Mətbuat Şurası jurnalistlərin sığorta məsələsini gündəmə gətirdi

“Jurnalistka sahəsində çalışanların peşəsilə əlaqədar olaraq sağlamlığına, hətta həyatına son qoyan müxtəlif hadisələrlə üzləşməsi mümkündür.

Jurnalist zorakılığa məruz qala, keçirilən mitinqdə xəsarət ala və yaxud da peşəsilə bağlı getdiyi yerdə hansısa bir hadisə ilə qarşılaşa bilər”. Mətbuat Şurasının icraçı katibi, Əməkdar jurnalist Rəhim Hüseynli bu fikirdədir. Onun sözlərinə görə, peşə fəaliyyəti zamanı xəsarət alan və yaxud da dünyasını dəyişən jurnalistlərlə bağlı qanun olsa, bu onların cəsarətini daha da artırar. R.Hüseynli jurnalistlərin sığortasının olmasını da çox vacib hesab edir. BDU-nun jurnalistika fakültəsində fəaliyyət göstərən eyni adlı elmi tədqiqat laboratoriyasının rəhbəri Vüqar Əliyev isə bildirdi ki, belə bir qanunun hazırlanması müsbət addım olar.

Onun sözlərinə görə, xarici ölkələrdə də qeyd olunan məsələ ilə bağlı müəyyən tənzimləmə var: “Peşə fəaliyyəti zamanı dünyasını dəyişən jurnalistlərin adını daşıyan mükafatlar təsis edilir, adları əbədiləşdirilir, onlarla bağlı konfranslar təşkil olunur”. V.Əliyevin fikrincə, belə jurnalistlərin ailələrinə müəyyən müavinətlərin ödənilməsini də təmin etmək olar.

Qeyd edək ki, MŞ sədri Əflatun Amaşov peşə fəaliyyəti zamanı dünyasını dəyişən jurnalistlərlə bağlı qanuna ehtiyac olduğunu və qanun layihəsinin hazırlanması istiqamətində yaxın vaxtlarda işə başlayacaqlarını bildirib. (“OLAYLAR”İA)

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO