Nazirlik jurnalistlər arasında müsabiqə elan etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurası ilə birgə jurnalistlər arasında müsabiqə elan edib. Nazirlikdən Modern.az-a verilən məlumata görə, müsabiqə “Ekologiya mövzusunun kütləvi informasiya vasitələrində işıqlandırılmasına dəstək” layihəsi çərçivəsində élan edilib.

Müsabiqənin mövzuları aşağıdakılardır:
• 2010-cu il “Ekologiya ili”dir: dövlətin ekoloji siyasəti;
• Təbii sərvətlərdən səmərəli istifadə;
• Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə;
• Qlobal ekoloji problemlər və milli səviyyədə tələbatların qiymətləndirilməsi;
• Ekoloji təhlükəsizliyin təminatı: mövcud durum və perspektiv vəzifələr;
• Üçüncü sektor və ətraf mühit;
• Ekologiya sahəsində beynəlxalq əməkdaşlıq;
• Ekoloji maarifləndirmə.

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən şəxslər müsabiqədə iştirak edə bilərlər.
Müsabiqəyə təqdim olunan yazı və telereportajlar elan edilmiş mövzulardan birinə uyğun olmalı, yazı və telereportaj Azərbaycan dilində olmalı (xarici mətbuatda işıqlandırılmış mövzular Azərbaycan dilinə tərcümə olunmuş şəkildə təqdim edilməlidir), yazıda və telereportajda “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Azərbaycan Mətbuat Şurasının keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməli, yazının dərc olunduğu mətbuat orqanı (1 nüsxə), A4 formatda çap (3 nüsxə), həmçinin telereportajlar DVD, CD formasında təqdim olunmalı, yazılar A3 formatda 1 səhifədən (9-11 min işarə) çox, telereportajlar isə 5 dəqiqədən az olmamalı, yazılar və telereportajlar şəxsən 2010-cu il 19 aprel – 20 may 2010-cu il tarixləri arasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunmalıdır.
Hər jurnalist və telereportyor yalnız bir mövzu üzrə müsabiqədə iştirak edə bilər.
Yazılarda aşağıdakılara üstünlük veriləcək:
– mövzuların əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;
– materialın oxucu üçün informasiyalılıq səviyyəsi;
– yazının və reportajın dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;
– jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;
– ictimai maraqların müdafiəsi.

Qaliblər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurasının xüsusi diplomu ilə təltif olunacaq, I yerin qalibi 500, II yerin qalibi 300, III yerin qalibi isə 200 manat məbləğində mükafatlandırılacaq.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO