Narahatlıq haqqı (“Silinməyən məktublar”)

Başın qarışıqdır…

***

Dostumuz kirimir.

Kirimir.

Neçə vaxtdır.

Dünyanın hər üzünü görmüş adam bilirəm onu. Nə olub, nə baş verib axı kirimir?

Dinmirsən.

Onun özündən soruşmaq çox ağırdır. Nə qədər sarsıldığını, nə qədər dərindən yaralandığını təsəvvür eləmirsən.

Danışanda ömrü gödəlir. Amma məcburam danışdırmağa. Danışmayanda ömrü daha çox gödəlir.

“Məni dünyanın hər üzünü görmüş adam bilməkdə yanılmırsan” deyir.

Amma dünyanın pis üzünə… pis üzünü hər görəndə heyrətlənir: “Dünyanın pis üzünə alışa bilmirəm. Ona görə tanış ağrını da ağrının siftəsi kimi yaşayıram”.

Bir yol mənə iki şəklini göstərmişdi. İllər öncə, yeniyetmə vaxtı, yurdunda çəkilmiş iki şəkil. Cəmi ay yarım zaman ayırır bu iki şəkli. Amma şəkillər nə qədər fərqlidir… Birinci şəkildən bəxtiyar bir uşaq boylanır. Yeniyetmə yox, uşaq. İkinci şəkildə qüssə dolu bir gəncin cizgiləri var. Yeniyetmənin yox, gəncin.

“Birinci şəkil dünyadan xəbəri olmayan, ikinci şəkil dünyanın pis üzünü ilk dəfə görmüş adamın şəklidir” demişdi onda.

Bu iki şəkildən az əvvəl mənə başqa bir şəkil göstərmişdi. Dava vaxtı yanıb külə dönmüş şəklin eynisini. Uşaqlıq dostundan almışdı. İllər uzunu elə hey o şəkildən danışmışdı. Gətirib qoydu qarşıma: “Bax. Gör neçə il ağrımağa dəyərdimi?”

…Xiffəti yalnız şəkil xiffəti olsaydı, onu elə özündəki şəkil yanıb külə dönən günün səhəri tapardı. Nə çoxdur uşaqlıq dostu. Amma neçə ildə heç kimdən istəməmişdi. Çünki xiffəti yalnız şəkil xiffəti olmamışdı.

“Neçə il ağrımağa dəyərdimi?”

Sonralar bu sualı özünə qaytarmağım yadıma düşür: “Bəlkə heç iztirablarına layiq deyil?”

Cavabı məni utandırmışdı: “Onun bu iztirablara layiq olub-olmadığı mənim münasibətimi dəyişmir. Mən onu iztirablarıma layiq bilirəm. Necə ki, məhrəm duyğulara layiq bilmişdim. Mən bu yolu kiməsə görə yox, özgə yol bilmədiyimə görə tutmuşam. Heç kimə minnət qoymadan, heç kimdən heç nə ummadan, heç nə istəmədən darıxmışam… Narahatlığımla rahatlıq tapmışam. Narahat olmaq haqqımı heç kimə vermədən yaşamışam. Kirimədən”.

İllər onun duyğularını təslim edə bilmir.

“Bəs indi nə olub? Niyə kirimək bilmirsən? Nə istəyisən?” Bunu soruşuram ondan.

“Heç nə istəmirəm. Mənə öz hisslərim bəsdir. Yaşamaq üçün də, ölmək üçün də. Keçmişdə belə olub. İndi də belədir. Gələcəkdə də belə olacaq”.

Çırpına-çırpına qaldığı günlərdə dediklərini xatırlayıram: “Dünyanın bu üzünü də gördüm… Bu üzünü heç görməmişdim… Görməmişdim”…

Duyğuların tar-mar, təsəvvürlərin alt-üst olması dəhşətdir. Bir var sənə rəva görülənə yanasan, bir də var yurd kimi müqəddəs bildiyinin özünün özünə rəva gördüyünə yanasan.

Yenə narahatlığıyla rahatlıq tapır: “Narahat olmaq haqqımı əlimdən heç kim ala bilməz”.

Bir cüt kədərli gözdən söz açır: “Mənim narahat olmağımdan narahat olmağın yeri yoxdur. Keçmişdə qalan o kədərli gözlərə baxmağın yeri var. O ağrı duyulsa, onda niyə belə narahat olduğum, niyə kirimədiyim aydın olacaq”.

***

Başın nəyə qarışıqdır?

Hikmət SABİROĞLU

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO