Milli kitab mükafatının münsifləri təssüratlarını bölüşür

“Media forum” saytı Milli Kitab Mükafatı müsabiqəsinin 10-luğuna düşmüş əsərləri dəyərləndirən münsiflərdən ikisinin – şair Vaqif Səmədoğlu və jurnalist Elçin Şıxlının təəssüratları ilə maraqlanıb. Müsabiqənin üç qalibi münsiflərin qərarı ilə müəyyənləşəcək. Birinci yerin qalibi 3000 manat, ikinci yerin qalibi 2000 manat, üçüncü yerin qalibi 1000 manat qazanacaq. Bundan əlavə, bir gənc yazıçıya Gənclər və İdman Nazirliyindən 1000 manat məbləğində mükafat veriləcək.

Vaqif Səmədoğlu:

– Şükürlər olsun, ədəbiyyat var Azərbaycanda. Azərbaycan ədəbiyyatı və onun gələcəyi haqda bədbin fikirləşmək lazım deyil. Hələ ki, əli qələm tutur millətin. Mənim fikrimə qaldıqda, may ayında biləcəksiniz. Onluğa düşən əsərlər həcmcə böyük olmadığından hamısını oxumağa vaxtım oldu. Mənim üçün yeni ştrixlər o qədər də vacib deyil. Bəşəriyyətin, insanın min illərlə dəyişməyən problemləri var və bu problemlər də heç vaxt dəyişməyəcək. Əsas odur ki, bu problemlərə kim necə cavab tapıb. Müasir həyatda informasiya çoxalır, texniki imkanlar artır, ancaq insan problemləri, milli problemlər necə var, elə də qalır.

Elçın Şıxlı:

– Oxuduğum əsərlərin 25-30 faizini bəyəndim. Müəlliflərdə müəyyən dərəcədə kompozisiya qurmaq qabiliyyəti duyulur, bəzisinin dili yaxşıdır. Ancaq böyük əksəriyyəti xəstə təxəyyülün məhsuludur. Belə demək mümkünsə, həyata keçməmiş arzulardan yaranan küskünlüyün ifadəsidir. Bizim müəlliflərin bir çoxu rayondan gəlib. Gəlib şəhərə düşəndə də gözlədiklərini ala bilməyiblər. Yaxud özlərini burada tam şəkildə şəhər mədəniyyətinin daşıyıcısı kimi görmürlər, hiss etmirlər. Ən böyük faciə də bundadır. Kobud dildə desək, Əli aşından da olublar, Vəli aşından da. Ürəkləri torpaqda, təbiətdədir, gəldikləri yerin vərdişlərini şəhər mühitində reallaşdıra, bu mühitə uyğunlaşdıra bilmirlər.

Ümumiyyətlə şəhər mədəniyyətində çox qəribə proseslər gedir. Şəhər mədəniyyətinin daşıyıcıları, demək olar ki, qalmayıb. Yeni mədəniyyət də tam formalaşmayıb. Müsabiqəyə verilən əsərlərin əksəriyyəti bu iki mədəniyyət arasında vurnuxan insanın duyğularından ibarətdir. Nikbinlik yox dərəcəsindədir. Təbii ki, bu fikirləri hamısına aid etmək olmaz. Müəyyən əsərlər var, çox bəyəndim. Bəzilərində fəlsəfi baxımdan nikbin və güclü məntiqi nəticəyə gətirib çıxaran nəticələr var.

İstənilən yazıçının, sənətkarın həm gözəl, həm də nisbətən zəif əsəri ola bilər. Ola bilsin ki, mən özünü yazıçı kimi təsdiqləmiş adamların bir o qədər də yaxşı alınmamış əsərləri ilə rastlaşmışam. Hər halda mənim üçün Milli Kitab Müsabiqəsinin 10-luğuna düşən əsərlərin əksəri ədəbiyyat deyil. Bəzi xırdalıqlara getdikdə məlum olur ki, əsərlərdə hadisə qırıqlığı da var. Məsələn, əsər başlayır ki, “adam yolu keçmək istəyir”, sonda gözləyirsən ki, bu adam yolu keçdi, ya yox? Ancaq aydınlaşır ki, qəhrəmanın yolu keçməli olduğu müəllifin yadından çıxıb. Belə halda oxucu qəhrəmandan gözlədiyini ala bilməz.

Mən, təbii ki, öz zövqümə uyğun fikir yürüdürəm. Çox kəskin də deyə bilərdim. Ancaq ola bilsin, mən oxuduğum bir zəif əsər ümumən onun müəllifinin yaradıcılığı üçün o qədər də səciyyəvi deyil. Eləsi var ki, roman əvəzinə ondan on gözəl hekayə yaratmaq olardı – dinamik, oxucunu cəlb edən. Bunlar mənim subyektiv fikrimdir.

Bəyəndiyim əsərlər nisbətən cavan müəlliflərin yazdıqlarıdır. Mən həmin nisbətən cavan yazarların əsərlərini böyük həvəslə həzm etdim, digərlərində isə çox əziyyət çəkdim. Bu da emosional bir münasibətimdir.

Ümumən götürdükdə ədəbiyyatımızın perspektivinə nikbin baxıram. Sadəcə olaraq son zamanlar hər şeyi inkardan başlamışıq. Jurnalistikada da belədir, ədəbiyyatda da. Bizim indiki yazarların bəyənmədiyi ədiblər vaxtilə böyük ədəbi mübahisələr açırdılar. Əsərlərini işıq üzü görməmişdən bir-birilərinə oxuyub təhlil edirdilər. Özü də belə mübahisələr çox gərgin, kəskin keçirdi. Ancaq heç vaxt biri o birini inkar etmirdi, tənqidlər nəzərə alınırdı. İndi belə şey görmək çətindir. Əsər yazıb ortaya qoymaq əvəzinə şəxsi müstəvidə münaqişələr yaradır, bir-birilərini inkar etməklə məşğul olurlar.

Əslində mən müsabiqə iştirakçılarının hər birindən nəsə götürdüm. 70 faizindən onu götürdüm ki, onların əsərlərini görəndə daha oxumamaq lazımdır. Nisgil ictimai və sosial prosesdən irəli gəlməlidir. Əgər yazıçı nisgili qaldırıb dağ başına qoyursa, mən belə ədəbiyyatı tanımıram və tanımaq da istəmirəm. İstənilən əsər oxucunu hər hansı bir məntiqi nəticəyə gətirib çıxarmalıdır.

Əsərlərə verdiyim ən yüksək bal 9, ən aşağı bal 3 oldu. Ən yüksək balı bir neçəsinə verdim. Ad çəkməyəcəm. Ola bilsin, digər münsiflər ayrı fikirdədir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO