MŞ-nin Şikayətlər üzrə Komissiyası növbəti iclasını keçirib

Fevralın 15-də Azərbaycan Mətbuat Şurası Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası növbəti iclasını keçirib. MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiyanın üzvləri üç məsələyə baxılması razılığına gəliblər. 

 

Öncə Bakı şəhər sakini Babək Murad Kəngərlinin “Yeni Müsavat” qəzeti ilə bağlı müraciətinə baxılıb. Komissiya rəyə gəlib ki, şikayət doğuran məqalədə kifayət qədər ciddi məqamlar yer alsa da mətbu nəşr qarşı tərəfin mövqeyini öyrənməyib. Bununla da “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın “Həqiqətə xidmət, dəqiqlik və obyektivlik” adlı 1-ci prinsipinin 1.2 bəndinin “jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir. Bu, mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, öz fikirlərini çatdırmağa çox qısa vaxtda ona şərait yaradılmalıdır. Plüralizm prinsipinə əməl edilməlidir” bəndinin tələblərini pozub. 

 

Komissiyanın rəyində yol verilmiş yanlışlığın aradan qaldırılması üçün qəzetə qarşı tərəfin mövqeyinin dərci tövsiyə olunub. 

 

Mingəçevir şəhər İ.Zeynalov adına 2 saylı orta məktəbin Azərbaycan İnformasiya Mərkəzinin “qaynarxett.com” saytı ilə bağlı müraciətinin müzakirəsi zamanı vurğulanıb ki, məsələnin kökündə mətbu prinsiplərə zidd cəhətlər üstünlük təşkil edir. Bu baxımdan Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı Mübarizə Komissiyasının müvafiq araşdırmaları MŞ-nin dolğun qərarına yardımçı ola bilər. 

 

İnsan Hüquqları Klubunun “Yeni Azərbaycan” qəzeti ilə bağlı müraciətinin araşdırılması nəzərdə tutulsa da komissiya məsələnin gündəlikdən çıxarılmasını məntiqi sayıb. Belə ki, cavabdeh tərəfin nümayəndəsi – qəzetin baş redaktor müavini Aqşin Hümmətov məsələnin müzakirəsinə qatılsa da, iddiaçı, yaxud onun təmsilçisi dəvətə baxmayaraq iclasda iştirak etməyib. Komissiya bunu əsas götürərək məsələni gündəlikdən çıxarıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO