Nekroloq

Məmməd Nazimoğlunun publisistikası həmişə qabarıq vətəndaşlıq mövqeyi ilə səciyyələnib. Bununla belə tariximizin ən sərt məqamlarında da onun istər köşə yazıları, istərsə də «teleağrı» seansları heç bir insanın namusuna və şərəfinə toxunmayıb. İnsan amilini uca tutan müəllimimiz cəmiyyətin problemlərindən danışarkən şəxsi müstəviyə enməyi zərərli tendensiya hesab edirdi. Belə yanaşmanın özü böyük mənəviyyat məktəbidir.
Məmməd Nazimoğlunun şagirdləri, yetirmələri haqda illər boyu danışmaq mümkündür. Onun yetirmələri «Yeni Müsavat», «Yeni Azərbaycan», «525-ci qəzet» kimi müxtəlif siyasi yönlü nəşrlərdə çalışaraq jurnalistika sexinin bütövlüyünün əyani bariz nümunələridir. «Jurnalistika bizimkilərlə sizinkilərə parçalanmamalıdır, o, azad, varlı, peşəkar olmalı və ictimai proseslərin fövqündə getməlidir» devizi alnına yazılmış Məmməd müəllim imkan daxilində peşəmizə əxlaqa zidd meyllərin hopmasının qarşısını ala bilmişdir.
Məmməd Nazimoğlu üç övlad atası idi. Üç oğlunun ikisi valideyninin yolunu bilavasitə davam etdirməsələr də, jurnalistikadadırlar. ANS və İctimai Televiziya kimi sanballı «tədris müəssisələri»ndə formalaşan Məmmədovların gənc nümayəndələri atalarının mübariz ruhunu teleməkana qatmaqdadırlar. «Məmməd Nazimoğlunun nurlu adı milli jurnalistikanın əbədi simalarındandır», – desək yanılmarıq. Bu ad həmişə peşəmizin ən parlaq ziyalı nümayədələri ilə yanaşı çəkiləcək.
Biz, Söz Azadlığı Müdafiə Fondu olaraq, bütün Azərbaycan xalqına kədərləndiyimizi bildirir, dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO