Mətbuatdan yüksələn jurnalistlərin indiki mətbuat barədə dedikləri…

Mətbuatdan yüksələn jurnalistlərin indiki mətbuat barədə dedikləri...Mətbuat sahəsində çalışmaq bir çox həmkarımızın karyera qazanmasında mühüm rol oynayıb. Vaxtilə mətbuatda sıravi müxbir, redaktor vəzifələrində işləmiş bəzi həmkarlarımız indi dövlət orqanları və ya böyük şirkətlərdə mətbuat xidmətinin rəhbəri, ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri postunu tuturlar. Təəssüf ki, onlardan bəziləri vəzifəyə gedəndən sonra mətbuata münasibəti dəyişib. Amma bu, hamıya şamil edilə bilməz, mətbuat sahəsindən dövlət orqanları və ya böyük şirkətlərə transfer olunanlardan jurnalistlərlə yaxşı işləyənləri də var. Onlar əvvəllər çalışdıqları sahənin işini indi necə dəyərləndirirlər?

Gənclər və İdman Nazirliyi mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova da jurnalistikadan dövlər orqanına transfer olunan həmkarlarımızdandır. O, 1999-2003-cü illərdə “Space” telekanalında çalışıb. Bir müddət Vergilər Nazirliyində piarmenecer, 2005-2007-ci illərdə isə Səhiyyə Nazirliyinin mətbuat xidmətində çalışıb. 2007-ci ildən isə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəridir. Səmayə Məmmədova deyir ki, jurnalistikada peşəkarlarla birgə çalışdığını deyir: ““Space” televiziyasında Nadir Bədəlov, Mehriban Ələkbərzadə kimi peşəkarlarla birgə çalışırdıq. O vaxt bizə 3 ay sınaq müddəti verilirdi, o da bəlli deyildi ki, bizi işə alacaqlar ya yox. Bu müddətdə 100 yaxın mövzu verirdik. Müzakirələr aparılırdı ki, hansı süjeti efir üçün daha yararlıdır. Həmin o məktəbi keçənlər indi mötəbər qurumlarda çalışır”.

Səmayə Məmədova deyir ki, televiziyada çalışdığı dövrdə həmişə işə ciddi yanaşma görüb. “Bu da təbiidir. Hər bir detala fikir verilirdi”. Müsahibimizn sözlərinə görə, son illər mətbuata gələn jurnalistlər arasında qeyri-peşəkarlar da az deyil. Onun fikrincə, media sahəsində çalışan bəzi jurnalistlərin mütaliə etməməsi onların peşəkarlığının yüksəlməsini əngəlləyən səbəblərdəndir. Keçmiş telejurnalist hazırda telekallarada çalışan gənc aparıcılar və reportyorların söz bazasının kasadlığını da onların az mütaliə etmələri ilə bağlayır. Müsahibimiz deyir ki, telekanallara baxanda süjetlərdəki qeyri-peşəkarlıq o dəqiqə hiss edilir.
S.Məmmədova son vaxtlar mətbuatda araşdırmalarının azaldığını söyləyir: “Araşdırmalar çox azalıb. Daha asan başa gələn süjetlər çəkilir. Təəsüf ki, bugünkü zamanda insanlara kiminsə şəxsi həyatı daha çox maraqlı gəlir”. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri qeyd edir ki, peşəkar jurnalistlərlə çalışdığından informasiyaların təhrifi kimi problemlə qarşılaşmır: “Peşəkar kimi tanıdığım jurnalistlərlə çalışmağa üstünlük verirəm. Bu zaman alınan informasiyalarda da təhrifə yol verilmir. Gündəlik olaraq da dünya və Azərbaycan mətbuatını izləyirəm”.
“Mətbuata yenidən qayıtmaq istərdinizmi” sualını S.Məmmədova belə cavablandırdı: “ Xeyr, mətbuata yenidən qayıtmaq istəməzdim”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO