Məmməd İsmayılın 70 illiyi qeyd olunub

Noyabrın 1-də poeziyasevərlər, tanınmış ədəbiyyat adamları Aktyorlar Evinə – özünü hələ də “şair hesab etməyən”, amma oxucularının nəzərində görkəmli şair kimi daim əziz və dəyərli tutulan Məmməd İsmayılın 70 illik yubileyinə toplaşmışdılar. Təxminən 5 saat davam edən gecə orada olanların yaddaşından, yəqin ki, uzun illər silinməyəcək. Ən azından ona görə ki, bu tədbir əsl poeziya məclisi, ədəbiyyat bayramı idi və mərasimdə Məmməd İsmayılla yanaşı, müasir Azərbaycan ədəbiyyatının Ramiz Rövşən, Musa Yaqub, Sabir Rüstəmxanlı kimi görkəmli simaları iştirak edirdilər.
“Harda saz var, orada Türk, Harda Türk var, orada saz var”, – deyən Məmməd İsmayılın yubiley gecəsi də məhz aşıq musiqisinin sədaları altında başladı. Publisist Məti Osmanoğlunun səbəbkarın “Bir adam yol gedir bizdən qabaqda” şeirini aşıq Zülfiyyənin müşayiətilə ifa etməsi gözəl başlanğıc idi. İlk olaraq, çıxış və təbrik üçün söz Tovuz Xeyriyyə Cəmiyyəti Ağsaqqallar Şurasının sədri M.Müseyibova verildi. Sonra isə şairin qələm dostları – Ramiz Rövşən, Musa Yaqub, Əjdər Ol, Sabir Rüstəmxanlı, bəstəkar Oqtay Rəcəbov, professor Nəsir Əhmədli, tənqidçi Bəsti Əlibəyli, ədəbiyyatşünas Şirindil Alışanov və digər iştirakçılar, eyni zamanda Rusiyadan və Dağıstandan gəlmiş qonaqlar şairi təbrik etdilər. ”Mən Füzuli yaşını keçdim”, – deyən Ramiz Rövşəm qələm dostuna “Vaqif yaşını keçib, Ələsgər yaşına çatmağı” arzuladı. Çıxışlar arasında xalq artisti Flora Kərimova və Mətanət İsgəndərlinin ifasında şairin sözlərinə bəstələnmiş mahnıların təqdim olundu. Tədbirin ən maraqlı cəhətlərindən biri isə gecə boyu aşıq musiqisi ilə muğam musiqisinin bir-birini əvəzləməsi idi.
Məmməd İsmayıl xarici mətbuatda onunla bağlı məqalələrin, müsahibələrinin mütəmadi dərc olunduğunu, Azərbaycanda isə bu sahədə çox az iş görüldüyünü qeyd etdi. Şair həyat və yaradıcılığı ilə bağlı materiallara geniş yer verdiyinə görə “525-ci qəzet”ə xüsusi minnətdarlığını bildirdi.
Mərasim boyu öz şeirləri ilə poeziya vurğunlarının və onun yaradıcılığını sevənlərin könlünü bir daha oxşayan, “Hələ yaşamağa dəyər bir az da”, – deyən şair 80 yaşına qədər yaşayacağını tədbirə toplaşanlara söz verdi.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO