
Sentyabrın 15-də Azərbaycan Media Mərkəzi İsveçə səfər edəcək 7 jurnalistin adını açıqlayıb. Onlar mərkəzin iyulda elan etdiyi jurnalist müsabiqəsinin qalibləridir. Yazı qəbulunun avqustun 29-də başa çatdığı müsabiqədə jurnalistlərə bu mövzular təklif olunmuşdu: seçki kampaniyası dönəmində KİV-də hansı “qara piar” üsulları ilə rastlaşmaq olar; seçki kampaniyası dönəmində yeni medianın açdığı imkanlardan necə yararlanmaq olar; jurnalistlər seçki dönəmində işlədilən siyasi texnologiyalardan necə duyuq düşməlidir.
Qaliblər oktyabr ayında İsveçə səfər edərək parlament seçkisindən sonrakı durumu işıqlandıracaqlar. Bu ölkədə parlament seçkisi sentyabrın 19-na təyin edilib. Paytaxt Stokholma səfər zamanı azərbaycanlı jurnalistlər deputatlarla, media təmsilçiləri ilə görüşəcək, seçkinin işıqlandırılması qaydaları barədə təlimlər keçəcəklər.
“Media forum” saytı qalib jurnalistləri təqdim edir:
Fərəh Sabirqızı - müstəqil jurnalist
Aytən Məmmədova - “Azadlıq” qəzeti
Anar Hüseynov - Prezident Yanında Strateji Araşdırmalar Mərkəzinin mətbuat katibi
Leyla Əmirova - “Azerbaydjanskie izvestiya” qəzeti
Samirə Həsənli - www.var.az saytı
İdrak Abbasov - RATİ, “Ayna” qəzeti
Kamal Əli - “RİA Novosti” İnformasiya Agentliyi.
"Media forum"