Mətbuat Şurası jurnalist Şamil Şahməmmədovun 75 illiyilə bağlı mərasimə hazırlaşır

Milli jurnalistikamızın görkəmli nümayəndəsi Şamil Şahməmmədovun 75 yaşı tamam olur. Bu münasibətlə Azərbaycan Mətbuat Şurası mərasim keçirəcək. Tədbir oktyabrın 1-i saat 12.00-da Şuranın ofisində baş tutacaq.

Toplantıda Ş.Şahməmmədovun ömür yolu, çağdaş mətbuat işçiləri üçün örnək olacaq yaradıcılığı ətrafında fikir mübadilələri aparılacaq, xatirələr səslənəcək.

Qeyd edək ki, Ş.Şahməmmədov fəal jurnalist yaradıcılığına hələ Bakı Dövlət Universitetinin jurnalistika şöbəsinin tələbəsi olarkən başlayıb. Əvvəl radio ilə əməkdaşlıq edib. 1957-ci ildə yeni yaradılan paytaxt qəzeti “Bakı”ya işə götürülüb. Burada müxbir, şöbə müdiri, məsul katib işləyib, baş redaktor vəzifəsinədək yüksəlib. Sonradan “Kommunist” (“Xalq qəzeti”) qəzetində baş redaktor müavini, uzun müddət “AzərTAc” Dövlət Teleqraf Agentliyində baş direktor müavini və baş direktor vəzifələrini tutub.

Milli jurnalistikamızın inkişafında müstəsna xidmətləri olan Ş.Şahməmmədovun əməyi dəfələrlə yüksək təltiflərlə qiymətləndirilib. “Şöhrət” ordenli qələm sahibi Azərbaycanda bu yüksək dövlət təltifini alan ilk jurnalist kimi tarixə düşüb. O həmçinin, Prezident təqaüdçüsüdür.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO