Mübariz Əhmədoğlu: Rusiya dünyanın MDB-dən kənar regionlarında uğurlu, MDB məkanında isə uğursuz siyasət aparır

Rusiya dünyanın MDB-dən kənar regionlarında mövqeyini gücləndirib bəzi istiqamətdə xeyli uğur əldə edə bilib. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Onun sözlərinə görə, bununla yanaşı, MDB məkanında Rusiyaya qarşı inamsızlıq getdikcə güclənir: “Qırğızıstanın Avrasiya İqtisadi Birliyinə qoşulmaqla bağlı qərarı təxminən 2013-cü il sentyabrın 3-də Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulmaq haqqında qərar qəbul etməsinə bənzəyir. Qazaxıstan Rusiyadan müəyyən qədər məsafə saxlamaq kursu götürüb. Türkmənistan Rusiyadan uzaqlaşmaq istiqamətində iri addım atdı. Əlavə də bir neçə misal çəkmək olar. MDB üzv dövlətlərinin Rusiya ilə əlaqəli siyasətinin düzgünlüyünü gələcək göstərəcək. Buna baxmayaraq, indiki dövrdə belə addımların atılması reallıqdır və Rusiyanın daxilindən qaynaqlanır”.
Politoloq hesab edir ki, Rusiya çox böyük ümid bəslədiyi Avrasiya İqtisadi Birliyinə standart yanaşma müəyyənləşdirə bilmədi: “Avrasiya İqtisadi Birliyi eynilə MDB-nin taleyini yaşaya bilər. Rusiya AİB-i yaradarkən özünün hökmran rolunu baza kimi ortalığa qoydu. Bu səbəbdən Azərbaycanın ərazi bütövlüyünü pozmuş Ermənistanı heç nə olmamış kimi AİB-ə üzv etməklə MDB-nin problemlərini birbaşa AİB-ə ekstrapolyasiya etdi. İndi Qazaxıstan və Belarusun dünyada gedən proseslərə mövqeyi dəyişdiyi üçün onlar Rusiyanın beynəlxalq hüquqa məhəl qoymayan Ermənistanı himayə etməsinə biganə qalmadılar. AİB-ə üzv olmaq Qazaxıstan və Belarusun Qərblə əlaqələri yeni mərhələyə çıxarmaq stimulu yaratdı. Ermənistanın davranışını isə heç cür gizlətmək mümkün deyil. O cümlədən, Rusiya da Ermənistanın işğalçılığına dəstək verdiyini gizlədə bilmir. Mümkün deyil: Rusiya ilə Ermənistan arasında imzalanan qaz müqaviləsi Ermənistana Rusiya qazını öz ərazisindən kənara çıxarmağı qadağan edir”.
M.Əhmədoğlu deyib ki, bu gün Rusiya qazı Ermənistan vasitəsilə Azərbaycanın işğal olunmuş Laçın rayonu ərazisindən keçərək Azərbaycanın digər işğal olunmuş ərazilərinə, Dağlıq Qarabağa daxil olur: “Beynəlxalq hüququn pozulması hər saniyə, hər dəqiqə, hər saat, hər gün, hər ay, hər il baş verir. Rusiya nəinki buna göz yumur, hətta şərait yaradır. Belə ki, Rusiya qazını Ermənistan ərazisindən Azərbaycanın ərazisinə daşıyan qaz kəməri Rusiya dövlətinə məxsusdur. Ermənistanın belə naz-qəmzələrinə dözməsi Avrasiya İqtisadi Birliyinin digər üzvlərini də Rusiyaya qarşı ikibaşlı oyunlar aparmağa şirnikləndirir. Qırğızıstanın prezidenti A.Atambayev eyni ilə Ermənistan prezidenti S.Sərkisyanın variantlarını təkrarladı”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO