Mourinyo təhqir etdiyi jurnalistdən üzr istəyəcək

İtaliyanın “İnter” futbol komandasının baş məşqçisi Joze Mourinyo dekabrın 13-də keçirilən “Atalanta” ilə görüşdən sonra təhqir etdiyi jurnalist Andrea Ramatsonidən şəxsən üzr istəyəcəyini açıqlayıb.

Lent.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis bunun üçün iki şərt irəli sürüb.

Əvvəla, Mourinyo idman yazarına üzrxahlığını ictimaiyyət qarşısında yox, şəxsi görüşdə çatdıracağını bildirib. Həmçinin, baş məşqçi yalnız Ramatsoninin onunla görüşmək istədiyi halda, üzr istəmək niyyətindədir.

Mourinyo jurnalisti “İnter”ə məxsus avtobusun yaxınlığında təhqir edib. O, senzuradankənar ifadələr işlədib. Lakin baş məşqçi Ramatsonini vurmadığını deyib.

“Atalanta” – “İnter” matçı 1:1 hesabı ilə başa çatıb. Joze Mourinyo cəzalı olduğu üçün bu görüşü tribunadan izləyib. O, daha öncə “Yuventus”a 1:2 hesabı ilə uduzduqları qarşılaşmada idmandankənar hərəkətinə görə, məşqçilər skamyasından qovulub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO