Əməkdar jurnalistin 70 illik yubileyi qeyd edildi

Bu gün əməkdar jurnalist, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi Nəsir Əhmədlinin 70 illiyi qeyd olunub. Modern.az xəbər verir ki, fakültədə keçirilən yubiley tədbirində ağsaqqal müəllim Şirməmməd Hüseynov başda olmaqla, digər pedaqoqlar da iştirak ediblər. Yığıncaqda Nəsir müəllimin yaradıcılıq və jurnalist fəaliyyətindən söz açılıb.
Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 1959-cu ildə həmin kənddə orta məktəbi bitirib. 1962-1965-ci illərdə hərbi xidmətdə olub.1971-ci ildə BDU-nun Jurnalistika fakültəsini bitirib. 1981-ci ildə “Sovet gerçəkliyi və xarici publisistikada onun inikası (Sovet Azərbaycanı haqqında 1966-1975-ci illərdə dərc olunmuş materiallar əsasında)” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2007-ci ildə “Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Müxtəlif illərdə V.Sturua adına Bakı Gəmi Təmiri Zavodunda, Azərbaycan Dövlət Televiziyasında çalışıb. 2004-cü ildən Beynəlxalq jurnalistika kafedrasında çalışır. Jurnalistin nitq mədəniyyəti”, Azərbaycan Beynəlxalq Radiosu: tarix və ənənə”, „Xüsusi kurs”, „KİV xaricə siyasi informasiya yayımı sistemində” fənlərini tədris edir. 100-ə yaxın məqalənin, 3 monoqrafiyanın, 5 dərs vəsaitinin, 10 kitabın müəllifidir,1 elmlər namizədinə rəhbərlik edib, 1 elmlər doktorunun, 1 elmlər namizədinin rəsmi opponenti olub. Beynəlxalq radio yayımının jurnalistikanın bütün sahələrinə tətbiq edilə biləcək model-sxemini hazırlamış, bu sahədə fəaliyyət göstərən 6 qanun aşkarlayıb. “Jurnalistin nitq mədəniyyəti” kitabına görə, “Media açarı-2006” mükafatına layiq görülüb.
Nəsir Əhmədli bir vaxtlar “Müxalifət” qəzetinin baş redaktoru da olub, sonra könüllü olaraq həmin vəzifədən istefa verib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO