Musa Yaqub: “Gördük ki, qoçu ola bilmirik…”

“Səhərə qədər öküzün yanında yatmışam…”

Lent.az-ın “Persona” rubrikasının qonağı xalq şairi Musa Yaqubdur. Musa Yaqub bizimlə söhbətdə ömür yolundan, dostlarından, acılı-şirinli xatirələrindən söz açdı…

– 72 yaşı arxada qoydunuz. Hansı hisslər keçirdiniz?

– 70-dən keçəndən sonra illər adam üçün adi gəlir. 70-ə hardasa tələsirsən, ancaqbundan sonra nə olacaq, olacaq. Mənim bir şerim var:

Qoy bir az da daş yastığa baş atım,
Bu ünvanım, bu da mənim daş adım.
Bu vaxtacan kür ömrümü yaşadım,
Bundan sonra nə olacaq, olacaq.

İndi nə bilim, vallah, nə olacaq. Bilmək olmur dünyanın işlərini.

– Özünüzü necə hiss edirsiniz?

– Pis deyiləm. Bir şey demək istəyirəm:

Ahıllar iş başında
tarlasını becərir,
Aşiqlərin çəməndə
çiçəkləri köçür.
Mənimsə heç nəyim yox,
Hər şey ötür köçəri
Açıq qoydum qapını
Ümid girsin içəri.

İndi adam qapını açıq qoyub ki, ümid içəri girsin. Elə-belə yaşayırıq.

– Musa Yaqub hansı ümidi gözləyir?

– Dünyada ümid qədər mücərrəd bir şey yoxdur. Həm gözəldir, həm doğrudan da adam gözləyir ki, nəsə gəlsin. Amma hər yaşın öz ümidi var. Məhəbbət, eşq, tale, var-dövlət ümidi var. Mən ancaq mənəviyyat dünyasında olan ən incə ümidləri, yaşamaq ümidini, insanlıq ümidini gözləyirəm, başqa ümidim yoxdur.

– Müəllim işləmisiniz. Bu yaşınızda düşünürsünüzmü ki, gərək elə müəllim olaraq qalaydım?

– Mən ən azı 17 il çox böyük həvəslə müəllim işləmişəm. Mənim 8-ci sinifdən 3 buraxılışım olub. O uşaqların, tələbələrin hamısı ədəbiyyata, şerə, sənətə getdilər. Bu, yəqin ki, mənim ümidim idi. Yadımdadır, sonralar məktəb direktoru işləyirdim. Məktəb direktorları rayona gedər, gecikərək gələrdilər və dərsi ötürərdilər. Mən 1 dərs belə ötürməzdim. Həmişə çox ürəklə, fərəhlə dərsimi keçərdim. Ədəbiyyatımızın, dilimizin gözəlliklərini müəllimlik illərindən başqa heç nədə gözəl ifadə etməmişəm. Hətta yazdığım şerlərdə də deyirəm ki, bəlkə ən yaxşı sözüm-söhbətim, ədəbiyyata həvəsim o müəllimlik illərindən olub. Orada deyə bilmədiyim sözlərimi sonra şerə köçürmüşəm.

– İlk dəfə “İki qəlb, iki dünya” poemanız işıq üzü görüb. İndi də iki qəlb, iki dünya sizin üçün aktualdır?

– Göyçay Pedaqoji Məktəbində oxuyarkən “Qalibiyyət Bayrağı” qəzetində ana və Vətənlə bağlı şerlərimi çar etdirmişəm. Göyçayda axırıncı kursda oxuyanda “İki qəlb, iki dünya”nı fikirləşdim. Buynuz kəndində müəllim olduğum vaxt o poemanı bitirmişəm. Birinci dəfə poemanı yazmaq və onu çar etdirmək çox çətindir. Allah rəhmət eləsin, Məmməd Rahimin köməkliyi ilə “Azərbaycan gəncləri” qəzetinin 4 sayında çar olundu. Yəni o mənim üçün bir möcüzə idi. Könlüm istədiyi Cənub mövzusu idi. Buradan Azad adlı tarzən oğlan Moskvada keçirilən 8-ci dünya festivalına gedir. Arazın o tayından da Gülşən adlı qız göndərilir, o da müğənnidir. Onların tarı ilə səsi bir-birinə qovuşur. Qəribədir, iki azərbaycanlı qovuşur, gözəl bir ansambl yaranır. Yarəb, onlar ayrılanda nələr çəkirlər?! Mən o hissləri poemada göstərmişəm. Deyəsən, dünya elə həmişə iki qəlb, iki dünya olub, bunların bir-biri ilə qovuşmağı çətin olub. Bəlkə o hicranlar bizi təzə mövzular aparmağa məcbur edir? Mənim BMT-yə ümidlə bağlı bir şerim var. Görürəm ki, BMT-zad da hərləyən yoxdur. Vallah, BMT-lik deyil bu dünya. Dünya tamamilə yenə də zor əlindədir. Dünyanın işini bir yola salmaq çox çətindir, yenə elə iki qəlb, iki dünyadır.

– Heç yazdıqlarınızdan sonralar peşmançılıq hissi keçirmisiniz?

– Bu sual mənə çox doğma və yaxındır. Çünki bu saat könlüm istəyən şerlərimdən, poemalarımızdan kitab hazırlayıram. Bu kitab “Araz” nəşriyyatında çap olunacaq. 500 səhifədən çox şeirlərdir. O şeirləri oxuya-oxuya necə kövrəlmişəm?! Mən keçmişimə, o günlərimə qayıdıram. Görürəm ki, şükür Allaha, mən öz dövrümdə, öz vaxtımda gördüyüm günləri az-çox poeziyaya köçürmüşəm, onları yaşatmışam. Atam, anam, torpaq, o günlərdəki döyüşlər, vuruşlar, ölkənin ən çətin vaxtlarında o vurhavurlar, bir-birini yıxhayıxlar o şerlərdə ifadə olunub. Deyirəm, Allah, yaxşı ki, o şerləri yazmışam. Bəzən elə şeylər olur ki, yazmamalı idim, yazmışam. Özü də yenə olsaydı, elə yazardım, dəxli yoxdur. Könlüm nə istəyibsə, onu yazmışam. Mənə sual verdilər, dedilər ki, sovet dövründə işləmisən, çoxları sovet dövründə Kommunist Partiyasının sifarişlərini yerinə yetirib, filan edib. Dedim ki, biz sifariş yerinə yetirməmişik, mənim yaxşı şerlərimin də çoxu o vaxt yaranıb. Könlüm istəyəni yazmışam, könlüm istəməyəni yazmamışam. Məni heç kim məcbur etməyib ki, filan şeyi yaz. Mən də bu sualı verəndən soruşdum ki, bəs indiki məddahlara kim deyir ki, belə yaz. Onları ki, məcbur edən yoxdur, niyə yazırlar? Yəni insanın özündən yox, sözündən, vüqarından, qəlbindən asılıdır ki, dövranı, zamanı, ömrü necə təşkil edir. Şair qəlbindən asılıdır.

– Belə başa düşdüm ki, yaşadıqlarınızdan da peşman deyilsiniz?

– Peşman deyiləm. Bəzən az yazdığım üçün peşmançılıq hissləri keçirirəm. Amma nə varsa, söz deyilib. Mən bəzən istəyirəm ki, o şerləri üzə çıxarım, müəyyən yerlərdə çap etdirim ki, o vaxt bunu, onu demişdim. İndi söz sözə, fikir fikrə qarışır. Məsələn, mənim “Çörəkpulu”, “Uzun gecələr gəlir” adlı şeirlərim var. Bu şerlər o həyəcanları, çətinlikləri təsvir edir. Oxuyan oxuyur, oxumayan özü bilər.

– Şerlərinizdən anlaşılır ki, həyatınızın çətin dövrləri olub və bu, şeirlərinizə də çöküb. Səhv etmirəm ki?

– Mənim çox çətin günlərim olub. İkinci Dünya Müharibəsindən sonra aclıq illəri deyilən o illərdə yetim qalan uşaq ola… O aclıq illərində atam yox, tək anam, 3 uşağı dolandırmaq çətin olub.

– Necə uşaqlığınız olub? Dəcəl, yoxsa sakit olmusunuz, bu, həyatınızın sonrakı dövründə necə əksini tapıb?

– Ümumiyyətlə, dəcəlliyimiz olmayıb. Həmişə çalışmışıq ki, ağıllı olaq. Çünki bizdən sonrakı qardaşlarımız, bacılarımız baxıblar ki, bunlar necə hərəkət edirlər. Biz istəmişik ki, ağıllı olaq, onlar da ağıllı olsunlar. Amma cavanlığın dalaşqanlıq kimi müəyyən cəhətləri var. Göyçayda qoçular var idi. Bəzən ürəyimizdən keçirdi ki, bəlkə qoçu olaq?! Amma görürdük ki, qoçu ola bilmirik. Bütövlükdə xarakterizə olunanda, məcburi ağıllı cavanlar olmuşuq. Bizim arxada duranlarımız az olub. Yəni hər şeyi özümüz etmişik. Nə əzab-əziyyətlə anam kolxozda işləyib ki, bir tikə çörək qazansın. Bunun qabağında nə qoçuluq edim, nə iş görüm ki, onu da əziyyətə salım! Bu mənada, dinc uşaqlar olmuşuq. Məsələn, mən 2 il kolxozda kotançı olmuşam. Gecə-günduz gərək öküz, kəl, kotan sürəsən, ruzi qazanasan. Onun qabağında nə qoçuluq? Bizim bir ağır “Pilə” öküzümüz vardı, onu cütə qoşmuşduq. O öküz bir gün özünü yerə vurdu, ayağa durmadı. Bizi də gecə öküzün yanında yatırdılar ki, canavar gəlib getməsin. Səhərə qədər öküzün yananda yatmışam. Yanında ocaq qalamışıq ki, dursun. Dura bilmirdi, yorulub ölürdü. Səhərə yaxın mənimlə Fərzəli durmuşuq, görmüşük ki, bizim “Pilə” otlayır. Necə sevinmişik, Allah! Çünki öküzə bir xətər olsaydı, əmək günümüzü kəsəcəkdilər. Bunun qabağında mən nə lotuluq edim? Adi çubuq-çubuq oynayanda, bir-birinə sataşanda bəlkə dəcəllik olub. Qalan şeylərdə yox.

Mənim “Zülmün nağılı” adlı şeirim var:

Həmişə zülm bizim belimizdə yatardı,
Elə bil ki, zülm tərləyib, özünü günə verərdi.

Hər vaxt o zülm bizimlə idi. Amma o zülm bizi ayıldırdı, bizim ümidimiz böyük idi. O dövrdə ən böyük işlərdən biri ümidin böyük olması idi. Biz inanırdıq ki, sabah yaxşı olacaq. Həqiqətən sovet dövründə bəzi şeylər yaxşı oldu, keçib getdi. Amma çətinliklər çox oldu. Məsələn, 9 yaşımda kolxozda kotançı işləmişəm, əziyyət çəkmişəm ki, ailəni dolandıraq. Amma hamı üçün belə olub. Daha bir kef edərək yaşamayıb, biri ölməyib. Hamımız bir mərtəbədə yaşamış, bir-birimizə kömək olmuşuq, çörəyimizi də bir yerdə bölüb yemişik. Daha indiki kimi biri heç nə, biri milyarder olmayıb. Yuxarılarla rəiyyət arasında bu qədər hündürdə hasar olmayıb. Hasar bir az alçaq olub, elçi daşı olub, elçi daşında səni görüblər. İndi heç kəs elçi daşına baxmır. Deyirlər ki, oturub, bütün ömrü boyu otursun, kimdir onun səsini eşidən. Amma əvvəllər eşidirdilər.

– Bəs Musa Yaqubun indi səsi eşidilir, yoxsa eşidilmir?

– Mən ona sevinirəm ki, eşidilmək üçün sözü demirəm. Deyirəm, eşidən eşitsin, eşitməyən eşitməsin. Amma deyəsən, bəzi şeylər eşidilir. Mən həm də Söz Azadlığı Müdafiə Fondunun sədriyəm. İndi qəzetlər çoxdur, söz azadlığı var. Amma söz azadlığının bir az sözü eşitməməzliyi var. Deyirsən, sözü eşitmirlər, divara dəyib düşür. Söz eşidilməyəndə, söz yerini tutmayanda bu, söz azadlığı deyil. O, sözün bədbəxtliyidir. Nə bilim, indi kim eşidir eşitsin.

– Yaşadığınız həyat ailəniz üçün çətinliklər yaradıb, yoxsa…

– Mən necə yaşamışamsa, ailəm də, balalarım da elə yaşayıb. Aramızda heç bir sərhəd, münaqişə, söhbət olmayıb. Redaktor işləmişəm, Büro üzvü olmuşam, həmişə insanlara kömək etmişəm. Mənə kim üz tutubsa, ona kömək etmişəm. Yaxşılıq edəndə heç vaxt o yaxşılığın arxasınca baxmamışam ki, sonra bu, mənə qaytarılar. Dünyada da ən böyük xoşbəxtlik odur ki, etdiyin yaxşılığın arxasınca baxmayasan. Baxanda insan həyəcanlı olur. Bir az sonra olmayanda ürəyinə qəzəb dolur, paxıl olur. Eləmisən, yaxşı eləmisən – mən həmişə belə olmuşam. Ailəmlə aramda da sərhədlər, hədlər olmayıb. Amma lap axır vaxtlarda bir az anlaşılmazlıq oldu, mənə görə oğlumu işdən kənarlaşdırdılar, sonra yenə düzəltdilər. Bəzi ziyanlar olur. Amma daha çox xeyirlərim olub.

– Həyat yoldaşınız necə, məktəb direktoru işlədiyiniz, tanındığınız dövrlərdə qarşınıza çıxıb, yaxud çətinliklərlə yaşadığınız dövrdə rastlaşmısınız?

– Ailə sirli söhbətlərdir. Ömür yoldaşım öz kəndçim, bir az da uzaq qohumum olub. Məhəbbətdən daha çox aramızda hörmət olub. 45 ildir ki, yaşayırıq. Mən özümü çox xoşbəxt, azad hiss etmişəm. Ömür yoldaşım da elə. İntellektual səviyyə hansısa müsahibə, hansısa müsamirə, hansısa məclis uğrunda mübarizə aparmamışıq. Yaşamaq, ev-eşik və gələn qonaqları qarşılamaq əsas olub. Məsələn, Buynuz kəndində yoldaşlarım, dostlarım, şair dostlarım qonaqlarım olublar. Ömür yoldaşımla onları ürəklə yola salmışıq. Ən böyük əziyyət yoldaşıma onda düşüb, onu da həyata keçirib. Yadımdadır, 6 dost, yoldaş idik, evlənməyə hazırlaşırdıq. Ancaq o evlənmə mərasimində deyirdik ki, biz elə adamla evlənməliyik, həyat yoldaşlarımız bir-birinə kömək etsinlər və qonaqlarımız gələndə yaxşı yola salsın. Bizim meyarımız belə olub, axıracan da belə oldu. Ömür yoldaşımdan narazı deyiləm.

– Həmin 6 dost necə oldu, sınaqdan çıxdılarmı, indi dostlarınız kimlərdir?

– Bir şeir demək istəyirəm:

Biz əvvəl həsrəti necə bilmişik,
Kimi səsləyirsən, gəlmir haraya.
Araz həsrətini keçə bilmişik,
İndi başqa sərhəd dolub araya.

Bizim ən böyük sərhədimiz Araz sərhədi idi. Cənubi Azərbaycanda qardaşlarımızla görüşmək arzumuz idi. İndi təəssüflər olsun ki, zamanın bu dönərgəsində çox sərhədlər, həsrətlər yarandı. Bu sərhədlər partiya ilə partiya, məsləklə məslək, şəhərlə şəhər arasında yarandı, dostlarla dostlar arasında ayrılıqlar yarandı. Bu ayrılıqlar nəticəsində ola bilsin ki, məsləkdaşlarımız, sözdaşlarımız, şeirdaşlarımız da parça-parça oldular. O mənada bir az dost ayrılığı yarandı. Amma indi yavaş-yavaş o bərpa olunur, daha əvvəlki kimi deyil. Zəmanə dəyişir, dostlar dəyişir:

Mənim sözüm bir nəğməli yazadır,
Nəğməyədir, taradır, sazadır.
Musa elə o əvvəlki Musadır,
Ya zəmanə dəyişib, ya dostlar.

Vallah, mən elə həmənəm.

– Hansı dostlarınızla bu gün bir yerdə oturanda özünüzü daha rahat hiss edirsiniz?

– Onları bir-bir sadalaya bilmərəm. Mənim kənddə uşaqlıq dostlarım olublar, Allah rəhmət eləsin, bəziləri bu dünyadan köçüblər. Sənət, qələm, söz dostlarım, qonşularım olub. Mən bəzən Buynuzdan Bakıya, yazıçıların evinin olduğu Naxçıvani küçəsinə gəlirəm. Bir çox şairlər, yazıçılar orada yaşayırlar. Bir yerdə gedib çörək yeyirik. Şükür Allaha ki, bəzi dəyərlər qalıb, bu dəyərlər insanı bir az qüvvətləndirir. Mənim dostlarım çoxdur. Bəzən yetə bilmədiyim üçün yaxşı mənada qaçıram. O yeyib-içmək qüvvəsi yoxdur. Şükür Allaha ki, ömrümün bu çağında mən özümü tənha saymıram, dostlarım var.

– Yeri gəlmişkən, oğlunuz işdən çıxarılanda onun işinə bərpası ilə bağlı dostlarınızın köməyi dəydimi?

– Bəzi dostlarım oldu. Ancaq mən ən çox məsləkdaşlarımdan gileyliyəm. Bir dəfə soruşmadılar. Bir misal çəkim. Mirmahmud ağa millət vəkili seçildi, biletini atdı. Lalə Şövkət parlamentə getmədi. Ən böyük dəhşət odur ki, bir nəfər o deputat mandatını atandan sonra soruşmadı ki, necəsən, nə cür dolanırsan? Bu, bizim ən dəhşətli yaramızdır. Deyirdilər ki, bu parlament lazım deyil, mandatı at! Mandatı atandan sonra o insanların arxasında durmusanmı? Məndən də bir nəfər soruşmayıb ki, necə yaşamısan?! Belə şeydə maraqlanan olmur, deyəsən, sabah da olmayacaq.

– Fərqli yol seçdiyiniz üçün heç özünüzü qınamısınızmı ki, gərək bu işlərə qarışmayaydım, lazım deyildi.

– Heç vaxt. Əslində mənim üçün iqtidar-müxalifət söhbəti yoxdur:

Mən ayrılmaz vicdanla müxalifətəm,
Dağdakı dumanla müxalifətəm.

Mənim müxalifətçiliyim budur. Elin, camaatın yaxşılığı üçün, dedi-qodusu az olsun, işi çox olsun, Vətən torpağına xidmət etsin…Ən böyük dərd budur ki, sünbül sünbül tarladan bir dən sənin olmasın, adam vətəndaş olsun, Vətən sənin olmasın. Mən hamımızı vətəndaş kimi bu torpaqda görmək istəyirəm. Bu, nə deməkdir? Bu, şüar həm iqtidarın, həm müxalifətindir. İndi kim nə istəyir, onu götürsün. Öz ideyamda peşman deyiləm. Bəzi şeyləri etmək olardı, etmək olmur axı!

– Mövzunu dəyişək. Dini dünyagörüşünüz necədir?

– Dinlə heç vaxt müxalifətdə olmamışam, Allahımı hər vaxt tanımışam. Sovet dönəmində redaktor, Büro üzvü olmuşam, lazım olan qaydada yaxşılıq uğrunda mübarizə aparmışam. Mənə də böyük hörmət, münasibət olub. Amma həmişə bir növ arxayın olmuşam ki, şairəm, yazıçıyam, şeirlərimi yazıram. Buna görə çox şeylərdə şeirimə, işimə görə mənə güzəştə gediblər. Bəzən deyiblər ki, şairdir, filan sözü dedi, ondan ziyan yoxdur. Amma o şairlikdə, sözlərdə də haqqı, ədaləti müdafiə etmək istəmişəm. Özü də şüarla yox, Allah belə yaradıb, belə də getmişəm. Əslində Milli Məclisdə, başqa yerlədə də mübarizəm, sözüm onun ardı olub. Yəni ürəyimə doğan həqiqətin situasiyasından doğub. Adamlar var ki, qəbul etmirlər. Hesab edirlər ki, guya hərəsinin öz həqiqəti var. Mənim hələ Milli Məclisə gəlməmişdən əvvəl elə şeirlərim var ki, təəssüflər olsun ki, onu təhlil etmək olmur. Milli Məclisə gələndən sonra heyrətləndim ki, əvvəldən bu məsələləri yazmışammış ki! Bu ikilikləri, görməzlikləri, qəbul edilən qərarların batmasını… Mən həmişə parlamentdə demişəm ki, adi bir daşı atırsan, bilirsən ki, bu daş hara düşür, arxasınca baxırsan, lakin bu qədər qanunlar qəbul edirik, onların arxasınca baxmırıq. Qanunların heç biri yerinə yetirilmir, heç olmasa qanunlarımızın arxasınca baxaq. Həmişə onun üstündə böyük mübahisəm olub. Amma nə olsun ki, olub. İndi adamlar var ki, bu, onu narazı salır, istəmir ki, eşitsin. Amma mən demişəm, eşidən eşitsin, eşitməyən eşitməsin.

– Namaz qılıb, oruc tutursunz?

– Oruc tuturam, namaz qıla bilmirəm. Çünki oturub-durmaq mənim üçün çətindir. Bəlkə əvvəldən namaz qılsaydım, mənim üçün asan olardı. Allahla həmişə öz ürəyimdə məsləhətləşirəm, daha nə edim?

– Konkretləşdirsək, Musa Yaqubun hazırda maddi baxımdan dolanması hansı səviyyədədir?

– Milli Məclisin üzvü olduğum dövrdə çox çətin dolanırdım. Həm gedib-gəlirdim, həm də Milli Məclisin maaşı çox az idi. Sözün düzü, elə-belə dolanırdım, çətinliklə. İndi pensiyamı alıram, oğlum işləyir, beş-on manat alır. Yəni nə yüksəyəm, nə çarəsizəm. Qaydası ilə çörəyimizi tapıb, minnətsiz-filansız yaşayırıq. Elə bilirəm ki, pis deyil. Ola bilər, ən yüksək səviyyədə dolananlar üçün yoxsulam. Amma adi insanlar üçün bir az varlıyam.

– Deputatlıq pensiyası alırsız?

– Bəli. İndiki deputatlardan az alıram. Adam da aldığına qane olmalıdır. Mən qaneyəm.

– Bir QHT-yə, Söz Azadlığını Müdafiə Fonduna da rəhbərlik edirsiniz. Bu fəaliyyətiniz maddi durumunuza təsir göstərirmi?

– Layihəmiz olanda işləyirik, müəyyən şeylər olur. Bu da yüksək qazanc deyil. Müəyyən xeyri olur.

– Sizin qrant layihələriniz Azərbaycandan, yoxsa xaricdən maliyyələşdirilir?

– Azərbaycandan da, xaricdən də olur. Həm də söz azadlığı ilə bağlı 40-50 təşkilat var. Məsələn, regionlarda söz azadlığı ilə bağlı layihə hazırlayırıq. Maraqlı olursa, ona 1000 manat, müəyyən qədər pul buraxırlar. Sorğu-sual edənlərə verilir, bizə çox az çatır. Bununla dolanmaq söhbətindən danışmaq olmaz. Dolanışıq baxımından baş qatırıq, amma işimizi görürük ki, belə olsun. Məsələn, bu yaxınlarda Azərbaycan dilinin təmizliyi, toponimlərin, reklamların işlənilmə qaydası ilə bağlı yaxşı bir müzakirə keçirdik. Jurnalist təşkilatları da iştirak etdi. Azərbaycan dilinin işlənilməsi ilə bağlı qanunlar necə yerinə yetirilir, dilimizin təmizliyini necə qoruyuruq? Bu, mənim borcumdur. İndi bunun layihəsindən nə gəlirsə, onu gözləmirik, işin səmərəsini gözləyirik.

– Bir şair üçün təbiət qoynunda, kən mühitində, yoxsa şəhərdə yaşamaq daha yaxşıdır?

– İmkan olsa, kənddə yaşamaq daha yaxıdır. Həm də pis deyil, kənddə müəyyən şəraitim var. Amma bizim elə vaxtımızdır ki, bir az həm mənim, həm yoldaşımın yaşı keçib. Həkimə, xəstəxanaya müraciət edəsi oluruq. Hər dəqiqə kənddə yaşamaq olmur. Həm kənddə, həm burada yaşamaq olmur. Bu dəqiqə də gediş-gəliş həm maşın, həm xərc tələb edir. Sərbəst olasan, gedib kənddə oturasan, yaşayasan, hərdən şəhərə gəlib salam verəsən. Mən kəndsiz, meşəsiz, yurdsuz, yuvasız, çaylarsız yaşaya bilmirəm. Bəzən iş düz gətirmir, şəhərə baş vurmalı olursan. Çünki tədbirlərin çoxu burada olur, qəzet, jurnal və televiziya dəvət edir. Mən də az-çox bir qələm əhliyəm, gəlməmək də olmur.

– Hansı xatirə daha çox yadınıza düşür?

– Elə bil ki, mənim xatirələrim bütövdür, bir-birindən qırılmır. Ovçuluq xatirələrim daha çox yadımda qalıb. Baba dağa, Zarata, meşələrə ova gedərdik. Mən meşələrə ova çox getmişəm, amma bir dənə qan çıxarda bilməmişəm. Bəlkə də bacarmamışam. Amma bütün Qafqaz sıra dağları, Baba dağ, Şah dağ, sonra Havaxan, Əsəd qayası, Qızıl qaya, Toğlu dərə, Zindan dağında ayağım dəyməyən yerlər olmayıb. Hər yeri gəzmişəm. Bəlkə ona görə özümü günahkar sayıram ki, ayaqlarım sözlərimə baxmır. Ayaq da adama söz verib ki, səni bu qədər gəzdirəcəm. Ondan nə gileylənim…
O dağlar həmişə xatirəmdə qalıb. Həm də dostlarımla, kəndçilərimlə birgə getmişəm. Ona görə də bunlar yaddan çıxmaz…

Ramiz Mikayıloğlu

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO