Mətbuat Şurası və ATƏT-in Bakı ofisinin birgə iclası olub

Dünən Azərbaycan Mətbuat Şurası və ATƏT-in Bakı ofisinin birgə layihəsi əsasında yaradılan işçi qrupunun iclası keçirilib. Bu il avqustun 12-də yaradılan qrupun başlıca məqsədi Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına əlavə və dəyişiliklərlə bağlı avropalı ekspertlər tərəfindən irəli sürülən tövsiyyələrin nəzərdən keçirilməsi və yekun müzakirəyə çıxarılmasıdır. Qrupun tərkibinə MŞ İdarə Heyətinin üzvləri, ATƏT-in Bakı ofisinin təmsilçisi və ölkənin tanınan, ictimai fikrə təsir göstərən KİV-lərinin rəhbərləri və media ekspertləri daxildir. İclası MŞ sədri Əflatun Amaşov açaraq ötən müddətdə layihə çərçivəsində həyata keçirilən işlər barədə məlumat verib. Onun sözlərinə görə, qrup üzvlərinin təhlilləri və irəli sürdükləri fikirlər AJPDQ-nın daha təkmil variantının yekun müzakirəyə çıxarılması baxımından əhəmiyyətlidir. İclasda AJPDQ-nın əsasən «İnformasiya qaynaqlarına sayğılı yanaşma», «Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı» və «Jurnalistin özünün və çalışdığı orqanının reputasiyasının qorunması» prinsiplərinin bəndlərinə irəli sürülən əlavə və düzəlişlər müzakirə olunub. Bildirilib ki, sənədin yekun variantında təqsirsizlik prezumpsiyası, ictimai fiqurların tənqidi, yeniyetmə və gənclərlə bağlı məqamların işıqlandırılması və digər həssas məsələlərə xüsusi diqqət yetirilməlidir.
Qeyd edək ki, Mətbuat Şurasının ATƏT-in Bakı ofisi ilə birgə layihəsi Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının təkmilləşdirilməsini və paralel olaraq diffamasiya haqqında qanunun qəbulunun sürətləndirilməsini nəzərdə tutur. Bu ilin martından reallaşdırılan layihə çərçivəsində sentyabr ayında beynəlxalq konfransın təşkili də planlaşdırılır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO