Mətbuat Şurası özünü dolaşdırıb: “Təzadlar ” “Qara siyahı “ya salınıb,amma “reket ” elan olunmayıb

Mətbuat Şurasının bu gün yaydığı açıqlamada dolaşıqlığa yol verilib. Belə ki, İdarə Heyətinin iclasında “Xəbər xətti”, “Hüquq və ittiham”, “Qanun və nəzarət” qəzetlərinin “reket nəşr”lər elan olunduğu bildirilən məlumatın ardınca “Təzadlar” qəzeti ilə bağlı ayrıca müzakirə olduğu vurğulanıb.

Həmin məqamı oxucuların diqqətinə çatdırırıq: “Təzadlar” qəzetinə gəlincə, çıxışlarda bildirildi ki, nəşrin fəaliyyətində həqiqətən mətbu reketçilik əlamətləri mövcuddur. “Təzadlar” MŞ-nin əvvəlki xəbərdarlığına məhəl qoymayıb. Qəzetin müxtəlif saylarında Şuranın İdarə Heyətinin qərarı olmadan qurumun Şikayətlər üzrə Komissiyasının “Təzadlar” haqqında çıxardığı sonuncu rəyin əsassız sayılması barədə bildirişlər dərc edilib. Nəşr komissiyanın bu rəyində əksini tapan tələbləri də yerinə yetirməyib. Həmçinin komissiyanın iclasından keçən bir ayda Şuraya qəzet barədə yeni şikayətlər də daxil olub. Bütün bunlar qəzetə bir daha güzəşt edilməsini mümkünsüzləşdirir.

Müzakirələrdən sonra “Təzadlar” qəzetinin adının “qara siyahı”ya salınması barədə təklif səsə qoyuldu və 8 nəfər lehinə, 3 nəfər əleyhinə, 1 nəfər bitərəf olmaqla qəbul edildi”.

“Media forum” saytı xatırladır ki, indiyədək Mətbuat Şurasından verilən açıqlamalarda “reket nəşrlər” və “qara siyahı” eyni anlam daşıdığından press-relizdən İdarə Heyətinin “Təzadlar”ı da “reket” elan etdiyi çıxır. Məhz bu səbəbdən saytın həmin press-relizdən hazırladığı məlumatda “Təzadlar”ın da “reket nəşr” elan olunduğu xəbər verilib. Ancaq sonradan aydınlaşıb ki, demə, “Təzadlar” çoxsaylı qüsurlarına görə “qara siyahı”ya salınıb, amma “reket” elan olunmayıb.

“Media forum”un dəqiqləşdirməsi zamanı Mətbuat Şurası İdarə Heyətinin üzvü Umud Rəhimoğlu və qurumun icraçı direktoru Rəhim Hüseynzadə bildiriblər ki, bundan sonra “qara siyahı” ayrı, “reket nəşr”lərin siyahısı ayrı olacaq.

Bununla əlaqədar olaraq “Media forum” əvvəlki xəbərindən “Təzadlar”ın “reket” elan olunması hissəsini çıxarıb.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO