“Naxçıvan folkloru antologiyası” çap olunacaq

Naxçıvan Muxtar Respublikasının (NMR) qədim folklor nümunələrini özündə əks etdirən “Naxçıvan folkloru antologiyası” çap olunacaq.

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri Məhərrəm Cəfərlinin Lent.az-a verdiyi məlumata görə, ötən dövr ərzində ilkin folklor mətnlərinin sistemləşdirilməsi, tərtibi və çapa hazırlanılması, qədim folklor materialların toplanılması üçün muxtar respublikanın bölgələrinə ekspedisiyalar təşkil olunaraq folklorşünaslığın tarixi və nəzərə məsələləri ilə bağlı araşdırmalar aparılıb.

M. Cəfərli bildirib ki, oxucular yeni nəşrdə Naxçıvan folklorunun 27 janrı ilə tanış olmaq imkanı əldə edəcəklər. Antologiyada muxtar respublika ərazisində yayılan miflər, mərasimlər, atalar sözləri və məsəllər, rəvayətlər, bayatılar, mahnı və digər folklor janrları yer alacaq.

“Naxçıvan folkloru antologiyası”nın yaxın günlərdə oxucuların istifadəsinə verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, antologiyanın hazırlanılması NMR Ali Məclisi sədri Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” sərəncamına əsasən həyata keçirilib. Sərəncama əsasən AMEA Naxçıvan Bölməsi tərəfindən “Naxçıvan Folkloru Antologiyası” ilə yanaşı, Naxçıvan folkloru atlası da çap ediləcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO