Mətbuatın durumu Yevlaxda müzakirə olunub

Milli mətbuatın 135 illik yubiley tədbirlərinə bu şəhərdən başlandı

Bu gün Yevlaxda “Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib. Bununla prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında” 17 iyun 2010-cu il tarixli sərəncamından irəli gələn tədbirlərin icrasına başlanılıb.

Azərbaycan Mətbuat Şurasından Lent.az-a bildiriblər ki, tədbirə Prezident Administrasiyasının, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, ətraf rayonların dövlət qurumlarının təmsilçiləri, bölgə qəzetlərinin redaktorları iştirak ediblər.

Yevlax şəhər icra hakimiyyəti başçısı Elmar Vəliyev konfrans iştirakçılarını salamlayaraq milli mətbuatın 135 illik yubileyi ilə əlaqədar ölkə miqyaslı tədbirlərə bu bölgədən başlanmasını bütün yevlaxlılar üçün yüksək etimad kimi dəyərləndirib. O, Yevlaxın “Kür” qəzetinin 75 yaşının da yubiley ilinə təsadüf etdiyini vurğulayaraq bu tarixin də tezliklə geniş miqyasda qeyd olunacağını bildirib.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri Vüqar Əliyev ölkə başçısının müvafiq sərəncamında Azərbaycan mətbuatının təşəkkülü və inkişafının dolğun ifadəsini tapdığını vurğulayıb, bunun kifayət qədər ətraflı mövzu olduğunu diqqətə çatdırıb, konkret məqamlar barədə təhlillər verib.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov təməli Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə yaradılan milli jurnalistikamızın 135 ildə keçdiyi yol barədə söhbət açıb. O bildirib ki, bu bayram milli müstəqilliyimizin xalqımıza bəxş etdiyi ən böyük nemətdir. Şura sədri yubileyin belə geniş miqyasda keçirilməsinin yalnız Həsən bəyə, onun “Əkinçi”sinə, məsləkdaşlarına, davamçılarına verilən qiymət deyil, həm də mediamızın on illər boyu keçdiyi şərəfli yola baxış kimi dəyərləndirib.

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə rəhbərlik etdiyi qurumun keçirdiyi müsabiqələr, konfranslar, seminarlar barədə məlumat verib. O, bölgə qəzetlərinin bu istiqamətdə reallaşdırdığı tədbirlərdə fəal iştiraka səsləyib.

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ölkə mediasının maddi-texniki durumunun yaxşılaşdırılması, peşəkar jurnalist kadrlarının hazırlanmasından danışıb. O qeyd edib ki, mətbuatın saf təməllər üzərində inkişafını təmin edən tədbirlər KİV-lərin müasir tələblər səviyyəsində formalaşmasına təkan verir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO