Ən yaxşı qəzet jurnalisti kimdir? (telejurnalistlərlə sorğu)

Yazılı mətbuatımızda tanınmış imza sahibləri çoxdur. Onlardan bəzilərini gənc jurnalistlər özlərinə örnək sayırlar. Onlar peşəkarlıq səviyyələrinə, təqdimata görə bir-birlərindən fərlənirlər.
Modern.az ötən həftə çap mətbuatında çalışan baş redaktorlara “Hansı telejurnalisti bəyənirsiniz” sualı ilə müraciət etmişdi.
Bu dəfə eyni sorğunu televiziya jurnalistləri arasında keçirdik. Telejurnalistlərə “qəzetlərdə çalışan hansı qələm sahiblərinin yazılarını bəyənirsiniz” sualı ilə müraciət etdik. Cavablarla siz də tanış olun.

ANS şirkətlər qrupunun viste-prezidenti Mirşahin Ağayev:
“Mən qəzetləri oxuyuram, amma çətindi ad çəkmək. Ümumiyyətlə bu günün qəzet jurnalistikası məni qane etmir. Bu gün Azərbaycanda mənim xoşuma gələn qəzet jurnalisti yoxdur. Təbii ki, 2-ci yerdədə yoxdu, 3-cü yerdə də yoxdu. Məncə 4 yer də boşdur, 5-ci yerə mən Aqil Abbası qoyardım.
Mənə elə gəlir ki, birinci yerdə Şirməmməd Hüseynovdur. Mən onun “525-ci qəzet”dəki yazılarını oxuyuram. Digər mətbuat orqanlarında çıxan məqalələrini də oxumuşam. Hesab edirəm ki, bütün göstəricilərə və parametrlərə uyuğun bizim bir jurnalistimiz var, o da Şirməmməd Hüseynovdur”.

ATV-nin Xəbərlər Departamentinin baş redaktoru Vaqif Aydınoğlu:
“Mən “Yeni Müsavat”dan Elşad Paşasoyun, “525-ci qəzet”dən Kamil Həmzəoğlunun adını çəkərdim. Bir nəfər də yadıma düşdü. “Azərbaycan” qəzetindən İxtiyar Hüseyinli. Belə başqa bəyəndiyim yoxdur”.

“Xəzər” TV-nin İnformasiya şefi Nəcəf Həsənov:
“Xəbərləri oxuyuruq, amma elə bir jurnalist yoxdur ki, xəbəri maraqlı etsin. Yəni xəbəri maraqlı edən jurnalist bilmirəm. Özəl araşdırmalar yazan muxbir olmadığı üçün dəqiq xatırlamıram. Məsələn, parlamentdə qanun qəbul olunur, redaksiya öz jurnalistini göndərir. O da hər jurnalistin edə biləcəyi bir şeyi edir. Elə bir xüsusiyyət görmürəm. Sözün düzü təqib etmirəm qəzetləri, desəm ki, bunu oxuyuram, onu oxuyuram, yalan olardı”.

Az TV-nin əməkdaşı İbrahim Məmmədli:
“Çox gözlənilməz sual oldu. Mən “Exo” qəzetindən Nair Əliyevin adını çəkmək istəyərdim. “Kaspi”dən Natiq Məmmədlini də deyə bilərəm. Mən informasiya agentliklərini daha çox oxuyuram. Çətinlik çəkirəm deməyə. Elə bu iki nəfəri qeyd edin”.

İctimai Televiziyanın İnformasiya və Analitik Proqramlar Departamentinin direktoru Anar Yusifoğlu:
“Jurnalistikanin müxtəlif sahələri üzrə çalışan çoxsaylı qələm adamları var ki, onları maraqla izləyirəm. Ancaq, məsələn, elə gözəl köşə yazarları var ki, reportaj, ya da xəbər işləməyi bacarmırlar və yaxud əksinə – araşdırmaları ilə seçilən jurnalistin köşə yazısı bəzən çox zəif olur. Yeni jurnalistikanın reportaj, analitik təhlil, təhqiqat, xəbər, iqtisadiyyat, idman ve s. müxtəlif sahələrində peşəkar yazılarıyla seçilən qələm dostlarımız coxdu. Onlari umumiləşdirmək və konkret bir həmkarımızın üstündə durmaq çətindir. Həm də ən yaxşı qəzet jurnalistinin kimliyi sualına konkret cavab ifrat subyektivlik tələb edir ki, bu da obyektiv olmağa çalışan jurnalistə yaraşmaz. Amma köşələrin və yazılarını maraqla oxuduğum yazarlar var”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO