Ən yaxşı telejurnalist kimdir? (sorğu)

Azərbaycan teleməkanında bir sıra tanınmış jurnalistlər var ki, bəzi gənc həmkarları onlara müxtəlif rakursdan yanaşaraq, özlərinə örnək sayırlar. Peşəkarlıq səviyyələrinə, təqdimata görə bir-birlərindən fərlənən tanınmış telejurnalistlər həm də çalışdıqları telekanalların imicini formalaşdırırlar desək, yanılmarıq. Nahaq yerə “yaxşı jurnalist, yaxşı aparıcı televiziyanın üzüdür” demirlər.
Telejurnalistikada kimi ən yaxşı hesab edirsiniz? Modern.az bu sualla gənclərə deyil, tanınmış media kapitanlarına müraciət edib.

Teletənqidçi Zeynal Məmmədli: “Bu sahədə ad çəkmək çox çətindir. Bütün başqa fikirlər subyektiv olacaq. Azərbaycanda sərbəst teleməkan yoxdur. Ən yaxşısı bunun üçün sərbəst bazarı gözləyək, onda deyək kimdi peşəkar. İndiki halda ad çəkmək ədalətsizlik olar, Ona görə ki, istedadlılar var, amma şərait yoxdu. Başqa sözlə, uşaqlar var, şərait yoxdur. Ancaq püliralizm olduqda telejurnalist söhbətini salmaq olar. Əks halda bu söhbət həqiqətdən yayınmaq deməkdir”.

“Olaylar” qəzetinin baş redaktoru Yunis Oğuz: “Məncə ən yaxşı telejurnalist İTV-dən Anar Yusifoğlu, Vəsilə Vahidqızı, “Xəzər”dən Qulu Məhərrəmlidir”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli: “İTV-dən Anar Yusifoğlunu, ANS-dən Mirşahin Ağayevi ən yaxşı telejurnalist kimi görürəm. Başqası ağlıma gəlmir”.

“Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli: “Ən yaxşı telejurnalist AzTV-dən İbrahim Məmmədov və Yunis Orucov, ANS-dən Mirşahin Ağayevdir”.

APA-nın baş direktoru Vüsalə Mahirqızı: “Mənim bəyəndiyim teleaparıcılar çoxdu, ad çəkmək çətindir. Bunların arasında dostlarım da var. Əlbəttəki Mirşahin var bunların içərisində, sonra Anar Yusifoğlu istedadlı aparıcıdır, Vəsilə Vahidqızı var. Sevil Nuriyeva, İbrahim Məmmədov, Bəxtiyar Səlimov, Namiq Əliyev, mədəniyyət sahəsində Leyla Əliyeva, Elçin Əlibəyli istedadlı aparıcılardır. Mən ən yaxşı tapıntı kimi İTV-də Leyla Əliyevanı deyərdim. Bu xanımla şəxsi tanışlığım yoxdu, amma çox bəyənirəm”.

“Media forum” saytının baş redaktoru Azər Qaraçənli: “Ad çəkə bilməyəcəm. Subyektiv fikrim odur ki, televiziya seyrçisi deyiləm. Obyektiv fikrim odur ki, telejurnalistlərin özlərini göstərmə imkanı yoxdu. Obyektiv şərait yoxdur. Telejurnalistlərə özlərini ifadə imkanı verilmir. Onu bir daha deyirəm ki, mən elə də çox TV izləmirəm. Televizya sahəsində lazımı avadanlıqlar olmadığına görə, bəzi telejurnalistlərimiz də özlərini göstərə bilmirlər. Şərait olsa, öz potensiallarını ortaya qoyarlar. Amma potensiallarını ortaya qoya bilmirlər. Bunun digər bir səbəbi də odur ki, ən çox sıxma-boğma televizya sahəsindədir. Onların öz potensialını ifadə etmək imkanı çox azdır. Televizyada azadlıq çox azdır”.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu: “Parlaq telejurnalist kim var? Mənim ağlımda heç bir adamın da adı yoxdu. Əvvəlki illər olsaydı, telejurnalist kimi bir-iki adamın adını deyərdim. İndi telejurnalist kimi fəaliyyət göstərmirlər. Elə bir parlaq telejurnalist mən tanımıram. Qəzet jurnalistikasından 10 adamın adını çəkə bilərəm, amma telejurnalistikadan heç bir adamın da adını çəkə bilmərəm”.

“Azadinform” İA-nın baş redaktoru Niyaz Niftiyev: “Ən yaxşı bildiyim telejurnalist Elçin Əlibəylidir mənim üçün. Mən belə fikirləşirəm. Mirşahin Ağayev, bir də İctimai Televizyada təhsillə bağlı verliş aparıcısı var Cəsarət Valehov”.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid: “ANS-də Sevil Nuriyeva, Mirşahin Ağayev, Qənirə Ataşova, İTV-də Anar Yusifoğlu, Vəsilə Vahidqızı, Könül Arifqızı, “Lider”də Günay Malikqızı yaxşı teleaparıcılardı. Teleməkanda televizya siması olan jurnalistlər olmalıdır. Təəssüf ki, bizdə bəzi TV-lər var ki, nə qədər fikirləşirsən ordan bir sima ağla gəlmir. AzTV-nin siması kimi İbrahim Məmmədovun adını çəkmək olar, ANS-də də sima çoxdu. “Space”in siması da İlham Mirzəyevdir ki. O da falçıdır. ATV-nin siması da Dilarə xanımdır”.

“Üç nöqtə” qəzetinin baş redaktoru Xoşqədəm Hidayətqızı: “ANS-də Mirşahin Ağayev, Sevil Nuriyeva, ATV-də Elçin Əlibəyli ən yaxşı telejurnalistlərdir”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı: “”Xəzər”də Qulu Məhərrəmli, ANS-də Sevil Nuriyeva, Mirşahin Ağayev, AzTV-də İbrahim Məmmədov, İTV-də Anar Yusifoğlu, Vəsilə Vahidqızını yaxşı telejurnalistlər sayıram. Ayrıca İctimai TV-nin beş yaşı münasibətiylə Vəsilə və Anarı təbrik edirəm”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO