Musa Yaqubun şəxsi internet saytı yaradılıb

Çağdaş Azərbaycan poeziyasının böyük şairi Musa Yaqubun personal internet səhifəsi – www.musayaqub.az fəaliyyətə başlayıb. Bundan sonra dünyanın bütün ölkələrində yaşayan soydaşlarımız virtual aləm vasitəsilə Musa Yaqub yaradıcılığı ilə yaxından tanış olacaq, şairin milli-mənəvi və bəşəri dəyərlərə söykənən poetik-fəlsəfi dünyasının əsl mahiyyətindən faydalanmaq imkanı əldə edəcəklər.

Təbiət lövhələrinin təsvirindən sonra məşhur “Leyləklərin çöp yuvası boş qalıb” şeirindən epiqrafla başlayan şəxsi internet səhifəsi şairin həyatı barədə danışdıqlarının əsasında spesifik formada qeydə alınan biblioqrafik yazı ilə davam edir. Bir hissəsi ana səhifədə yerləşdirilən biblioqrafik yazını ana səhifə boyu şairin özünün yaradıcılığı haqda yazdıqlarından, dövrünün ünlü söz adamlarının onun yaradıcılığı barədə dediklərindən, geniş ictimai-siyasi məzmunlu müsahibələrindən parçalar və nəhayət “Bəlkə də borcundan çıxmadım, Vətən!” nidalı məşhur şeirlərindən biri müşayiət edir.

Saytda internet istifadəçilərinə müxtəlif bölümlər altında təqdim olunub. Ayrı-ayrı bölümlərdə şairin həyatı, kitabları, şeirləri, poemaları, yaradıcılığı haqqında tədqiqatlar, fotoqalereya, müsahibələr, oxucularla görüşləri sərgiləyən video materiallar, əsərlərinin özünün və tanınmış bədii qiraət ustalarının dilindən müxtəlif radio dalğalarında səsləndirilmiş audio və video nüsxələri yerləşdirilib. Sayta həmçinin şairə ürək sözlərini yazmaq, yaradıcılığına münasibət bildirmək üçün “əlaqə” və “qonaq dəftəri” bölümləri də əlavə edilib.

Sonda onu da bildirək ki, www/musayaqub.az saytı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) dəstəyi və Söz Azadlığını Müdafiə Fondunun (SAMF) təşkilatçılığı ilə ərsəyə gəlib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO