Mübariz Əhmədoğlu: Mehri dəmiryolunun işə düşməməsi barədə Ermənistan ABŞ qarşısında öhdəlik götürüb

Mübariz Əhmədoğlu: Mehri dəmiryolunun işə düşməməsi barədə Ermənistan ABŞ qarşısında öhdəlik götürüb“Mehri dəmiryolunun fəaliyyətə başlaması Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ətrafında ən sirli məsələdir. Naxçıvanı blokadadan çıxarmağın yolunu Azərbaycan tapıb və reallaşdırır. Bakı-Tbilisi-Qars dəmiryolu Azərbaycan üçün Mehri dəmiryolunun əhəmiyyətini azaldır”.

Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu qeyd edib ki, Mehri dəmiryolu indi Rusiya üçün az qala həyati əhəmiyyətə malikdir. Onun sözlərinə görə, Mehri dəmiryolunun işə düşməsi Rusiya Cənubi Qafqazda kommunikasiya imkanlarının xeyli güclənməsi deməkdir: “Bu isə təkcə iqtisadi faktor, yumşaq güc deyil, həm də hərbi-siyasi parametrdir. Mehri dəmiryolunun sirrlərindən biri də ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsinin bütün detalları və təfərrüatları barədə mətbuatda az və ya çox məlumatlar getsə də, bu yol haqqında heç kim heç nə danışmayıb: Rusiya rəhbərliyindən heç kəs bu günədək “Mehri dəmiryolu” terminini işlətməyib. Rusiyadakı nüfuzlu, imkanlı ermənilər də heç vaxt Mehri dəmiryolunun adını çəkməyiblər. Rusiyadakı ermənipərəst ekspertlər də Mehri dəmiryolu barədə bir dəfə də olsun şərh verməyiblər”.

M.Əhmədoğlu bildirib ki, Mehri dəmiryolu SSRİ dövründə fəaliyyət göstərmiş Moskva-Tehran dəmiryolu marşrutunun bir hissəsidir. O qeyd edib ki, Moskva-Tehran dəmiryolu SSRİ-İran dövlət sərhəddinin böyük bir qismi boyunca keçirdi: “O zaman SSRİ-İran sərhəddi Azərbaycan SSR və Ermənistan SSR-nin ərazilərindən keçirdi. Moskva-Tehran dəmiryolu marşrutu soyuq müharibə dövründə də fəaliyyətdə idi. Soyuq müharibə dövründə, İran İslam İnqilabına qədər İran ABŞ-ın forpostu idi. SSRİ ilə ABŞ arasında qarşıdurma zonalarından biri də SSRİ-İran sərhəddi idi. “Altılıqla” müqavilə imzalandıqdan sonra İranın ABŞ-ın regional maraqlarının daha çox nəzərə alacağı istisna deyil. Əlamətlər göstərir ki, İran ABŞ-ın diktəsilə Yəmən və Suriyadan əl çəkib diqqətini Cənubi Qafqaz və Mərkəzi Asiya regionuna yönəldir. Belə olan təqdirdə İran sərhəddi boyunca Rusiyanın dəmiryolu xəttinin keçməsi ABŞ-ın maraqlarına uyğun deyil”.

Politoloq bildirib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində daha obyektiv mövqe tutub beynəlxalq hüquq prinsiplərini, Azərbaycanın maraqlarını daha çox nəzərə almağa başlayıb. Onun sözlərinə görə, “Altılıqla” İran arasında müqavilə imzalanan kimi yenidən əvvəlki tək ermənipərəst mövqedən çıxış etməyə başlayıb: “Əsas amil Ermənistan vasitəsilə Mehri dəmiryolunun fəaliyyətinə maneçilik törətməkdir. NATO-nun Gürcüstanda hərbi baza açması da Qərbin Cənubi Qafqaz siyasətinin antirusiya mahiyyətinin daha da gücləndiyini göstərir. Ermənistan-Gürcüstan sərhəddi Rusiyanın nəzarətindən kənarda olan sərhəddir. ABŞ-ın dəniz piyadalarının Gürcüstanda, bəlkə də həm də Ermənistanda olmasını və ABŞ-ın Ermənistandakı səfirliyinin binasının imkanlarını nəzərə alsaq, regionda ABŞ-ın hərbi iştirakının xeyli artdığını başa düşmək olar. ABŞ səfiri Ermənistanda özünü dominant hiss etməyə başlayıb. Səfir R.Mills Ermənistan parlamentinin vitse-spikerini rusiyapərəst quruma üzv olduğuna görə, ABŞ-la dostluq qrupunun sədrliyindən istefaya göndərməyə cəsarət edir və buna nail olur”.

Politoloq sonra əlavə edib ki, ABŞ Qərbin Ermənistandakı bütün maraq və iştiraklarının vahid təmsilçisinə çevrilir: “Amerikalı həmsədr C.Uorlik də bütün il ərzində mütəmadi pozulmuş atəşkəs rejiminə siyasi münasibət bildirdi. Guya atəşkəs rejimi yalnız son vaxtlar pozulur. O atəşkəs rejiminin pozulmasını RF xarici işlər naziri S.Lavrovun Bakıya səfərilə əlaqələndirdi. Bütün bunlar ABŞ-ın Ermənistan uğrunda, Ermənistanla birlikdə Rusiyaya qarşı ciddi mübarizəyə hazırlaşdığını göstərir. Ermənistanda Rusiyanın hərbi bazasının mövcudluğu ABŞ-a bəllidir. Ermənistan rəhbərliyinin Rusiyanın Ermənistandakı hərbi bazasını qovmaq arzusu da ABŞ-a bəllidir. Eks-baş nazir T.Sərkisyan Rusiya hərbi bazasının Ermənistanı tərk etməsi mövzusunda Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Aİ ilə danışıqlar aparmışdı. Ona görə Ermənistan uğrunda ABŞ-Rusiya qarşıdurmasının açıq fazaya keçəcəyi və bu zaman Ermənistanın ABŞ tərəfində olacağı şəksizdir”.

M.Əhmədoğlu vurğulayıb ki, bunun üçün ABŞ-ın maraqlarına ən vacib cavab verən məsələ Rusiyanın Cənubi Qafqazda yeni resurslarının yaranmamasıdır: “Çünki ABŞ-ın hesablamaları indiki resurslar üzərində qurulub. Mehri dəmiryolunun açılması ABŞ-ın bütün planlarını poza bilər. Ona görə Ermənistan məhz ABŞ-ın diktəsilə Mehri dəmiryolunun açılmasına imkan verməyəcək. Ermənilər üçün Mehri dəmiryolu regional siyasətin ən böyük məsələsidir. Hazırda ermənilərin anlamındakı Dağlıq Qarabağ məsələsi də Mehri dəmiryolunun açılmamasına xidmət göstərir”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO