Milli kitab mükafatı müsabiqəsi çərçivəsində kitabların çapı başlanır

Milli Kitab Mükafatı müsabiqəsi çərçivəsində bu həftə iki kitab çap olunacaq. Müsabiqənin 10-luğuna düşən əsərlərdən ikisi – Şərif Ağayarın “Kərpickəsən kişinin dastanı” povesti və Əlabbasın “Qiyamçı” romanı kitab şəklində işıq üzü görəcək.

Mükafatın təsisçisi Nigar Köçərli “Media forum” saytına bildirib ki, həftəyə iki-üç kitab olmaqla mayın 23-dək müsabiqənin 10-luğuna düşmüş əsərlər ayrı-ayrılıqda kitab kimi çapdan çıxacaq.

Nigar Köçərlinin sözlərinə görə, artıq müəlliflərlə müqavilələr bağlanıb. Hər kitab 500 nüsxədə çıxacaq və kitabxanalara, kitab mağazalarına paylanacaq.

Kitabların təqdimatına gəlincə, müsabiqənin təsisçisi qeyd edib ki, bu tədbir müsabiqə qaliblərinin elan olunması tədbirindən ayrı keçiriləcək. Milli Kitab Mükafatı qaliblərinin adları mayın 23-də açıqlanacaq.

Nigar Köçərli qeyd edib ki, əvvəl 10-luğa düşən müəlliflərin əsərlərini bir kitabda toplamaq nəzərdə tutulmuşdu: “Yəni almanax formasında. Amma sonradan qərara gəlindi ki, hər bir müəllifin ayrıca kitabı hazırlansın. Çünki orada elə əsərlər var ki, həcmcə çox böyükdür. Mənim üçün bu müsabiqə ilə bağlı iki nüans çox maraqlıdır. Birincisi, münsiflərin elan edəcəyi qalib kim olacaq, ikincisi, oxucular daha çox hansı müəllifin kitabını alacaq. Yəni münsiflərlə oxucuların rəyləri eyni olacaqmı?”

Müsabiqə ilə bağlı piar işlərinin aparıldığını deyən təsisçi “Facebook” internet şəbəkəsində Azərbaycan üzrə ən böyük korporativ profilin “Əli və Nino” olduğunu söyləyib: “Hazırda bu profilin 5 mindən çox pərəstişkarı var. Bu şəbəkə vasitəsilə 10-luğa düşən müəlliflərin əsərləri müzakirə edilir”.

Kitablar “Əli və Nino” nəşriyyatında çap olunacaq. Artıq tərtibat işləri yekunlaşıb.

10-luğa düşən digər müəlliflər bunlardır:

Nəriman Əbdülrəhmanlı: “Yalqız” (roman)
Samit Əliyev: “Sem şaqov v napravlenii zakata” (povest)
Eyvaz Əlləzoğlu: “Odunçu geri qayıdır” (roman)
Elxan Qaraqan: “A” (roman)
Kamran Nəzirli: Hekayələr toplusu
Əjdər Ol: Portret hekayələr
Rafiq Tağı: Hekayələr toplusu
Fəxri Uğurlu: Hekayələr toplusu.

Nigar Köçərli onu da bildirib ki, artıq münsiflər 10-luğa düşən müəlliflərin əsərləri barədə rəylərini yekunlaşdırıblar: “Bundan sonrakı mərhələ balların hesablanması olacaq. Amma qaliblərin adı təqdimat mərasimində açıqlanacaq”.

Münsiflər heyəti 10 ən yaxşı əsərdən 3-nü müəyyənləşdirməlidir. Birinci yerin qalibi 3000 manat, ikinci yerin qalibi 2000 manat, üçüncü yerin qalibi 1000 manat qazanacaq. Bundan əlavə, bir gənc yazıçıya Gənclər və İdman Nazirliyindən 1000 manat məbləğində mükafat veriləcək.

Müsabiqəyə təqdim olunan 265 əsərdən 205-i Azərbaycan, 60-i rus dilində olub. Müsabiqənin ekspertlər şurası bütün əsərləri incəliyərək 20 əsərdən ibarət uzun siyahı, sonra isə ilk 10-luğu hazırlayıb.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO