Mətbuat Şurası Nəsir İmanquliyevə yubiley tədbiri keçirəcək

Azərbaycan Mətbuat Şurası görkəmli jurnalist, alim və ictimai xadim, professor Nəsir İmanquliyevin 100 illik yubileyi ilə bağlı “Nəsir İmanquliyev irsi və müasir jurnalistikamız” mövzusunda konfrans keçirəcək. Bu il dekabr ayının 9-də saat 12.00-da Beynəlxalq Mətbuat Mərkəzində baş tutacaq tədbirdə MŞ İdarə Heyətinin üzvləri, ölkənin nüfuzlu kütləvi informasiya vasitələrinin rəhbərləri, dövlət rəsmiləri, elm və mədəniyyət xadimləri, veteran jurnalistlər iştirak edəcəklər. Toplantıda N.İmanquliyevin mənalı ömür yolundan, səmərəli elmi, pedaqoji fəaliyyətindən, mətbuatımızın inkişafındakı xidmətlərindən söhbət açılacaq, əməkdar jurnalistin irsinin müasir nəsil üçün örnək səciyyə daşıyan məqamları ətrafında fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, Nəsrulla Əsəd oğlu İmanquliyev 22 dekabr 1911-ci ildə Bakıda anadan olub. Onun mətbuatdakı ilk çıxışları tələbəlik illərinə təsadüf edib. Neft Texnikumunda oxuduğu vaxtlarda “Kommunist”, “Yeni yol”, “Gənc işçi” qəzetlərində müxtəlif vəzifələrdə çalışıb. 1942-ci ildə siyasi işçi kimi Böyük Vətən Müharibəsinin Krım cəbhəsinə göndərilib. Burada o, “Döyüşən Krım” qəzetində məsul katib və hərbi hissədə tərcüməçi kimi fəaliyyət göstərib. Bir il sonra arxa cəbhəyə göndərilərək “Kommunist” qəzetində məsul katib işləyib və vətənpərvər ruhlu çoxsaylı yazılarla çıxış edib. 1947-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb, eyni zamanda universitetin filologiya fakültəsində təhsilini davam etdirib.

N.İmanquliyev ötən əsrin 60-90-cı illərinin mətbuat tarixində böyük rol oynamış “Bakı” və “Baku” qəzetlərinin yaradıcısı və baş redaktoru olub. Ustad jurnalistin bu nəşrə gətirdiyi yeniliklərlə Azərbaycanda azad sözə, fikrə daha çox yer ayırıb və oxucuları daim yeni informasiyalarla təmin edib. Qəzetin səhifələrində paytaxtın gözəlliyi, yenilikləri ilə yanaşı, şəhərdə həlli vacib məsələlər də geniş şəkildə işıqlandırılıb.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO