Mübariz Əhmədoğlu: “Türkmənistan ətrafında gedən geosiyasi oyunlar ona baha başa gələ bilər “

“Türkmənistanın ətrafında kifayət qədər mürəkkəb oyunlar gedir və bu geosiyasi oyunlar ona baha başa gələ bilər”. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
M.Əhmədoğlu deyib ki, Rusiya Türkmənistanla ikili vətəndaşlığa dair müqavilənin fəaliyyətinə xitam verdi: “Rusiya XİN-i bunu Türkmənistan tərəfinin müraciəti əsasında etdiyini bildirdi. Rusiyanın Türkmənistanla ikili vətəndaşlığa dair əməkdaşlığı dayandırmasına, başqa sözlə Türkmənistandakı rusdillilərin maraqlarına güzəştə getməsinə soyuq münasibət göstərməsini anlamaq mümkün deyil. Ya Rusiya özü Türkmənistana qarşı nəsə hazırlayır, ya da RF-in Türkmənistana qarşı hazırlanan planlardan xəbəri var. Ona görə də sakitcə əməl etdi. Ehtimal ki, Rusiyanın Əfqanıstan-Türkmənistan sərhədində baş verənlərdən xəbəri var”.
Politoloqun sözlərinə görə, Türkmənistan hal-hazırda iri strateji məsələləri ABŞ-la razılaşdırır. O, qeyd edib ki, Əfqanıstandan gələn təhlükənin neytrallaşmasında da Türkmənistan əvvəlcə Rusiya ilə əməkdaşlığa üstünlük verdiyi halda, son aylarda ABŞ-ın vədlərinə inanıb: “ABŞ-ın Əfqanıstanda radikal islamçıları neytrallaşdırmaq imkanı olsaydı, Əfqanıstandakı proseslər fərqli məcrada olardı. Ona görə Türkmənistanın ABŞ-ın bu mövzudakı vədlərinə inanmasını ciddi hesab etmirik. Ehtimal ki, ortada ayrı faktor var. Mətbuatın yazdığına görə, Türkmənistan-Əfqanıstan sərhədinə toplaşan radikal islamçılar içərisində talibana və beləliklə İŞİD-ə tabe olmayan qüvvələr var. Bunu talibançılar Baqdis tərəfdə yerli əfqan türkmənlərinə etiraf ediblər. Baqdisdə etnik türkmənlərin mövcudluğu sirr deyil. Vaxtilə etnik türkmənlər Əfqanıstanda sovet qoşunlarına qarşı ABŞ tərəfdən vuruşublar. İndi ola bilər ABŞ həmin etnik türkmənləri bu və ya digər formada formalaşdırıb Türkmənistanla sərhəddə toplayır. Beləliklə, ABŞ-ın Türkmənistanı zorən qərbyönümlü layihələrə qoşması göz qabağınadır. C) Türkmənistan-Əfqanıstan sərhədində ümumi vəziyyət gərginləşir. Vəziyyət gələcəkdə daha da gərginləşmə perspektivinə malikdir. Çünki Əfqanıstanın, Qırğızıstan və Tacikistanla sərhədində Rusiya öz mövqelərini gücləndirir. KTMT qəfləti hərbi təlimlər keçirdi. Bu, Əfqanıstandakı radikal islamçıları Tacikistan və Qırğızıstanla sərhədə yaxınlarda yerləşməyə imkan verməyəcək. Beləliklə, Özbəkistan, Türkmənistan istiqamətində radikal islamçıların konsentrasiyası daha da artacaqdır. Ç) Rusiyanın Türkmənistan ətrafında baş verən geosiyasi oyunlara susqunluq nümayiş etdirməsi geosiyasi manevr ola bilər. ABŞ-ın iştirakı ilə yaranan ilk silahlı gərginliyi sonradan Rusiya idarə edəcəkdir. Bununla Türkmənistanın Aİ-yə qaz nəql etmək planları alt-üst olacaqdır”.
M.Əhmədoğlunun sözlərinə görə, Türkmənistanda hərbi hazırlıq prosesləri sürətlənir, Əfqanıstanla sərhəddə xeyli qoşunlar toplanıb, hərbi çağırışçılar orduya çağırılır, atəş nöqtələri yaradılır: “Amma Türkmənistanın hərbi hazırlığının iki böyük qüsuru var. I. Türkmənistan ordusunun döyüş hazırlığı lazımi səviyyədə deyil. Əksər ekspertlər bu fikirdədir. II. Rəsmi Aşqabad sərhədin Əfqanıstan tərəfində yerləşən yerli türkmənlərin problemlərinə laqeyddir. Ən azı Əfqanıstanın Türkmənistanla sərhəddə yaşayan türkmən tayfalarının təmsilçilərinin çıxışlarından bunu başa düşmək olar. Əfqanıstan türkmənləri Türkmənistan hökumətini hətta türkmənçilikdən uzaqlaşmaqda ittiham etdi. Türkmənçilik və ya ellilik türkmənlərdə milli mentalitetdir. Türkmənistanın Avropa İttifaqı və Azərbaycanla apardığı qaz danışıqları çox ciddidir. Amma Türkmənistan bir neçə dəfə digər məsələlərdə belə ardıcıl və ciddi danışıqları yarıda dayandıra bilir. Hər halda Türkmənistanın bu dəfə verdiyi vədə əməl edəcəyinə ümid edək. Türkmənistan prezidenti Q.Berdımuhammedov Avstriya və Sloveniyaya səfər etdi. Əsas məqsəd, qaz danışıqları idi. Türkmənistanda zaman keçdikcə daha möhkəm anlayırlar ki, qaz satışı üçün ən etibarlı bazar Avropa bazarıdır. Bu vaxtadək Çin və digər istiqamətlərdə xeyli qaz satmasına baxmayaraq Türkmənistanda sosial-iqtisadi vəziyyət getdikcə çətinləşir. Əhali arasında narazılıq artır”.
Politoloq əlavə edib ki, Türkmənistan, Azərbaycan, Türkiyə və Aİ Aşqabadda enerji sahəsində əməkdaşlıqla bağlı bəyannamə imzaladılar: “Türkmən qazının Avropaya nəqli ilə bağlı işçi qrupu yaradılması nəzərdə tutulub. Azərbaycanla münasibətləri cəlbedici etmək istiqamətində rəsmi Aşqabad fəaliyyətə başlamalıdır”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO