Mətbuat Şurasının müsabiqəsinə 76 yazı təqdim olunub

Modern.az xəbər verir ki, Mətbuat Şurası Xocalı soyqırımının mediada işıqlandırılması üzrə müsabiqəyə yazı qəbuluna dair mətbuat konfransı keçirib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd xaricdə bu barədə məlumatlandırılma üçün Xocalı soyqırımı mövzusunda materialların yığılmasıdır. Onun sözlərinə görə, müsabiqənin qalibi olan məqalələr bir neçə xarici dilə tərcümə olunacaq və xarici ölkələrin elektron və çap KİV-də dərc ediləcək.

2009-cu il sentyabrın 1-dən 2010-cu il fevralın 1-dək keçirilmiş müsabiqəyə Azərbaycanın 41 elektron və çap KİV-i 76 məqalə ilə qoşulub. Müsabiqənin yekunu üzrə birinci yeri tutan müəllif 1000 manat, ikinci yer 650 manat, üçüncü yer isə 300 manat alacaq. Bundan başqa, həvəsləndirici mükafat 500 manat həcmində olacaq.

Müsabiqənin münsiflər heyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Bəxtiyar Sadıxov bildirib ki, müsabiqənin məqsədi ikili standartların mövcud olduğu dünyaya hadisələrin həqiqi tərəfini göstərməkdir.

Müsabiqənin münsiflər heyətinin üzvü Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxovun fikrincə, hazırda xarici oxucuların bu barədə məlumatlandırılması üçün sözügedən mövzu üzrə materiallara ehtiyac var. E.Poluxov deyib ki, bu müsabiqədən sonra jurnalistlərin ölkə oxucularına hansı materialların maraqlı olması barədə təsəvvürü olacaq.

Müsabiqə hakimlərinin tərkibinə həmçinin Milli Məclisin deputatı Elman Məmmədov, Rəşid Məcid, Bahəddin Həziyev, Elşad Mirələm, Mahir Cavadlı daxildir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO