Mübariz Əhmədoğlu: Ermənistanda üsyan: Rusiyanın “falstartı”, yoxsa Qərbin hakim elitanı özününküləşdirməsinin başlanğıcı

“Ermənistanda elektrik enerjisinin qiymətlərinin artırılmasına qarşı keçirilən mitinqlər indiki hakimiyyətin siyasətinin məntiqi nəticəsidir. Əhalinin sosial-iqtisadi vəziyyəti getdikcə pisləşir. Hakimiyyət isə sosial-iqtisadi vəziyyəti düzəltmək istiqamətində addımlar atmaq əvəzinə yeni statistik metodlar icad etməklə məşğuldurlar”.
Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq bildirib ki, Ermənistanda korrupsiyanın əhatə etmədiyi heç bir sahə yoxdur: “Ən çox diqqət ayırdıqları hərbi sahə də kifayət qədər siyasiləşib və siyasətə pul xərcləyir. Bu da korrupsiyanın bir növüdür. Amma əhalinin indiki üsyanının konkret motivasiyası var. Və bununla da MDB məkanındakı məxməri inqilablardan, Ukraynadakı “maydan”dan prinsipial fərqlənir. Ermənistanda elektrik enerjisinin qiyməti MDB məkanında ən yüksəkdədir və bu qiyməti daha da bahalaşdırırlar. Ermənistanda elektrik enerjisinin qiymətinin bahalaşması çox vacib geosiyasi proseslə eyni vaxta düşdü. Ermənistan Vorotan SES-i ABŞ-a satdı. Vorotan SES-i ucuz qiymətə ABŞ şirkətinə satan Ermənistan üzərinə 2015-ci ilin sonunadək elektrik enerjisi qiymətini qaldırmaq öhdəliyini götürmüşdü. Amma rəsmi Yerevanın götürdüyü öhdəlikdə elektrik enerjisinin qiyməti təxminən 1 KVt üçün 13 sent hüdudlarındadır. Ermənistan rəhbərliyi ilk əvvəl qiyməti təxminən buna yaxınlaşdırmaq istəyirdi. Amma sonradan hər KVt üçün 6.93 dram artırmaqla 10 sentə çatdırdı və bu aralıq diapazonda da dayandı”.
M.Əhmədoğlu hesab edir ki, Ermənistanda elektrik enerjisinin paylayıcı şəbəkəsi Rusiyaya məxsusdur: “Rusiya məxsus olduğu üçün yaxın illərdə rəsmi Yerevan tərəfindən o şirkətə hədsiz çox təzyiqlər edilib. Şirkət rəsmi qaydada rüşvət verməyə razılaşdıqdan sonra təzyiqlər azaldı. Həm də Rusiya elektrik paylama şəbəkəsinə təzyiqə görə Ermənistana acıqlanmışdı. Ardıcıl yoxlamalar və təzyiqlər “Ermənistan Elektrik şəbəkəsinin” effektsiz menecmentinin əsas səbəbidir. Belə vəziyyətdə elektrik paylama şəbəkəsinin qiymət artırmaq müraciətinin əsas səbəbkarının Rusiya tərəfi, yoxsa həmin şirkətin Ermənistandakı hamiləri olduğunu müəyyən etmək çətindir. Amma Vorotan SES lə bağlı müqavilədə elektrik enerjisinin qiymətinin artırılması şərti aydın şəkildə yazılıb və imzalanıb. ABŞ bu şirkəti alarkən Ermənistanın Rusiya ilə əlaqələrinə bələd idi və düşünürdü ki, qısa müddət ərzində Ermənistanın hakim elitasını yenidən quracaq, prezident S.Sərkisyan hakimiyyətdə qalır, ətrafi isə yalnız qərbpərəst siyasətçilərdən təşkil olunur. Çünki vaxt ABŞ-ı sıxır. Bu işi məhz indi başlamalı idi. Eləcə də ABŞ tərəfinin bu planına S.Sərkisyan razılıq vermişdi. Elə xalq üsyanının qızğın dövründə S.Sərksiyanın Avropa Xalq Qurultayında iştirak adı ilə Brüsselə getməsi də görünür təcili məsləhətləşmə prizmasından zəruridir”.
Politoloqun fikrincə, S.Sərkisyan ABŞ-ın marağına uyğun qiyməti qaldırır, amma bunun Rusiya tərəfinin diktəsi ilə edildiyi görüntüsünü yaradır: “Beləliklə Ermənistanda Qərbin nüfuzu artır, RF-in nüfuzu isə aşağı düşür. RF bunu başa düşdü və ola bilər ki, RF məhz bu amili nəzərə alaraq xalq hərəkatına vaxtından əvvəl start verdi. Ermənistandakı mitinqlərin başlama mənbəyini müəyyənləşdirməyi qəlizləşdirən daha 3 faktor var. Birincisi, Ukraynadakı “maydan” hadisələri nəticəsində vəzifəyə gəlmiş Ukraynanın Daxili işlər naziri, milliyyətcə erməni A.Avakov xalqı müstəqillik uğrunda mübarizəyə çağırdı. Ermənistanda azadlıq uğrunda mübarizə dedikdə Rusiyanın təsirindən azad olmaq başa düşülür. İkincisi, M.Simonyanın rəhbərlik etdiyi “Ria Novosti” Ermənistandakı nümayişlərdən canlı yayıma başladı. M.Simonyanın ABŞ-ın və ya RF-nin maraqlarına uyğun bunu etdiyini ancaq özü bilir. Üçüncüsü, mitinqə çıxanların əlində Avropa İttifaqının bayraqları çoxdur. Mitinq iştirakçıları başa düşürlər ki, Avropa elektrik enerjisinin qiyməti onların indi etiraz etdiyi qiymətdən çoxdur. Eləcə də onu da bilirlər ki, RF-də elektrik enerjisinin qiyməti Ermənistandakından təxminən 3 dəfə ucuzdur. Əslində “erməni-rus” qardaşlığının fenomeni də burasındadır. Ermənilər Rusiya dövlətçiliyini əleyhinə gedə bilirlər, onu hətta dağıda bilirlər və bu zaman rusları inandıra bilirlər ki, düzgün addım atıblar. Qərbi Rusiyanın üzərinə ilhamlandıran ən əsas səbəb də budur.
Ermənistanda mitinqlərin başlamasının əvvəli ziddiyyətli olsa da sonu aydındır. Rusiya bu prosesləri öz idarəçiliyinə götürə biləcək. Lazım gəlsə miqrant ermənilərin bir neçə minini Yerevana qaytaracaq. Avropa İttifaqının bayraqlarını Avrasiya İqtisadi Birliyinin plakatları əvəzləyəcək. Kreml S.Sərkisyanın Rusiya ilə Qərb arasındakı ikibaşlı oyunlarına son qoyacaq. Hətta mitinq Ermənistanın Kalininqrad tipli quberniya formasında Rusiyanın tərkibinə daxil olması məsələsini aktuallaşdıra bilər. Kreml bu ideyaya Donbasdakı müstəqillik qədər dəstək verə bilər. Bütün bu baş verənləri biz “mini-Qarabağ problemi” adlandırırıq. “Mini-Qarabağ problemi” isə indiki mərhələdə Ermənistan dövlətçiliyinin sonuna çıxacaqdır. İndi Ermənistanın Qərblə Rusiya arasında manevr etmək imkanı yoxdur. İndiki Ermənistan Qərb və Rusiya nəhənglərinin arasında qalıb əzilən Ermənistandır. İndi Ermənistandakı bütün proseslər Qarabağın və Ermənistan dövlətçiliyinin itirilməsinə köklənib”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO