Mətbuat Şurası jurnalistlərdən xahiş etdi

Azərbaycan Mətbuat Şurasının monitorinq qrupu İctimai Palatının bu günə «Sahil» bağında təyin edilmiş icazəsiz aksiyasında jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələrinə yaradılan şəraitin monitorinqini aparıb. Monitorinq zamanı prosesi işıqlandıran kütləvi informasiya vasitələri təmsilçiləri ilə bağlı hər hansı insidentin qeydə alınmadığı müəyyənləşdirilib.

Şuradan bildirilib ki, aksiyanı işıqlandıran media nümayəndələrinin əksəriyyəti üzərində «PRESS» yazılmış xüsusi gödəkçələrdə olublar. Bu, onların fərqlənmələrinə imkan verib. Monitorinq qrupu bəzi jurnalistlərin prosesə xüsusi geyimlərdə qatılmamalarına dair hallar da aşkarlayıb və müvafiq tövsiyələrini verib.

Aksiyada Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən akkreditasiyadan keçməyən iki İsveç jurnalisti hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq məsələnin araşdırılması üçün Dövlət Miqrasiya Xidmətinə aparılıb. Mətbuat Şurası xarici ölkələrdən olan media nümayəndələrinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanında akkreditasiya olunmalarının vacibliyini bildirərək onlara buna əməl etməyi tövsiyə edir.

Mətbuat Şurası həmçinin kütləvi aksiyaları, xüsusən də icazəsiz xarakter daşıyan mitinqləri işıqlandıran bütün jurnalistlərdən prosesə üzərində «PRESS» yazılmış xüsusi gödəkçələrdə qatılmalarını xahiş edir.

Qeyd edək ki, Mətbuat Şurasının monitorinq qrupunun tərkibinə Şura ilə yanaşı hüquq-mühafizə orqanlarının əməkdaşları da daxildirlər.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO