mərkəzlərinə belə daşınmasında problem var. Qəzetin yüksək tirajı isə bizim üçün artıq bir xülyaya çevrilib. Bu yerdə mən 1990-cı ilin 20 Yanvar faciəsindən bir neçə gün sonra çıxan “Səhər” qəzetindən danışmaq istəyirəm. Qəzetin həmin sayı 2 milyon tirajla çıxıb. Bu, bir tarix idi. Heç vaxt təkrar olunmayacaq bir faktdır. Rəhmətlik Rəfael Nağıyev, Şakir Yaqubov, Məzahir Süleymanzadənin xidmətləri sayəsində dərc olunan “Səhər” qəzeti pulsuz yayılmışdı”.

Mətbuat Şurasının İdarə Heyətində təmsil olunan B.Sadıqov bu qurumda redaksiyaların strukturunun formalaşdırılmasına dair müzakirələri mümkünsüz hesab edir: “Bu qurum qeyri-hökumət təşkilatıdır, orada çıxarılan qərarlar da tövsiyə xarakterli olur. Baş redaktor kim olmalıdır? Bu məsələdə ictimai rəy öz sözünü deməlidir. Hər yerindən duranın özünü baş redaktor adlandırmasına ictimai qınaqla son qoymaq mümkündür. Hazırkı durumun yaranmasında media əhli özü günahkardır”.


“Azadlıq” qəzetinin direktoru Azər Əhmədov yalnız 300-400 əməkdaşı olan qəzetdə baş redaktor vəzifəsinin olmasını qəbul edir: “Qəzetin dövriliyinin, tirajının, yayılma arealının redaksiya strukturuna o qədər də dəxli olmamalıdır. Redaksiyada çox işçi varsa, kollektivi idarə etmək çətindirsə, belə bir bölgü aparıla bilər - baş redaktor, baş redaktorun birinci müavini, müavinləri, şöbə müdirləri və sair. Bəzən gündəlik dərc olunan, amma işçilərinin sayı 35-40 nəfərdən artıq olmayan redaksiyalarda da belə struktur formalaşır. Fikrimcə, belə redaksiyalarda da redaktor və onun müavinləri olmalıdır. Sovetlər dönəmini bəyənməsəm də, bir çox ənənəsi daha ciddi və düz idi”.

“Media forum” saytına danışan direktor onu da bildirib ki, hazırda ayda bir-iki dəfə, yaxud iki aydan bir dərc olunan qəzetlərdə reallıqda bir-iki şəxs çalışır: “Onun da biri baş redaktor, biri onun müavinidir. Olsa-olsa, bir müxbirləri də var. Sözsüz ki, bu qınanılasıdır”.

Tanınmış qəzetçi, əməkdar mədəniyyət işçisi Şakir Yaqubov “Media forum” saytına deyib ki, SSRİ dövrünün Azərbaycan qəzetlərində redaksiya strukturu fərqli idi: “Vardı redaktor, onun müavini, katiblik, şöbələr, müxbirlər və sair. Hətta ən böyük respublika qəzetlərində redaksiyalar belə qurulmuşdu. Baş redaktor vəzifəsi o zaman radio və televiziya üçün xarakterik idi. Bunu həmin qurumların strukturu diktə edirdi. Məsələn, televiziyada Ədəbi-Dram Verilişləri Baş Redaksiyası fəaliyyət göstərirdi. Bu redaksiyada kiçik redaktor, redaktor, böyük redaktor ştatları vardı, baş redaktorun da olması təbii idi”.
İndiyə gəlincə, Ş.Yaqubov “Yeni Müsavat” qəzetini misal gətirib: “Bu yaxınlarda “Yeni Müsavat”da dörd redaktorun olduğunu oxudum. Bu halda da baş redaktor vəzifəsinin olması etiraz doğura bilməz. Ancaq yaxşı olardı ki, iri qəzetlər redaksiya strukturunu formalaşdıranda bir amilə diqqət yetirsinlər. Vaxtilə mən “Panorama” qəzetində idman redaksiyasının redaktoru idim. Bu qəzetdə struktur elə qurulmuşdu ki, şöbələr redaksiya kimi fəaliyyət göstərirdi. Təbii, bir neçə redaksiyası, redaktoru olan qəzetin rəhbəri baş redaktor adlanmalıydı, adlanırdı da. Bu nümunə əsasında aparıcı qəzetlərin şöbələrini redaksiya kimi formalaşdırmaq olar. Qaldı hər yerindən duran redaksiyada baş redaktor vəzifəsinin olmasına, hər qəzet rəhbərinin baş redaktor titulu daşımasına, buna pis baxıram. Jurnalistikanı hörmətdən salan bir şeydir”.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, dosent Akif Rüstəmov “Media forum” saytına açıqlamasında deyib ki, qəzet redaksiyalarının indiki strukturda formalaşması Qərbdən gəlir: “Əvvəllər redaksiya şöbələrinə rəhbərlik edənlər ədəbi işçi adlanırdı. İndi isə hər şöbənin öz redaktoru olur. Bu gün Qərbdə belədir. Tutaq ki, idman redaksiyasına, iqtisadiyyat redaksiyasına rəhbərlik edən şəxs redaktor olur. Bundan yüksək pillədə dayanan adam isə baş redaktor hesab edilir”.

A.Rüstəmov vurğulayıb ki, sovet jurnalistikası ənənələrinə bağlı olan Rusiyada da indi redaksiyaların strukturu bu cür formalaşıb: “Sovet dövründə isə bir nəfər redaktor olurdu, bütün materiallar onun əlindən keçirdi. Hər bir şöbənin öz redaktoru olması işin sürətinə, daha keyfiyyətli məhsulun ortaya çıxmasına səbəb olur. Buna pis baxmıram”.


«Media forum»