Məmməd Nazimoğlu yaradıcılığını tədris etməyin vaxtıdır



Mənim düşüncələrimdə sadəliyin, istedadın və insanlığın vəhdətini qüsursuz şəxsiyyətində cəmləşdirən BÖYÜK İNSAN, sədaqətli dost kimi abidələşən Məmməd Nazimoğlu haqqında yazmaq həm çətin, həm də məsuliyyət tələb edən işdir. Tarix belələrini bir də yetişdirməyəcək deyə bilmərəm. Tarix belə istedadlı insanları mütləq yetişdirəcək. Ancaq mütəmadi yox. Xəsisliklə. Dünyanın nizamının pozulmağa istiqamətlənmiş məqamlarında. Görünür qoca tarix belə “rezervlərini” əhəmiyyətsiz yerə xərcləməmək üçün onları xəsisliklə yaradıb cəmiyyətin ixtiyarına verir. Həm də o məqamlarda ki, dünyanın nizamı pozula bilər, insanlıq, humanism kimi məfhumlar yaddaşlardan silinə bilər, insanlar aqressivləşə bilər, heç kim heç kimin halına yanmaz, kömək etməz. Ona görə də Allah belə seçilmişlərini insanların arasına göndərir. Ancaq onların sayını çox etmir ki, onlar çoxluqdan adiləşib cəmiyyətin içərisində əriyib yox olmasınlar, həm də fərqlilikləri diqqətləri cəlb eləsin.
Bu gün yaşamasının deyil, anadan olmasının 50 ili tamam olan Məmməd Nazimoğlunun daha çox sadə cümlələr üzərində qurulan yaradıcılığına yüngülvari bir nəzər salmaq yetər ki, onun Azərbaycan jurnalistikası tarixində təkrarsız ustadlardan biri kimi qalacağı qənaətini bölüşəsən.
Bəzən biz zamanımızda yaşayan belə peşəkar, sənətinə xüsusi hörmət və zövqlə yanaşan və təbii ki, sənəti vasitəsilə ictimai fikrin formalaşmasında əvəzsiz rol oynayan insanların qiymətləndirilməsinə tələsmirik. Deyirlər ki, bu mentalitetimizdən irəli gəlir. Yəqin elə ona görə də dərin məzmunlu, yumoristik formalı qələm sahibi kimi jurnalistikamızın tarixinə imza atmış Məmməd Nazimoğlunun adını milli mətbuatımızın baniləri Həsən bəy Zərdabi, Ömər Faiq Nemanzadə, Cəlil Məmmədquluzadə, Qulam Məmmədli və başqaları ilə bir sırada çəkməyə tələsmirik. Elə rəhmətlik Məmməd Nazimoğlu da bu mentalitetin daşıyıcılarından idi. Sağlığında özü haqqında bu fikirləri qətiyyən yaxına buraxmazdı. Bunun zamana ehtiyacı var deməklə söhbəti qapadardı.
Mən Məmməd müəllimin neçə-neçə jurnalistə iş yerləri tapdığını, bunun üçün tanış media rəhbərlərinə xahiş-minnət etdiyinin dəfələrlə şahidi olmuşam. Təbii ki, təmənnasız-filansız. Hətta bəzən onun üzündən keçə bilməyənlərin “axı filankəs yazı yaza bilmir” kimi eyhamlarına cavab olaraq “bəs qəzet nədən ötrüdür, göndərin, yazdırın, öyrədin” kimi ifadələrlə onları da yola verirdi Məmməd müəllim.
Onun bir amalı, bir məqsədi var idi. Bacardıqca insanlara yaxşılıq eləmək. Buna o qədər aludə olmuşdu ki, hətta sonradan kimin bu yaxşılıqları başa düşdüyü, kimin nankor çıxdığının da fərqinə varmırdı. Elə ictimai fikirdə yaratdığı oyanışlara görə də böyük mənada heç kimdən təltiflər, təriflər gözləmirdi. Ona eləcə onu sevən bizlərin məhəbbəti kifayət edirdi.
Sonuncu görüşümüz xəstəlik halında, Türkiyəyə müalicəyə yollanmazdan bir həftə öncə oldu. “Xalq qəzeti”ndə çalışan həmkarımız Mehdi Mükərrəmoğlu ilə mənim iş yerimə gəlmişdi. Bu dəfə də özünü ağrısız göstərməyə çalışdı. Mənim çox pərişan olduğumu görüncə yüngülcə gülümsədi. Dedi ki, sağalacağına inanır. Məni də inandırdı. Analizlərin cavablarının heç də pis olmamasına görə. Görünür, həkimlər əsl həqiqəti ustalıqla ondan gizlədə bilmişdilər. Əgər belə olmasaydı, o, İstanbuldan əməliyyatsız qayıtmazdı…
Sonra… Sonra dostlarımız, həmkarlarımız onun haqqında silsilə yazılar yazdılar. Sağ;lığında qazandıqlarını ruhuna hədiyyə kimi qələmə almaqla həm də onu ölkə ictimaiyyətinə olduğu kimi tanıtdılar. Zöhrab Əmirxanlının “Aysberq” yazısını xüsusilə xatırlayıram. Qalanı yəqin ki, tədqiqatçıların işi olacaq. Amma mən düşünürəm ki, Məmməd Nazimoğlunun yaradıcılığındakı bir çox məqamları jurnalistika fakültələrində tədris etməyin vaxtıdır. Məmməd Nazimoğlunun yarım əsri adlayan 51 yaşına bundan gözəl hədiyyə ola bilməz.
Bizdənsə ona Allahdan rəhmət diləmək qalır. Rahat yat, ustad!

SAMF “Söz Azadlığının Müdafiə Fondu”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO