Mətbuat Şurası bir gündə 2 nekroloq yaydı

Azərbaycan Mətbuat Şurası bu gün iki tanınmış media nümayəndəsinin vəfatı ilə əlaqədar nekrolor yayıb. Modern.az Mətbuat Şurasının nekroloqlarını təqdim edir:

– Bu gün tanınmış yazıçı-publisist, jurnalist Oqtay Məmmədhəsən oğlu Salamzadə 82 yaşında dünyasını dəyişib. O, ömrünün 60 ildən çoxunu qələmə, yaradıcılığa bağlayıb, yüzlərlə oxunaqlı mətbu yazıları, ədəbi-bədii əsərləri yadigar qalıb. Bu nümunələr janr, mövzu rəngarəngliyinə, dil, üslub xüsusiyyətlərinə görə daim diqqəti çəkib, müəllifinə medianın da, ədəbiyyatsevərlərin də rəğbətini qazandırıb.

O.Salamzadə 1930-cu il sentyabrın 1-də Füzuli rayonunun Cuvarlı kəndində anadan olmuşdu. 1953-cü ildə Bakı Dövlət Universitetini fəlsəfə ixtisası üzrə bitirib. Bilik və bacarığı nəzərə alınaraq gənclər təşkilatının rəhbəri vəzifəsinə irəli çəkilsə də yaradıcı mühitə daim üstünlük verib. Ömrünün sonuna kimi təmsil olunduğu qurumların siyahısından da bunu görmək mümkündür.

Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində uşaq və gənclər verilişləri redaksiyasının məsul katibi, Azərbaycan Jurnalistlər İttifaqının məsul katibi, Beynəlxalq Jurnalistlər Təşkilatının Rəyasət Heyətinin üzvü, SSRİ Jurnalistlər İttifaqı Təftiş Komissiyası sədrinin müavini, “Kitabsevərlər” Cəmiyyətinin baş redaktoru, “Yazıçı” nəşriyyatının böyük redaktoru, “Karvan” jurnalının baş redaktoru, nəhayət Azərbaycan KİV İşçilərinin Həmkarlar İttifaqının sədri və Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurası sədrinin müavini – 52 illik yaradıcılıq yolunun xronoloji ardıcıllığının təzahürləridir…

Oqtay Salamzadənin dövri mətbuatda işıq üzü görən 500-dən çox məqaləsi, “Bizim nəsil”, “Tahirə”, “Qızıl torpaq” romanları, “İsgəndərin övladları”, “İkinci pillə”, “Yaz yağışı”, “Səma elçiləri” povestləri, ölkənin dram teatrlarında səhnəyə qoyulan əsərləri onun gərgin və mənalı axtarışlı həyat yolundan xəbər verir. Ağsaqqal, səmimi insan O.Salamzadə haqq dünyasına qovuşub. Allah rəhmət eləsin!

***

– Bu gün “Azadlıq” qəzetinin fotomüxbiri Əjdər Cəfər oğlu Nağıyev vəfat edib. O, cəmi 57 il yaşadı, yaradıcılığının daha da çiçəkləndiyi bir vaxtda dünyasını dəyişdi.

Ə.Nağıyev 1955-ci ildə İsmayıllı rayonunun füsunkar Qoydan kəndində dünyaya göz açmışdı. Uşaqlıqdan mehrini foto sənətinə bağlayan Əjdərin müxtəlif mətbu orqanlara ünvanladığı təsvirlərdə əsasən təbiət gözəlliklərinin əks olunması da bu vurğunluqdan qaynaqlanırdı. Lakin mövzu dairəsi get-gedə genişləndi. 1988-ci ildə isə xalqımız azadlıq mücadiləsinə qalxanda təqdim etdiyi nümunələrdə dövrün gerçəklikləri canlandı.

Səmimi insan, peşəkar fotoqraf imicini qazanan Əjdərin duyum dünyası yüksək zövqündən, hadisələrə həssaslıqla yanaşma manerasından xəbər verirdi. Əsas iş yeri “Azadlıq” qəzeti olsa da onun foto şəkilləri ölkəmizin bir çox mətbu nəşrlərinin səhifələrini bəzəyirdi. Yüksək zövqün, məsuliyyət hissinin nəticəsi idi ki, müxtəlif jurnallar onu həvəslə əməkdaşlığa dəvət edirdilər.

Əjdərin peşəkarlığı iştirakçısı olduğu bütün müsabiqələrdə bir qayda olaraq dəyərləndirilirdi. Onun layiq görüldüyü diplomlar və digər mükafatların zəngin çeşidi yaradıcılıq axtarışlarının uğurlu bəhrələri kimi xatirələrdə qalıb.

O, qısa, lakin mənalı ömür yolu yaşadı. Allah rəhmət eləsin, qəbri nurla dolsun!

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO