Mətbuat Şurası Azərbaycan milli mətbuatının 135 illik yubileyi çərçivəsində Şəkidə konfrans keçirib

Mətbuat Şurası Azərbaycan milli mətbuatının 135 illik yubileyi çərçivəsində sayca dördüncü tədbirini keçirilib. Şuranın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Şəkidə “Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən konfransda Prezident Administrasiyasının rəsmiləri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri, ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, Şəki və ətraf bölgələrdə fəaliyyət göstərən mətbu nəşrlərin redaktorları, ictimaiyyət nümayəndələri və yerli hakimiyyət orqanlarının təmsilçiləri iştirak ediblər.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev çıxışında dövlət başçısının Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi barədə 10 iyun 2010-cu il tarixli sərəncamından irəli gələn məsələlər barədə məlumat verib. O, yubiley konfranslarının iyulun 22-dək keçiriləcəyini, daha bir neçə bölgəni əhatə edəcəyini bildirərək tədbirlərdəki ictimai aktivlik dərəcəsini medianın cəmiyyətdəki yeri və roluna bəslənilən əhəmiyyətli münasibətin nümunəsi kimi dəyərləndirib.

Konfransda məruzə ilə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov ölkə mediasının inkişaf xüsusiyyətlərindən danışıb. Ə. Amaşov 1920-ci ilin 28 aprel işğalından sonra Azərbaycanda sərt qadağalar, açıq fikrə, obyektiv mövqeyə görə təzyiq və təqiblər mərhələsinin başlandığını və bu dönəmin totalitar sovet rejiminin mahiyyətindən irəli gələn yaşantılarla xarakterizə olunduğunu vurğulayıb.

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbəri olduğu qurumun fəaliyyət istiqamətlərindən danışıb. O, Fondun milli mətbuatın 135 illik yubileyi münasibətilə jurnalistlər arasında yazı müsabiqəsi təşkil etdiyini və nəticələrinin tezliklə açıqlanacağını vurğulayıb: “Bütün bunlar jurnalist əməyinin stimullaşdırılmasına, kütləvi informasiya vasitələri nümayəndələrinin peşəkarlıq səviyyələrinin artırılmasına böyük dəstəkdir”.

MŞ İdarə Heyətinin üzvləri, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas və digərləri mövzu ilə bağlı çıxış ediblər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO