“Naşir” jurnalının ilk sayı təqdim edildi

AZƏRBAYCAN NAŞİRLƏR VƏ POLİQRAFÇILAR İCTİMAİ BİRLİYİNİN TƏSİS ETDİYİ JURNAL ÖLKƏDƏ KİTAB MƏDƏNİYYƏTİNİN YÜKSƏLMƏSİNƏ ÇALIŞIR
Mirzə Fətəli Axundzadə adına Milli Kitabxanada Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin təsis etdiyi “Naşir” jurnalının ilk nömrəsinin təqdimatı keçirilib.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev son illər ölkəmizin nəşriyyat və poliqrafiya sahəsində qazandığı uğurlardan söz açıb: “Bakıda keçirilən beynəlxalq kitab sərgiləri nəşriyyat işinə marağı daha da artırıb, bu sahədəki uğurlarımızın təbliğinə təkan verib. Xüsusilə Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin yaranması ölkəmizdə bu istiqamətdə fəaliyyət göstərən insanların problemlərinin həllinə, təkliflərinin dinlənilərək həyata keçirilməsinə müsbət təsir göstərib. Belə qurumun yaranmasını çoxdan gözləyirdik. İnanırıq ki, Birlik bu sahədə mövcud olan bir sıra məsələlərin həllinə nail olacaq və Azərbaycanda kitab işinin yüksək səviyyədə təşkilinə öz töhfəsini verəcək”.
Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyi idarə heyətinin sədri Bəhruz Axundov hazırda ölkəmizdə 200-ə yaxın nəşriyyat və poliqrafiya müəssisəsinin qeydiyyatdan keçməsinə baxmayaraq, həmin nəşriyyatların əksəriyyətinin ortalığa keyfiyyətli iş çıxara bilmədiklərini vurğulayıb və Birliyin qarşısında dayanan əsas məqsədlərdən bəhs edib: “15 ilə yaxındır ki, bu Birliyin yaranması üçün təkliflər verilir, ancaq müəyyən səbəblərə görə bu iş baş tutmurdu. Nəhayət ki, 35 müəssisə ilə birləşərək bu əhəmiyyətli qurumu yaratmağa nail olduq. Bu qurumu yaratmaqda məqsədimiz, kitabın ictimai həyatımızdakı mühüm rolunu bərpa etmək, onun nüfuzunun, yüksək adının özünə qaytarılmasına əməli kömək göstərmək, respublikada kitab nəşri mədəniyyətini yüksəltmək, kitab satışını genişləndirmək, bayağı kitabların yayılmasının qarşısını almaq, xaricdə yaşayan soydaşlarımızla əlaqələr yaradıb Azərbaycan kitabının dünyada daha çox tanınmasına öz töhfəmizi verməkdir. Pis kitab yoxdur, pis naşir var. Əgər gözəl kitabın gözəl məzmunu varsa, bu, bir sərvətdir”.

Birliyə kitab nəşri ilə məşğul olan 50-dən çox şəxsin üzv olduğunu söyləyən B.Axundov qurumun reallaşdırdığı layihələrdən söz açıb: “Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin hazırda iki beynəlxalq layihə üzərində işləyir və cari ildə bir sıra yerli müsabiqələr təşkil olunacaq. Nəşrinə yeni başlanan “Naşir” jurnalı isə nəşriyyat-poliqrafiya müəssisələrinin işinin daha da yüksəlməsinə, onların əlaqələrinin möhkəmlənməsinə, ölkədə kitab yayımının artmasına təkan verəcək, tanınmış və gənc qələm sahiblərinin yaradıcılıq yoluna işıq salacaq, kitab mədəniyyətinin təbliği və oxucu zövqünün formalaşmasına kömək edəcək”.

Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar “Təhsil” nəşriyyatının bu günə qədər nəşr etdiyi kitabların çox sanballı, səviyyəli olduğunu deyib: “Mən “Naşir” jurnalının da məzmunu ilə tanış oldum. Olduqca nəfis poliqraf işi gördüm ortada. Xüsusilə də burda bir söz diqqətimi çəkdi – Əlahəzrət kitab. Bu söz artıq bu Birliyin kitaba, sözə nə qədər diqqətlə, sevgi ilə yanaşdığını göstərir. Ancaq mən Bəhruz bəyin söylədiyi “pis kitab yoxdur, pis naşir var” sözü ilə razılaşmıram. Çünki bəzən elə pis kitabları gözəl nəşr edirlər ki, adamın o kitabları atmağa heyfi gəlir. Mən çox istərdim ki, gələcəkdə Birliyin işlərindən biri də hansı kitabların çap olunub-olunmamasına diqqətlə yanaşmaq olsun”.

Millət vəkili Bəxtiyar Əliyev çıxışında bir məqamı vurğulayıb: “Keçmişdə çox gözəl bir ənənə vardı: naşirlərlə yazarların ortaq işbirliyi. Naşirlər dəyərli yazarlara kitab yazmaq sifarişi verirdi, ona görə də o vaxt “pis” deyilən kitab nadir hallarda olurdu. Ümid edirəm ki, bu Birlik bu gözəl ənənəni də bərpa edəcək”.

Tədbirdə professor Cahangir Məmmədlinin “Təhsil” nəşriyyatı tərəfindən çap edilmiş kitabının təqdimatı olub. C.Məmədli bu kitabı gözəl bir sürpriz kimi qarşılayıb: “Bu gün mən çox kövrəldim. Ona görə ki, bu kitab mənim xəbərim olmadan nəşr olunub. Həyatımda bu anımdan kövrək anım və bu kitabdan gözəl hədiyyəm olmayıb. Kitabın mənşəyi səmadan gəldiyi üçün kitab olan yer müqəddəs sayılır. “Təhsil” nəşriyyatı da müqəddəs işlə məşğuldu. Yadıma gəlir, on-on beş il əvvəl səviyyəli bir jurnal nəşr etmək üçün Türkiyəyə üz tutulurdu. Amma indi çox sevindirici haldır ki, bu gün bu müraciətlər yerli nəşriyyata ünvanlanır”.

Təqdimatda Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, professor Qəzənfər Paşayev “Naşir” jurnalının baş redaktoru Gülnar Məsimli də çıxış ediblər. Tədbirdə həmçinin “Naşir” jurnalının ilk nömrəsi barədə məlumat verilib, orada yer alan materialların aktuallığından danışılıb, birliyin yeni internet portalı olan www.nashir.az saytından söz açılıb.

Sonra birliyə yeni üzv olan naşirlərə vəsiqələr təqdim edilib, “IX Beynəlxalq Kitab Sənəti” müsabiqəsində müxtəlif nominasiyalar üzrə iştirak edib yer tutan nəşrlər diplomla təltif olunublar.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO