“Mətbuatda karikatura yox dərəcəsindədir”

“Mətbuatda karikatura yox dərəcəsindədir”Bu il 60 yaşını, sənət yaradıcılığının 30 illiyini qeyd edən karıkaturaçı rəssam Hafiz Nəsiroğlu ikinci fərdi sərgisini görkəmli rəssam Əzim Əzimzadənin 130 illik yubileyinə həsr edib

Sentyabrın 28-də Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda tanınmış karikaturaçı rəssam Hafiz Nəsiroğlunun fərdi sərgisi keçirilib. Bir həftə davam edəcək sərgidə rəssamın 100 işi nümayiş olunub. Bu il 60 yaşını, sənət yaradıcılığının 30 illiyini qeyd edən karıkaturaçı rəssam ikinci fərdi sərgisini görkəmli rəssam Əzim Əzimzadənin 130 illik yubileyinə həsr edib.
Hafiz Nəsiroğlu sərgi öncəsi qəzetimizə müsahibəsində ölkəmizdə karikatura sənətinin bugünkü vəziyyətinə və gələcək perspektivlərinə də toxunub.

Yumor və satiranın vəhdəti

– Artıq 30 ildir ki, karikatura sahəsində çalışıram. «Molla Nəsrəddin» jurnalından sonra bu sahədə bir boşluq yaranmışdı. 1952-ci ildə «Kirpi» satira-yumor jurnalı meydana gəldi. Həmin jurnalda çox böyük sənətkarlarımız, hətta, karikaturanı özünə peşə eləməyən insanlar çalışıblar. Bu jurnalda rəssam Nəcəfqulu İsmayılovun böyük xidmətləri olub. Biz də bir növ onun davamçılarıyıq. Həmin jurnal olmasaydı, şübhəsiz ki, biz karikaturaçılar da inkişaf eləməzdik. Sovet dövründə bizim beynəlxalq müsabiqələrdən xəbərimiz olsa da, sərhədi keçib iştirak edə bilmirdik. 1993-cü ildə İranda karikatura üzrə müsabiqə elan olundu. «Kirpi» jurnalına da dəvətnamə gəldi. 5-6 rəssam həmin müsabiqəyə iş göndərdik. Mən həmin müsabiqədə diploma layiq görüldüm və kataloqda çap olundum. Bu, mənim beynəlxalq müsabiqədə ilk uğurum idi. 1997-ci ildə Türkiyədə keçirilən 14-cü karikatura müsabiqəsinə türk səfirliyi tərəfindən dəvət aldıq. O vaxtdan başlayaraq ölkəmizdən 15-20 rəssam hər il keçirilən həmin müsabiqədə iştirak edirdi. O müsabiqələrdə dünyanın 50-60 ölkəsinin minlərlə karikaturaçı rəssamları iştirak edirdi. Onlar peşəkar rəssamlar idi. Onların qarşısına iş çıxarmaq çətin məsələ idi. Ancaq mən yenə cəsarət edib rəssam dostlarımla birgə 1997-2000-ci illərdə yenə də həmin müsabiqəyə iş göndərdik. Nəhayət, 60 ölkənin iştirak etdiyi və 15 rəssamın qalib seçildiyi müsabiqədə mən də Uğur mükafatı qazandım. Həmin müsabiqədə dünya rəssamlarının 3000-ə yaxın işi iştirak edirdi. Mən Türkiyədə olarkən müşahidə etdim ki, orada karikatura sənəti çox inkişaf edib. Süleyman Dəmirəl hər il həmin müsabiqənin qaliblərini təbrik etməyə gəlirdi. Mənim iştirak etdiyim müsabiqənin təqdimetmə mərasimində isə dövlət rəhbərindən savayı bütün vəzifəli məmurlar iştirak edirdi. Həmişə arzulamışam ki, bizdə də karikatura sahəsində belə canlanma olsun. Artıq 3 ildir ki, Rəssamlar İttifaqının nəzdində Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi yaranıb. Birliyin 90-a yaxın üzvü var.

– Karikatura sənətində ənənəvi üslub qorunub-saxlanılır, yoxsa, rəssamlar yenilik axtarışındadırlar?

– Karikatura heç zaman öz janrını dəyişmir. Yumor və satira bu janrda mütləqdir. Rəssamın texnikası, üslubu dəyişə bilər. Peşəkar və qeyri-peşəkarlar da bu sahədə çalışırlar. Yenilik ancaq o ola bilər ki, bizim karikaturaçı rəssamların gördüyü işlər işıqlandırılsın. Bizim rəngkarlarımız, heykəltaraşlarımız yeri gəldikdə öz əsərlərini sata bilirlər. Biz isə bunu edə bilmirik. Biz yalnız çalışırıq ki, beynəlxalq müsabiqələrdə iştirak edək və mükafat qazanaq. Karikatura elə bir janrdır ki, satılmır. Sovet dövründə biz mətbuatda qonorarla işləyirdik. «Kirpi» jurnalında, «Baku», «Bakı», «Bakinski raboçi» qəzetlərində çap olunurduq. Aldığımız yüksək qonorar maddi baxımdan bizi təmin edirdi.

– Bəs bu gün mətbuatla əlaqələriniz necədir?

– Bu gün vəziyyət çox acınacaqlıdır. Mətbuatda karikatura üçün yer ayrılmalıdır. Ancaq bu gün mətbuatda karikatura yox dərəcəsindədir. Bəzi qəzetlərdə çap olunanlarsa karikatura deyil. İstərdim ki, əsl karikatura yenə də əvvəlki illərdə olduğu kimi mətbuatda yerini tapsın. Çünki karikaturaçı rəssamlar həmişə sərgi aça bilmirlər. Bunun müəyyən çətinlikləri var. Mətbuat isə biz rəssamların yaradıcılığında, inkişafında böyük rol oynayır. Hər rəssam karikatura çəkə bilər. Ancaq hər rəssamın çəkdiyini oxucu başa düşməyəcək. Bəzən karikaturanın altında yazılan sözlərlə onu təqdim edir, şəklin demədiyi sözü yazı ilə anlatmağa çalışırlar. Ancaq bu, beynəlxalq səviyyədə qəbul olunmur. Mən onlarla yarışlarda iştirak etmişəm. Şərtlər ondan ibarət olur ki, karikaturalar sözsüz olmalıdır. Karikaturaçı rəssamların inkişafı üçün onlar mətbuatda çap olunmalı, heç olmasa ildə bir dəfə ümumi sərgiləri olmalıdır. Belə sərgilərdə həm rəssamlar inkişaf edir, həm də seçim olur.

Həm güldürməli, həm düşündürməli
– Bizdə karikaturaçı rəssamların daxili sərgiləri keçirilirmi?

– Artıq 3 ildir ki, bizdə beynəlxalq müsabiqə keçirilir. Bu o deməkdir ki, artıq ölkəmizdə də bu sahədə inkişaf başlayır.
Birliyin sədri Bayram Hacızadə bu çətin işi öz öhdəsinə götürüb. O həm kataloq çap etdirir, həm də ildə bir dəfə beynəlxalq müsabiqə təşkil edir. Bu il keçirilən beynəlxalq müsabiqə də Əzim Əzimzadənin 130 illiyinə həsr olundu. Bir çox ölkələrin rəssamları da müsabiqəyə qatıldılar.

– Xarici ölkələrdə sərgi keçirmək necə, mümkündürmü?

– Hələlik belə bir imkan mənə nəsib olmayıb. Ancaq bunu çox istərdim. Xarici ölkədə sərgi keçirməyin ən böyük çətinliyi maliyyə ilə bağlıdır. Hazırki sərginin təşkil olunmasına Mədəniyyət və Turizm Nazirliyi mənə dəstək oldu. Rəssamlar İttifaqı da mənə şərait yaratdı. Həmçinin sərgini təşkil etmək üçün millət vəkili Gülər Əhmədovaya müraciət etdim. O mənə həm maddi, həm də mənəvi dəstək oldu.

Azad sözü demək imkanı
– Karikaturaçı rəssamların yetişməsi üçün hansısa təhsil ocağı varmı?

– Karikatura sahəsində təhsil ocağı yoxdur və heç kəsə də təhsil vermək olmaz. Bu, qeyri-mümkündür. Mən bu sənəti bir vergi sayıram. Məsələn, satira yazan şairləri hansısa bir məktəb yetişdiribmi? Əzim Əzimzadəni hansısa bir rəssamlıq məktəbində yetişdirmək olardımı? Karikaturada əsas məsələ mövzu və onun həlli ilə bağlıdır. Həlli elə tapmalısan ki, artıq şəkilaltı sözə ehtiyac qalmasın.

– Müşahidələriniz nə deyir: tamaşaçılar daha çox siyasi, yoxsa sosial yönümlü karikaturaları bəyənirlər?

– Bu, tamaşaçının özündən asılıdır. Burada siyasi, ictimai-siyasi, sosial problemlərlə bağlı karikatura da ola bilər. Baxır ki, insanlar hansını daha çox xoşlayırlar. Karikaturada satira ilə yumor vəhdətdə görünməlidir. Həm güldürməli, həm də düşündürməlidir. Karikaturada təhqiramiz fikrə yol verilməməlidir.

– Siz həmçinin “Kirpi” jurnalının baş rəssamısınız. Necə bilirsiniz, 50-ci illərdə çıxan «Kirpi» jurnalı ilə indiki jurnalın populyarlıq baxımından hansısa fərqləri varmı?

– Jurnalın baş redaktoru Polad Qasımov 90-cı illərdə jurnalın öhdəçiliyini öz üzərinə götürdü. Mən də o ərəfədə jurnaldan uzaqlaşmaq istəyirdim. O, məni həvəsdən düşməyə qoymadı. Çox çətinliklər çəkdik. Aylarla maaş almadıq, amma jurnalı birtəhər oxuculara çatdırdıq. Hazırda isə jurnal ayda bir dəfə oxuculara təqdim olunur. “Kirpi” əvvəlki ənənəni saxlayır. Fərq ondadır ki, sovet dövründə hər sözü demək olmurdu. İndi isə azad sözü demək mümkündür.

Qalereya olsa…
– Emalatxananız necə, varmı?

– Təəssüf ki, emalatxanam yoxdur. Emalatxanam «Kirpi» jurnalının balaca bir otağıdır. Bütün işlərim orada yaranır və cəmiyyətə təqdim olunur. Əlbəttə, emalatxanamın olmasını istərdim. Ola bilər ki, gələcəkdə bu problem də həll olunsun.

– Heç olubmu, hansısa bir sərgidə əsərlərinizdən heç olmasa birinə müştəri çıxsın?

– Hələ respublikamızda belə hadisəyə rast gəlməmişəm.

– Sizcə bu, adamların karikatura janrını başa düşməməsi ilə bağlıdır?

– Mən belə deməzdim. Karikaturanı başa düşənlər çoxdur. Yumoru sevən, daxili yumoru olan insanlar da həmçinin. Bu, əsərlərə qiymət verənlər də kifayət qədərdir. Sadəcə, bizdə bu əsərləri sərgiləmək üçün münasib qalereya yoxdur. Mən həmin qalereyanı ya İçərişəhərdə, ya da Şəkidə təsəvvür edirəm. İnanıram ki, belə bir qalereya olsa, müştəri də tapılacaq. Məsələn xaricdən gələn qonaqlar bu işlə maraqlanırlar. Bu, onlar üçün suvenir xarakterli də ola bilər. İnsanların da rəssamlığın bu janrına marağı artar.

– Şarjlarınızı necə, müsbət qarşılayırlar?

– Mən şarj çəkməyə çox gec başladım. Bəyənən insanları görəndən sonra daha da həvəsləndim. İlk dəfə «Kirpi» jurnalında Xalq şairi Qalibin şarjını çəkdim və müsbət qarşılandı. 2005-ci ildə karikaturaçı rəssamların sərgisində 20 şarj sərgilədim. Həmin şarjlar həmçinin «Biz və karikatura» adlı jurnalda çap olundu. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, xarici işlər naziri Elmar Məmmədyarovun, tanınmış sənət adamlarının və b. şarjları çox bəyənildi. Əbülfəs Qarayev şarjı çox müsbət qarşıladı. Onunla görüşdə mən şarjı yeni formada nazirə təqdim etdim. Əbülfəs müəllim: «Bu, mənim çox xoşuma gəldi. Bu şarjı evimdə asacağam» – dedi. Çəkdiyim şarjlardan o insanların heç birinin xəbəri yox idi. Sevindim ki, çox yaxşı qarşılandı. İndi isə kimin şarjını çəkmək istəyirəmsə, özündən icazə alıram. Razılıq verirlərsə, çəkirəm.

– Necə bilirsiniz, ölkəmizdə karikatura sənətini nə vaxtsa məhv olma təhlükəsi gözləyirmi?

– Belə bir təhlükəni görmürəm. Əgər bu janra dövlət tərəfindən yüksək qiymət verilirsə, Rəssamlar İttifaqında 3 il əvvəl bununla bağlı yeni bölmə açılıbsa və ən əsası bu sənətdə Əzim Əzimzadənin izi varsa, onun yalnız gələcək inkişafından danışmaq olar.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO