Mətbuat Şurası hesabat verəcək

Yanvarın 31-də Mətbuat Şurasında qurumun 2012-ci ildə gördüyü işlərə dair hesabatı ictimaiyyətə təqdim ediləcək. Bununla bağlı qərar bu gün Şuranın İdarə Heyətinin iclasında qəbul edilib. Şuradan Modern.az-a verilən məlumata görə, iclasda müzakirə edilən başlıca məsələ də Şuranın 2012-ci ildə gördüyü işlər olub.

Qeyd olunub ki, hesabat mətnində mühüm istiqamətlərdən birini də «reket jurnalistika»ya qarşı mübarizə tədbirləri təşkil edib. Məlumat verilib ki, ötən il Şuraya ümumilikdə 685 müraciət daxil olub ki, onlardan 501-ni KİV materiallarından şikayətlər təşkil edib. Qurum şikayətləri əsas tutaraq ümumilikdə 27 qərar çıxarıb.

Bundan başqa, Şura 2012-ci ildə diffamasiya təşəbbüsləri ilə də çıxış edib, jurnalist hüquqlarının qorunması ilə bağlı fəaliyyət göstərib, müxtəlif məsələlərə dair konfrans, seminar və «dəyirmi masa»lar keçirib. İclasda bütün bunlarla və digər istiqamətlərlə əlaqədar konkret statistika təqdim olunub. Müzakirələrdən sonra hesabat səsə qoyularaq qəbul edilib.

Tədbirdə müzakirə olunan ikinci məsələ MŞ-nin 2013-cü il üçün iş planı olub. Mövcud istiqamətdəki diskussiyaların gedişində vurğulanıb ki, yeni köşklərdə qəzet satışının vəziyyətini yaxşılaşdırmaq üçün tədbirlərin intensivləşdirilməsinə ehtiyac var. İH üzvləri «reket jurnalistika»ya qarşı mübarizənin də gücləndirilməsinə xüsusi diqqətin yetirilməli olduğunu vurğulayıblar.

Müzakirə edilən növbəti məsələ kütləvi informasiya vasitələrinin iqtisadi imkanlarının artırılması yollarına, o cümlədən KİV-də reklamların yerləşdirilməsi mexanizminə dair olub.

İclasda bildirilib ki, 2013-cü il seçki ili olduğundan siyasi həyatda aktivliyin müşahidə olunması gözlənilir. Bu xüsusda kütləvi aksiyalar zamanı jurnalist təhlükəsizliyi məsələsinə həssas yanaşılmalıdır. Qeyd edilib ki, mövcud istiqamətdəki fəaliyyətdə başlıca prinsip peşə vəzifəsini yerinə yetirən jurnalistlərin hər hansı maneə ilə üzləşməmələridir. Prosesləri işıqlandıran KİV nümayəndələrinə hər cür şərait yaradılmalıdır. Həmçinin jurnalistlərin ekstremal şəraitdə iş aparmaları qaydalarının təkmilləşdirilməsinə, məsələ ilə əlaqədar zəruri tövsiyələrin verilməsi üçün müvafiq toplantıların təşkilinə ehtiyac var. Bunun üçün bütün zəruri imkanlardan istifadə edilməlidir. Mətbuat Şurasının monitorinq qrupu isə aksiyalardakı fəaliyyətini daha da intensivləşdirməlidir.

İclasda ümumən «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikasının Qanunundan, habelə informasiya işini nəzərdə tutan digər yerli və beynəlxalq aktlardan irəli gələn vəzifələrin reallaşdırılmasına, ayrı-ayrı praktik situasiyaların daha dərindən çatdırılmasına dəstək məqsədilə jurnalistlər üçün treninq-məşğələlərin təşkili məqsədəuyğun sayılıb. Qeyd edilən məsələlər iş planına əlavə olunub.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO